Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Burada Nizaminin müasirləri olan bəzi xırda şairlərə işarə edilir. Qonşunun malına uzatmasın əl, yəni mənim əsərlərimi oğurlamasın.

 

[43]                     Damcı oğrusundan qorxarmı dəniz?

Buludum yağdırar ondan çox, şəksiz.

Yəni mənim təbim bir dənizdir: o, damcı oğurlayanlardan qorxmaz. Oğruların apardıqları damcılar əvəzinə ilhamımın buludu bir anda mənə ondan çox muzd verir.

 

[44]                     Ay işığı qədər olsa yüz çıraq,

Yenə Günəş ona vuracaqdır dağ.

Burada günəş Nizami, çıraq isə dövrünün xırda şairləridir.

 

[45] Dağlara buludlar ağ kafur saçdı,

Ac torpaq ağzmı kafurçün açdı.

Yəni dağdan kafur yağdıran bulud göründü - qocalıqdan başımda saçlarım kafur kimi ağardı və həyatım sona yetdi (müsəlmanlıqda ölünü basdırmazdan əvvəl yuyarkən üstünə kafur səpərlər).

 

[46]                 Bu zaman bir bucaq xoşdur saraydan,

Oyuncaq əlini uzadar dövran.

Yəni qocalıqda yoxsulca bir küncdə yaşamaq sarayda kef çəkməkdən yaxşıdır, çünki bu zaman artıq dövran insanı qocalığına görə ələ salar, ona istehza edər.

 

[47]                     Məşriqdən ağardı daha dan yeri.

Yəni saçlarım ağarmış, artıq qocalmışam.

 

[48]                     Başına tac ilə kim vursa bəzək,

Əmgəyi ağ deyil, müşk olsun gərək.

Yəni taca layiq olan başa şirmayı kimi ağ saçlar deyil, müşk kimi qara saçlar lazımdır; demək, bunun üçün qoca deyil, cavan olmalıdır.

 

[49]                     Keçərsə körpüdən bu Gilan atım,

İnanma Gilana bir də qayıdım.

O zaman yaxşılığı ilə məşhur olan Gilan atı nəzərdə tutulur. Yəni ömrumün Gilan atı həyat körpüsündən keçəndən sonra bir də dünyaya qayıtmayacağam, əbədiyyətə qarışmış olacağam.

 

[50]                     Qəbrim şüşəsinə əl qoyan zaman,

O pak gövhərimi heç olmasa an.

Şüşə - burada təpəcik mənasındadır. Adətə görə, birinin qəbri üstünə gedənlər o qəbrin təpəciyinə əl basarlar.

 

[51]                     Bir mey ki, suyu saf, axan gümüşdür,

Onu hər dörd məzhəb halal görmüşdür.

Burada zülal suyu kimi təmiz, saf şərab deməklə Nizami güya cənnətdə olan kövsər suyunu nəzərdə tutur və onun bütün məzhəblərdə halal olduğunu söyləyir.

Dörd məzhəb - müsəlmanların iki böyük qismindən biri olan sünnilərin məzhəbləridir: hənəfilər, şafeilər, hənbəlilər və malikilər.

 

[52]                     Bərcistək oxum var, atmaram ancaq.

Bərcis Müştəri ulduzunun farsca adıdır. Bu ulduz Qövs (Kaman) bürcündə olduğu üçün ondan ox atarmış. Nizami anlatmaq istəyir ki, düşmənlərlə və paxıllarla mübarizədə mənim də Müştəri ulduzu kimi silahım, sözdən, şeirdən oxlarım var, istəsəm vuraram.

 

[53]                     Zöhrətək çəkiyə qoyaram dirhəm.

Zöhrənin evi Tərəzi bürcüdür. Yəni mən də söz dirhəmini (gümüşü) Zöhrə kimi tərəzidə çəkərəm.

