Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Mey ilə, çalğıyla gah olurdu şad,

Vəfalı dostları gah edirdi yad.

Gülabdan saf olan gül rəngli şərab

Hər başdan dərd alır, hər beyindən tab.

Onunla bir məclis qurdu şəndən şən,

Uzaqdı düşməndən, qanlı döyüşdən

Elə ki açıldı, uzandı söhbət,

Danışdı hərə bir gözəl rəvayət.

Biri söhbət açdı Xorasan, Qurdan,

Ordakı qızıldan, qüvvətdən, zordan,

Birisi danışdı Rey, Isfahandan,

Firidun dövləti çıxan məkandan.

Çindən, Xarəzmdən söz açdı biri:

"Var gözəl ipəyi, müşkü, ənbəri".

Birisi söylədi: "Gözəldir Qeysur,

Bu yerdən çıxar hər səndəl və kafur".

"Hindistan gözəldir, - dedi, - bir nəfər,

Odunu ud olur, palçığı ənbər".

Məclisdə var idi bir nəfər qoca

Danışmaq növbəti ona çatınca

Maraqla başladı qoca sözünü,

Baş əyib, torpağa qoydu üzünü:

"Dünyada zülmata çatmaz bir diyar,

O gözəl torpaqda suyu var.

Ömrünü artırmaz xəzinə, cəlal,

Torpaqda çox yatır xəzinə, xam mal.

Yaşamaq istəsən dünya uzunu,

Get, keçir əlinə həyat suyunu!"

Bu sözdən utandı məclis, qaldı mat,

Qaranlıq bir yerdə olurmu həyat?

Şah dedi: "Yoxsa var başqa bir hikmət?

Həyat çeşməsində olan bu zülmət.

Yazılmış hərflər qarasıdır bu,

Mənəvi həyata can verir suyu.

Kim görmüş yoxsa bu həyat suyunu,

Zülmətdə ölümdən qurtarsın onu!"

O qoca dedi: "Ey uca tacidar!

Bu sudan uzaqdır dediyin əsrar.

Var Şimal qütbündə qaranlıq bucaq,

Ağ, gümüş çeşməsi hər sudan parlaq.

Bu qaranlıq yerə deyirlər zülmat,

O zülmət içində var abi-həyat".

O suyu kim içsə olur qəlbi şən,

Qurtulur ölümdən və xəstəlikdən.

Sözümdə azacıq olsa şübhəniz,

Soruşun sınaqlı qocalardan siz!"

İskəndər bu sözə heyrət etdikcə,

Aramaq marağı artdı getdikcə.

Sordu ki: "Bu zülmat harda?" Göstərən

Göstərdi padşaha: "Bax, bu sağ əldən

Qaranlıq ölkəyə qısa yol gedir.

Gəldiyin bu yolun onda biridir."

Eşidincə bunu şah dedi: "Ancaq

Zülmətdə mümkündür işığı tapmaq".

Zülmata çevirdi şah öz yolunu,

Gedərkən nəzərə aldı ordunu.

Sürətlə bir neçə mənzil at sürdü.

Əsgərin bir çoxu xəstədir, gördü.

Ardınca axırdı bir dünya ordu.

Xaslar da yanında alay vururdu.

Ordu bazarını görən bir insan

Seçməzdi məhşərin bazarlarından.

O yerdə quş südü arayan belə,

Ordu bazarında gətirdi ələ.

Hər quraq bir yerə çatdı İskəndər.

Yağışdan yaşıla büründü çöllər.

Xızır iz salmışdı sanki bu yola,

Yainki gedirdi şahla qol-qola.

Ordu çoxluğundan şah getdi fikrə,

Belə yol getməkdə sığındı səbrə.

O çöldə vardı bir böyük mağara,

Padşahın ordusu çatınca ora.

Ordunun yanında nə qədər yük var,

Mağara yanında yerə qoydular.

O geniş çöllərdə saldılar məskən,

Şənlikdən viranə çöllər oldu şən.

Çölbəyi o yerə ad verdi: Bünğar,

Get-gedə o şəhər adlandı Bulğar.

Bu gün o ölkədə rəyasət sürən

Yerləşib qalandır şah səfərindən.

İskəndər görüncə o saysız ordu

Yol və iz bilməyir, bir tədbir qurdu.

Ordudan ayrıldı bir neçə əyyar,

Istidən, soyuqdan, çıxmış oxçular,

Ürəkli, sümüyü bərk, dəliqanlı,

Səbirli, qüvvətli, gənc, polad canlı.

Əmr etdi qocaya və xəstələrə:

Əskərlə çıxmasın ağır səfərə!

Qocalar, xəstələr bu qorxunc yerdə,

Dolaşıq yollarda düşməsin dərdə.

O yola - qocasız etdilər səfər,

Qocalar oturdu, yol aldı gənclər.

Bir nəfər o yerin ayıqlarından

Hüzura istədi ulu hökmüran.

Yox idi ordunun sayı, miqdarı,

Hər mənzil başında qoydu onları.

Şor, şirin hər azıq çarpsa nəzərə,

Yüklətdi qüvvətli, gənc dəvələrə.

Qoşunla at çapdı qaranlıq suya,

Bir naib tikdi o qalan orduya.

Onlara nəsihət elədi bir az:

"Bu yerdə qəflətlə göz yummaq olmaz!

Atını Şimala doğru çaparaq,

Günəş gərdişindən şah düşdü uzaq.

Fələyin qütbündən doğunca işıq,

Azacıq keçmədən sönürdü artıq.

Üfüqə baş qoydu xətti-üstüva,

Qütb isə kənardan keçdi ortaya.

Bir yerə çatdılar parlaq günəşdən

Yalnız bir xəyaldı gözlə görünən.

Sürdülər kölgəlik deyilən yerə,

Saçdılar bayrağı kölgəliklərə.

Havadan işığı yer qapmış artıq,

Hər yerə hakimdi dərin qaranlıq.

Bu yandan ətrafı qaranlıq tutmuş.

O yandan yol-izi bir dəniz udmuş.

Ağlıyla bu yolu tutaraq rəhbər,

Xətti-üstüvayə qarşı getdilər.

Get-gedə pərgardan olduqca uzaq,

Günəşdən, işıqdan düşdülər iraq.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [106] [107] [108] [109] [110] [111] [112] [113] [114] [115] [116] [117] [118] [119] [120] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info