Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Ona şahiddir hər gözə görünən,

Varlıqlar hissədir onun mülkündən.

Hər varlıq isbata möhkəm bir dəlil,

Dünyada bir şeyə o möhtac deyil.

Bir şeyi yaratmaq istərsən, əlbət,

Sənə də, mənə də gərəkdir alət.

O hər şey yaradır, lakin alətsiz,

Idraka bu ağlın gücü yox hərgiz.

Hər ağıl tanrıdan öyrənir bilik,

Ürəklər tilsimdir, edər bəndəlik.

Hökmü, hikmətiylə doludur cahan,

Hökmdə aşkardır, hikmətdə nihan.

Bu sadə səhradan uçuşan ruhlar

Ondan gəlmiş, yenə ona qayıdar.

Hər qəlbə, hər gözə ondandır işıq,

Mənə də, sənə də o verdi şahlıq.

Hər varlıq, hər yoxluq onun hökmündə,

O ulu tanrıdır, bir kiçik bəndə.

Bəxşişi bol olan bu pərvərdigar

Əcəbmi məni də etsə tacidar?

Söylə, ey şəhriyar, ey bəxti uca,

Anandan çatdınmı bu taxta, taca?

Sənə də şahlığı vermiş yaradan,

Hər verən şeylərə baxma ucadan,

Nemətə xor baxmaq olmaz, tacidar!

Xor baxan bəndəni sevməz bir dindar.

Dünyada sərxoş da, huşyar da olsan,

Əmrindən boynunu qaçırma bir an.

Pənahım olursa o pərvərdigar,

Əcəbmi məni də etsə tacidar?

Böyüklük etməyi bacarram mən də,

Qılınc oynadaram aslan önündə.

Qılıncla təxtü tac ala bilərəm,

Ayı da kəməndə sala bilərəm.

Cəmşid tarixini oxu bir daha,

O ayı gör necə uddu əjdaha[137].

Haman əjdahaya sonra Firidun

Əjdaha gücüylə açdı nə oyun?![138]

And olsun yer-göyü quran tanrıya

Ki, ondan bu yer-göy almışdır maya.

Tanrıdan bir kimsə tutmasa xəbər,

Demək, yox başında şüurdan əsər.

And olsun keçmişin rəhbərlərinə,

Bizim dinimizin peyğəmbərinə,

And olsun Ibrahim qoyan sühüfə,

O dinçin tanrıya şükür min dəfə.

O Iran xalqına əl taparsam mən,

Silərəm Zərdüştün dinini yerdən.

Nə atəş qoyaram, nə atəşgədə,

Odlar da şölədən yanar bu dərdə.

Bu közəl mərasim, bu ayin, bu yol

Ulu babalardan qalmış, əmin ol!

Bu müşkün qoxusu duyulmamaqçin

Onu çör-çöp ilə gizlətmək neçin?

Xurma ağacına kəməndi atan,

Əlbəttə, yeyəcək xurmanı asan.

O külün bostanda başı yüksəlir

Ki, gözəl rəngi var, həm saçır ətir.

Bilsə ki, mərdliyi, qol qüvvəti var,

O zaman başını maral dik tutar.

Aslanlar içində odur ən vəhşi:

Pəncəsi itidir, kəskindir dişi.

Bir maral budu var. iki ac aslan.

Kababı kim yeyər? Ən güclü olan!

Iki fil xortumu çarpışır, demək,

Bunlardan ən güclü üstün gələcək.

Mən meydan əriyəm, sən də bir kişi,

Meydanda seçilir hər mərdin işi.

Bu yoldan o zaman çəkərəm yüyən,

Ya külah qaparam, ya ölərəm mən.

Sandın səndən başqa yoxdur bir nəfər,

Ancaq bir sənsənmiş dünyada sərvər?!

Hər yarpaq altında təlaş edən var,

Hər mənzil başına bir yol gedən var.

Bu müdhiş ilanla şətrənc oynama.

Qarşı çıx, hiyləylə bunca qaynama!

Öz mülkümdən mənə iqta göstərmə.

Süheylə baratı Yəməndən vermə![139]

Qoyuna verilməz dələmə suyu,

Onda öz qanı var, görəcək bunu.

Qürurla bu qədər olma gərdənkəş,

Torpaqdan yarandın, deyilsən atəş.

Gəl burax bu kini, islaha yanaş,

Qalaydan pozulur almaz kimi daş.

Bir qab şərabın var, saxla can-başla.

Sındırarsan onu, çarpışma daşla.

Unutma, neft ilə doludur cahan,

Söyüdü qoru bu odlu tufandan.

Xoş keçdi, ələ al nuş ilə eyşi,

Xəracla cahanda şəxsin nə işi!

Biri yoxsuldan bağ əsirgəməmiş,

O biri verməmiş bağından yemiş.

Get, elə bir ov tap zəifdir məndən,

Yağ çıxmaz sənə bu aslan böyründən.

Heç mümkün deyilsə meyvəni dərmək,

Budaqdan asılmaq nəyinə gərək.

O zaman arzuna yetişərsən sən,

Körpü sala bilsən böyük dənizdən.

Bir düşün, bu qədər qürur nə gərək!

Bəsləyirsən əbəs baş tutmaz dilək.

Bax, gənclik nə yola çəkdi Bəhməni,

Qorx bu əjdahadan ki, dişlər səni!

Yolunu div vurar Isfəndiyartək,

Rüstəmlə döyüşə çıxasan gərək!

Divlərlə oturub dursa Süleyman,

Qalmaz barmağında üzüyü, inan![140]

Çalış bu dünyada səhv eyləmə sən,

Çox bizim kimilər yanmış səhvindən.

Özünə verdiyin hesab düz deyil,

Bu yanlış oyunu uduzdun, çəkil!

Nədir bu xam xəyal, bu xam tərpəniş?

Simurğu toruna kim sala bilmiş?

Zəncidən deyilsən daha adamcıl.

Bərbərdən igidmi çıxdın sən, ayıl!

Kin ilə döyüşə başlayınca mən

Nə qədər qan tökdüm zənci, bərbərdən.

Qayıt bu kinindən artıq, yetişər.

Insanı incitməz azad kişilər.

Öncə sən bağladın kin mənə qarşı,

Ilk səndən göründü ilanın başı.



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [42] [43] [44] [45] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info