Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Iranlı rumludan acizdir məgər?

Onlar bu savaşda qazanmaz zəfər.

Səhərki döyüşlə qızışar meydan,

Rumludan salamat qoymarıq bir can".

Daranı aldatdı belə sözlərlə,

Birisi hiyləylə, biri hünərlə.

Daranın düşməni iki sərkərdə

Buna səy edirdi hər an, hər yerdə.

İskəndər düşündü nə tədbir qursun

Ki, Dara önündə dağ kimi dursun.

O iki sərdarı tutdu nəzərdə,

Əz igidliyinə güvəndi bir də.

Rum əsgərlərinə dedi İskəndər:

"Bu qatı mərkəzdə olunca səhər

Ər kimi çalışmaq, çarpışmaq gərək,

Canı dişə yığıb igidlik etmək.

Bu dünya bizimdir çalsaq qələbə,

Daranın olacaq yeyərsək zərbə.

Deyirlər insana gizlidir məhşər,

O məhşər görünər bizə bu səhər".

Hər iki ordu bu düşüncələrlə

Gecəni keçirdi dərin kədərlə.

Dünyaya pəncərə açınca ziya

Bambaşqa bir oyun başladı dünya.

Bir ovuc qığılcım oldu bir atəş,

Bir komac kimiydi parlayan günəş.

Dağ kimi tərpəndi hər iki ordu,

Dünyanın ürəyi titrəyib durdu.

Firidun və Bəhmən nəvəsi əjdər

Yuxudan səhərlə qalxdı bərabər.

Ordunu sazladı, düzəltdi meydan,

Parladı ox, kaman, qılınc və qalxan.

Yüzlərcə polad dağ dikəltdi onda,

Xəzinə dayandı onun altında.

Sağ qolun işləri bitdikdən sonra

Sol qolu çevirdi polad hasara.

Cinahlar kök atdı yerə havadan,

Yer kimi çarmıxa çəkildi meydan.

Mərkəzdə durmuşdu cahan günəşi,

Başının üstündə Kəyan dirəfşi.

Dünyanı yandıran qılıncı məgər

Bu günçün saxlardı böyük İskəndər!

Yağdıran buludtək meydan dopdolu,

Yaydan ox yağırdı, qılıncdan dolu.

Ordunun qolları göyə dayandı,

Atların dırnağı qana boyandı.

Ən seçmə igidlər ordudan bir-bir

Sağ-sola keçməyə alırdı əmr.

Əmrlə inamsız kəslər hər yerdən

Tərpənib, sol qolda tutdular məskən.

Kimin ki, əmindi sədaqətində

Saxladı mərkəzdə - öz xidmətində.

Onları ordunun qəlbinə aldı,

Tökmə bir dağ kimi göyə ucaldı.

Qopunca nərələr iki ordudan,

Qiyamət qopmuş zənn etdi asiman.

Təbillər gurlayıb verdi səs-səsə,

Qanlı əjdahalar başladı rəqsə.

Kərənay səsindən tutuldu qulaq,

Qorxudan titrədi bütün əl-əyaq.

Filə minənlərin bağırtısından

Nildəki nəhənglər qopardı fəğan.

Şeypurun səsindən qopdu ürəklər,

Bağırlar yarıldı, düşdü göbəklər.

Içi boş təbillər coşduqca coşar.

Zülmətlər içindən atılır oxlar,

Düşmənin köksünə nizələr sancar,

Zirehdə, geyimdə pəncərə açar.

O qədər yaylım ox yağdı hər yandan

Bulud yağmurunu atdı başından.

Indi o yaylım ox düşsə zəminə

Bulud qan yağdırar yağış yerinə,

Naylardan qopan o müdhiş gurultu

Eşidən kimsəyə verirdi qorxu.

Qarışıq səslərlə hayqırdıqca can

Çaxmaq daşından da çıxarırdı qan.

Iki qan dənizi çalxandı birdən,

Atəş dalğaları yüksəldi yerdən.

Bürüdü hər yeri tufan atəşi,

Ucalan toz-torpaq tutdu günəşi.

Yayların bir daha qaşı çatıldı,

Oxlar ilan kimi coşub atıldı.

Civətək parlayan polad qılıncdan

Civətək qaçırdı hər yerdə insan.

Gövdələr əridən polad ox ilə

Dağların gövdəsi titrədi belə.

Nizələr ucundan dövr edən fələk

Seyrindən qalaraq oldu topaltək.

Toppuzlar o qədər çaxmışdı təpik

Yerin cəmdəyində qalmadı gəmik.

O qədər sancılmış boğazlara ox,

Artıq boğazlarda nəfəs yolu yox.

Ox oxun içinə girmiş tikantək,

Qalxandan bəzənib yer gülüstantək.

Qaçanlar üzünə qiyamət qopmuş,

Nə yol var qaçmağa, nə də qurtuluş.

Atlılar ataraq sonuncu oxu,

Atmışdır kamanı, oxu, oxluğu.

Bir sallaxxanadır qanlı bucaqlar,

Cəmdəklə yan-yana ucalmış dağlar.

Yalnız öz canının hayında hər kəs,

Ölən yoldaşını yada gətirməz.

Meydanda yox idi matəm saxlayan,

Nə bir qara geyən, nə bir ağlayan.

Hər sözü ustası gözəl toxuyur:

"El ilə qara gün bayramdır, toydur.

Əcəl pəncəsində ölsə bir nəfər

Gözündən yaş tökər ona bir şəhər.

Bütün bir şəhərçin saxlayaraq yas

Ondan uzaqlara kimsə ağlamaz.

Insan cəmdəyilə dolmuşdur sağ-sol,

Döyüşçülər üçün qapanmışdı yol.

O qan Dəcləsini günəş almışdı,

Suya neylufərtək qayıq salmışdı.

Həmin vuruşmada böyük İskəndər

Günəş çeşməsində saçmışdı zəfər.

Daranın qılıncı saldıqca şölə

Qızırdı daşların ürəyi belə.

Elə ki soxuldu ordu orduya

Məhşəri gözüylə gördü bu dünya.



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [42] [43] [44] [45] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info