 

[54]                     Hər çillə qırx gündür, xəlvəti mindir,

Bu yerdən məclisə girmək çətindir.

Çillə - burada zahidlərin cəmiyyətdən uzaqda keçirdikləri qırx gün deməkdir. Buna dərviş çilləsi deyilir. Yəni qırx çillədən və min cürə pəhriz, qənaət, ibadət işləri ilə məşğul olandan sonra, daha şahların məclislərində iştirak etmək yaramaz. Demək, ömrümü azad, öz aləmimdə keçirdikdən sonra daha saraya girmək, saray şairi olmaq məndən uzaq olan işdir.

 

[55]                     Görsəydim özümdən gözəl bir gülşən,

Al, sarı gülünü dərməzdimmi mən?

Hazıram budumdan kabab yeməyə,

Günəştək getməyim dilənçiliyə.

Yəni əsərlərimdən gözəl əsər, özümdən yaxşı şair görsəydim, mən də onun budağından bir gül dərərdim. Lakin, yox, ətəyimi öz sözümün fidanından doldururam, öz ətimdən kabab yeyirəm. Buna görə, Günəş kimi başqalarının qapısını gəzmək mənə lazım deyildir.

 

[56]                     Mən ölü olsam da, ən mərd bir kəsəm,

Karvanda gedərəm, karvansız şəxsəm.

Yəni mən qoca və zəif olsam da, həyat yolunda mərdliklə yeriyən bir adamam. Mən bu dünyada yaşayanlardan - bu karvan əhlindən deyiləmsə də, dirilər karvanı ilə gedirəm.

 

[57]                     Nəfsin noxtasını bərk tutdum qırx gün,

Qırx günün içində hazır olur gön.

Gönü tamamlamaq və qırmızı rəngə boyamaq üçün qırx gün dabbaqxanada bişirirlər. Yəni mən də qırx gün riyazət çəkdim, nəfsimin ixtiyarını əlimə aldım, öz guşəmdə oturdum və məqsədimə nail oldum.

 

[58]                     Çünki dörd balışda görmədim səbat,

Dörd divar içində keçirdim həyat.

Dörd balış - şahlıq taxtına və dörd ünsürə işarədir. Bu, eyni zamanda qüdrət və qüvvət rəmzidir. Yəni dörd ünsürdən əmələ gələn bu dünyada, yaxud onun şahlıq taxtında bir səbat, vəfa görmədim. Odur ki, bu dünyadan üz çevirib, xəlvətə çəkildim.

 

[59]                     Qəlbim qadın deyil, çaxmaqdır, çaxmaq,

Məryəmtək boyludur, bakirdir ancaq,

Kişiyə getmeyə nə ehtiyac var,

Onun öz daşından öz odu çıxar.

Yəni təbimin kimsəyə ehtiyacı yoxdur. O, Məryəm kimi ərsiz də doğmağa qadirdir. Onun poladı da, çaxmağı da özündəndir. Yazdıqlarım, yaratdıqlarım öz qəlbimin orijinal məhsuludur, kimsənin onda haqqı yoxdur.

 

[60]                     Nizami bu sapa düzərkən gövhər,

Qələmdən silindi qələm görənlər.

Yəni mən "Şərəfnamə"ni yazarkən Firdovsinin yazdıqlarını buraxdım, yazmadım; deyilməmiş, yazılmamış olanları nəznə çəkdim.

 

[61]                     Quruda, dənizdə kim çəksə zəhmət,

Balıqdan dürr  alar, öküzdən sərvət.

Mifoloji təsəvvürə görə, Yer kürəsi öküzün, öküz balığın ustündə, balıq da suda dayanmışdır. Beytin mənası: kim ki əməyə alışmış, zəhmət çəkməyi özünə sənət etmişdir, o, yerin altında olan balığın qarnında da olsa dürr, Yerin istinad etdiyi öküzün altında da olsa xəzinə əldə edə bilər. Əməyin qarşısında heç bir şey dura bilməz.

