Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Himmətlə tutdular əldə bayrağı,

Qənimət almasın amansız yağı.

Zənci öz tacına düzüncə gövhər

Çin şahı taxtından düşdü dərbədər[149].

Gecənin köksündən ay doğdu parlaq

Şəfəqli güzgütək işıq saçaraq.

Bir çöldə yığıldı hər iki ordu,

Hər iki cəbhəni düşmənlik yordu.

Döyüşdən əl çəkib döndülər geri,

Yudular yaranı; tozu, qan-təri.

Hamını almışdı kədər, düşüncə

Nə zühur edəcək şəfəq sönüncə?

Saf, təmiz portağal o səhər erkən

Bir dəstə gül kimi güldü üfüqdən

Üz-üzə dayandı hər iki ordu.

Pəhləvanlar qalxıb şikargah qurdu

Qılınc, ox, kamanla uzun bir zaman

Qol gücü göstərdi uca asiman.

Yorulan ordunun saraldı rəngi.

Əl cilov itirdi, ayaq üzəngi,

Daranın iki baş sərdarı vardı.

Üzdə dost, ürəkdən çox kin tutardı.

Daranın kinindən yorulmuşdular.

Ortada bir ürək incikliyi var.

Şahı öldürməkçin oldular əlbir,

Kin ilə oturub tökdülər tədbir.

Bəzəmək istərkən qanlı bir bazar.

Gedib İskəndərə sığındı onlar:

"Daranın bizə çox etimadı var.

Tək bizə inanır qoca tacidar.

Zülmündən yanaraq etmişik tədbir,

Öldürmək fikrində olmuşuq əlbir.

Biz sabah bir həmlə edərik, bəlkə

Zülmdən qurtulsun bu məzlum ölkə.

Yerində möhkəm dur, dayan bu gecə,

Düşmənin bu səhər dönəcək heçə.

Bu səhər bayraqla çıxarkən hərbə

Qılıncdan yeyəcək böyrü bir zərbə.

Ancaq sən doğru qal bu şərtimizə,

Xəzinə ağzını geniş aç bizə!

Hər birimizi sən varlandırasan,

Qulluğumuz üçün qızıl saçasan".

Bu iki xainə rumlu hökmüran

Söz verdi, onlarla bağladı peyman.

Lakin inanmadı buna İskəndər:

Daranı öldürə bilsin xainlər.

Ancaq düşmənindən qurtulmaq üçün

Hər kəs üçün çarə aramaq mümkün.

Bu zülmü ədalət gördü hökmüran,

Gəldi xatirinə köhnə bir dastan:

"Dovşanını hər bir yerin, - məsəl var,-

Yenə də o yerin tazısı tutar".

Şahını öldürmək istəyən kəslər

Ağıllı kimsədən alınca xəbər,

İskəndərdən güclü pul almaq üçün.

Həm də ki, Daradan qurtulmaq üçün,

Şahın nemətini unutdu onlar,

Onu öldürməyə verdilər qərar.

Günəş yaqutunu oğru çalınca

Bu dünya düşmüşdü yaqut dalınca.

Məhtabı tutaraq dedilər: "Oğru,

Günəşdən gövhəri oğurlamış bu"[150].

Iki dağ kimi səf çəkmişdi ordu,

Çarpışma hər iki cəbhəni yordu.

Döndülər o künü vurunca başa,

Hazırlıq görüldü gələn savaşa.

 

 

 

DARANIN SƏRKƏRDƏLƏRİ TƏRƏFİNDƏN

ÖLDÜRÜLMƏSI

 

Ey saqi, dur, məndən bu mənliyi at!

Gəl, üzüm suyundan cahanı parlat!

Bir şərab ver, məni mənzilə salsın,

Çox könül alan var, o, kədər alsın.

Qalana cənnətdir dünyanın halı,

Tələsən adamın oddadır nalı.

Bu bəzəkli bağda iki qanı var,

Yoxdur heç birində qıfıl, bənd, açar.

Birindən gir, bağı görüncə dolaş.

O biri qapıdan çıxıb uzaqlaş.

Ağlın var, gül ilə olma həmnişin.

Çünki qalmağından deyilsən əmin.

Bu anı xoş keçir, hər şeydən vaz keç.

Gələcək və keçmiş çünki heçdir, heç.

Dünyaya gəlmədik zövqə, işrətə,

Işimiz qatlanmaq ağır zəhmətə.

Eşşəyi toylara kimdir çağıran,

Çağrılır su, odun bitdiyi zaman.

Bu gözəl dastanı yazan ravilər

Doğrular dilindən belə nəql edər:

Elə ki, gündüzün atəşi söndü,

Fələklər tüstüdən dona büründü.

Ay doğub yaraşıq verdi gecəyə,

Gözəldir aydınlıq düşsə kölgəyə.

Hər iki ordunun sabaha qədər

Kəşfiyyat qolları keşik çəkdilər.

Onların səsindən bir dəyirmantək

Bilməzdi burclar nədir dincəlmək.

"Cəbhədə dincəlim" deyə yatanlar

Fillər nərəsindən diksinib qalxar.

Vücudu zəhmətdən yorulmuş insan

Gözünü açardı yatdığı zaman.

Yalvarır, yaxarır hər iki əsgər:

Bitməsin bu gecə, olmasın səhər,

Bir qədər geciksin, uzansın zaman.

Bəlkə gec açılsın döyüşə meydan.

Unudub kinini iki tacidar

Bəlkə sübh etməyə versinlər qərar.

Al günəş tacını qoyduğu zaman,

Elə ki, ayrıldı qaralıq ağdan,

İskəndər və Dara gəldi meydana.

Ürəklə düşsünlər dostluq ardına.

Şəfqətlə, hörmətlə edib barışıq,

Xeyirli işə qol qoysunlar artıq.

Bu işdə istədi tədbir və çara,

Kimsədən düz cavab almadı Dara.

Sülh üçün bir nəfər olmadı rəhbər,

Dedilər: bu işi qılınc həll edər.



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [42] [43] [44] [45] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info