Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Dimağı odlandı, parladı gözü.

Acığı dilinə edincə əsər,

Söylədi qasidə yaramaz sözlər.

Şahın gözlərindən qəzəb yağırdı,

Qasidə dediyi sözlər ağırdı.

Düşüncəsi, ağlı sağlam olan kəs

Lüzumsuz sözləri söyləməz əbəs.

Qızışanda dili səbr etsə bir az

Tutduğu işindən peşiman olmaz.

Min-min sərrast sözə tapsa da zəfər,

Susmaq söyləməkdən çox fayda verər.

Nə gözəl söyləmiş qoca bir ərən:

"Dil ətdən yaranmış, qılınc dəmirdən".

Sözünün mülkünə olmaz hökmüran

Dilinə gələni söyləyən insan.

Kəyana mənsub ən qoca bir nəfər

Həmin hadisəni belə nəğl edər:

Qiymətli qılıncdan, gövhərdən, tacdan

Daranın xəracı getdiyi zaman,

Dəyərli gövhərlər içində, hətta,

Varmış bir təbii, qızıl yumurta.

O incə naxışlı şahanə büsat

Verərdi görənə təzə bir nişat.

Dilini o qasid edincə polad,

Köhnəlmiş xəracı eləyincə yad,

Bağırdı: "Möhkəmdir başımdakı tac,

Qızmış bir aslandan alınmaz xərac.

Başqa bir ayinə girmişdir cahan,

Qalmamış o qızıl yumurta doğan.

O köhnə büsatı bu dövran sildi,

Keçmiş ayinlərə qələm çəkildi.

Hər zaman cəvahir çıxarmı daşdan?

Dünya gah sülh istər, gah vuruş, gah qan.

Bu qədər qürurla çəkmə boş nəfəs,

Qılıncla cavab ver, danışma əbəs.

Yetməzmi qılıncım qan dama-dama

Taxtını çəkməmiş mənim altıma?

Mənim də var ikən qılıncım, taxtım,

Lakin bu dünyanı sənə buraxdım.

O qədər səndə var cəlal, təmtəraq,

Mənə də belə bir guşəni burax.

O yerə yetirmə "gücüm var" deyə,

Səninlə çarpışım pəncə-pəncəyə.

Ataraq hörməti, rəsmi, həyanı

Kinimlə coşdurum qəlbimdə qanı.

Şah eşitmədimi edərkən savaş

Qopardım zəncidən mən nə qədər baş?

Bir at çapmağımla getdim mən hara,

Atdım dikbaşları toz-torpaqlara.

Bir şah ki, şahlara verir taxt və tac

Miskinlər kimi heç verirmi xərac?

Məndən Misri istə, istəmə gövhər,

Misir qızılıtək sözə ver zivər.

Bax, sərvət, dövlətim qalxmış nə yerə,

Tələb et məndən öz rütbəmə görə.

Qaldırma fitnəni, coşdurma kini,

Gəl, viran eləmə Iran mülkünü!

Çatmışdır əlinə böyük məmləkət,

Şükr elə, yetməzmi bu qədər dövlət?

Zamanın meylini gəl dolandırma,

Bu fikrə qələm çək, su bulandırma.

Istəmə verilməz şeyi, padişah!

Rəftar et, necə ki, edir iki şah".

Qasid eşidincə bu sərt xəbəri

Zehnindən silindi bütün sözləri.

Dərgaha üz qoydu dərdlə, möhnətlə.

Atəşli şimşəkdən daha sürətlə.

Elə ki, açıldı qasidin dili,

Ikiqat büküldü o sərvin beli.

Bu ağır cavabı eşitdi Dara,

Bağrını dəldi ən kinli bir yara.

"Kimdir o sikkəsiz, cəsarət etsin,

Dara sikkəsilə rəqabət etsin?"

Kinindən o andı bir neçə dastan,

Saraldı eşidən kəslər qorxudan.

Zəhərli gülüşlə dolaraq kinə,

Dedi: "Bax bu azğın çərxin işinə,

Bu zülüm deyilmi edir fələklər?

Daraya kükrəyir miskin İskəndər.

Qaf dağı olsa da, gözünü silsin,

O kimdir mənimlə çarpışa bilsin?

Bir tərlan yanında bir çibin nədir?

Coşqun bir dənizdən kiçik qətrədir".

Başqa bir qasidi göndərdi Dara,

Kin ilə gözünü dikdi yollara.

Qasidə tapşırdı bir top, bir çövkan,

Bir çuval küncüd də verdi ərməğan[126].

Hədiyyə sirrini öyrətdi ona,

Sevindi qurduğu incə oyuna.

Daranın verdiyi tapşırıqları

Bilərək, üz qoydu Yunana sarı.

İskəndər qəsrinə basınca ayaq

Atəşdə mum kimi şölə saçaraq,

Ədəblə qeysərə baş əydi öncə.

Pərəstiş və ayin başa gəlincə

Söz düyümlərini sürətlə üzdü,

Söylənən sözlərdən bir inci düzdü:

"Canlara hakimdir fərman verənlər,

Buyruq qullarıdır göndərilənlər.

Şövkətli padişah versə hər əmr,

Itaət eyləmək bir vəzifədir".

İskəndər bildi ki, bu üzr istəyən

Ağır bir fərmanla gəlmiş yerindən.

Acıqlı gülərək dedi: "Ərz qıl!"

Qasidin dilindən açıldı qıfıl.

Qasidin Daradan gətirdiyi mal

İskəndər önündə qoyuldu dərhal.

Elə ki, mətahı ortaya saçdı,

Daranın əmrindən qasid söz açdı.

Başladı çövkandan, topdan əvvəlcə:

"Uşaqsan, sənə top olsun əyləncə,

Istəyin mənimlə çarpışmaq olsa,

Qəlbinə boş yerə sıxıntı dolsa, -

Küncüdü saraya səpərək durdu, -

Qarşına çıxarram bundan çox ordu".

Dünyanı sarsıdan böyük İskəndər

Gördü bu fallarda şanlı bir zəfər.

Bir məsəl çəkdi ki, qaçdığı zaman

Hər şeyi qarşıma çəkər bu çövkan.

Onunçun göndərmiş Dara çövkanı



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [42] [43] [44] [45] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info