 

[62]                     Gümüş küp, ya qızıl bir teşt istəsən,

İraq torpağından uzaq getmə sən.

Əgər sənətin gümüş küpünü, şeirin qızıl teştini istəyirsənsə, bunu İraqda axtar.

 

[63]                     Bilənlər əkdiyi üç toxumdan mən,

Bir ağac əkərəm həm uca, həm şən.

İskəndər Zülqərneyn üç sifətə malik imiş: padşahlıq, alimlik və peyğəmbərlik. Nizami burada İskəndərin tarixi haqqında bu üç mövzuda yüksək və parlaq bir əsər yazacağam deməklə, "İskəndərnamə"ni nəzərdə tutur.

 

[64]                     Üç qapı tikdim, üç xəzinə demək,

Çəkdim hər qapıda ayrıca əmək.

Yəni üç ev üçün - İskəndərin sifətlərini göstərən padşahlıq, alimlik və peyğəmbərlik evləri üçün üç qapı tikdim: üç cəhətdən əsər yazdım. Hər çəhət üçün ayrıca əmək sərf etdim. Bunların hərəsi özlüyündə bir sənət və söz xəzinəsidir.

 

[65]                     Bu namə mübarək olacaq, bişəkk,

Şahın məclisində olsa mübarək.

Burada şah - Nüsrətəddin Əbu Bəkr ibn Məhəmməddir, namə isə "Şərəfnamə"yə işarədir.

 

[66]                     Yaquta bənzəyən suyu, saqi, dur,

Bu yaqut yağdıran qədəhə doldur.

Bu saxsı cama mey həyat axıdır,

Onun reyhanının öz torpağıdır.

Yaquta bənzəyən su - Nizaminin çoşub-daşan sözləri, yaqut yağdıran qədəh, cam - onun qəlbi və təbidir; mey - o qədəhin çanıdır, yəni şairin sözləri o qəlbin həyatıdır.

 

[67]                     Ey inci, üzə çıx söz dənizindən,

Sultanın tacında get elə məskən.

Yəni ey sözlərim, təbimin dənizindən çıx, şahın tacına layiq qiymətli incilər ol.

 

[68]                     Düşmən son düşünən, ürəyində kin,

İstiqbal görəndir, ləqəbi Bişkin.

Yəni düşmən işə keçəndən sonra o, iş haqqında düşünür. Bişkin isə öncəgörmə qabiliyyətinə malik olduğu üçün, hadisə baş verməmişdən qabaq onun çarəsini tapır. Bişkin - Atabəy Nüsrətəddin Əbu Bəkr ibn Məhəmmədin ləqəblərindən biridir.

 

[69]                     Qılınc sahibidir, tac verən şahdır,

Üç növbət vurandır, beşə pənahdır.

Üç növbət - uzun zaman padşahların qapısında gündə üç dəfə nağara vurardılar. Deyirlər ki, bu, İskəndər Zülqərneyndən qalmışdır. Beş növbət - müsəlmanların hər gün beş vaxt qıldıqları namazdır.

Beytmn mənası: qüvvət və taxt-tac sahibi olan Nüsrətəddin elə bir şahdır ki, onun qapısında, İskəndər dövründə olduğu kimi üç dəfə növbət vurulur. Özü də islamın yardımçısı və pənahıdır.

 

[70]                     Fərattək səmimi bir dostluğu var,

Nil kimi düşməni gizlində boğar.

Yəni Nüsrətəddinin dostluğu Fərat çayının suyu kimi şirin və aşkardır. Düşmənini də, guya Tanrı düşmənlərini boğub gizlədən Nil çayı kimi xəbərsiz məhv edəndir.

 

[71]                     Fələktək hər kəslə girsə meydana,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [106] [107] [108] [109] [110] [111] [112] [113] [114] [115] [116] [117] [118] [119] [120] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info