Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Şah Süleyman kimi div salsa bəndə.

Çox Məcnun çöllərə salmışam mən də.

İskəndər ki, bütün dünyanı tutdu,

Könlümsə o dünya tutanı tutdu.

Şahın dünya tutan uca kəməndi

Ay, Günəş boynuna salırsa bəndi,

Zülfümdən bir kəmənd eşərəm ona,

Qorxmadan ataram şahın boynuna,

Padşahın aytutan bir kəməndi var,

Mənim də kəməndim şahları tutar.

Kəskin ox atırsa uca hökmüdar,

Məndə də ox atan min naz, qəmzə var.

Qılıncla gülgün qan tökürsə salar,

Mənim gül üzümdən al qan damcılar,

Qılınc oynatmağa şah versə qərar,

Mənim də qılıncdan kəskin dilim var.

Şah toppuz qaldırsa qulaq ucuna,

Iki zülfüm də bir toppuzdur mana.

Atından tək bir tuğ asmış hökmüran,

Mən on tuğ asmışam ağ buxağımdan,

Şahda bir qutu var, içi ləldir,

Mənim də qutumda var ləl ilə dürr.

İskəndər yaqutu mədəndir ancaq,

Al, canlı yaqutdur məndəki dodaq.

Əflakə münəccim olmuş İskəndər,

Mənim keşiyimi ulduzlar çəkər.

O başı üstündə ucaltmış sancaq,

Qapımda yüksəlmiş yüz elə bayraq.

Aləmə şah isə o sərvərliklə,

Gözəllər şahıyam canpərvərliklə.

Üzümdən örtümü atdığım zaman

Yalnız bir telimə dəyməz bu cahan.

Ay üzdə yer versəm müşkin tellərə,

Ayı bir telimlə çəkərəm yerə.

Bu əqiq dodaqdan şəkər tökərkən,

Rəhiq mey çəkərəm incə püstədən.

Rəhiqim suyu da rəqsə gətirər,

Əqiqim yuxuya bir nəşə verər.

Göydən tuğ istəsən, buxağımdan al!

Şəkərdən duz umsan, dodağımdan al!

Dodağım şəkərdir, gülüşü şəkər,

Bu gülgün yaqutun öpüşü şəkər.

Öpüşün qapısı bununla belə,

Bağlanmış Səmərqənd çubuqlariylə[253].

Tutaq ki, kimiya daşı zər edir,

Nəfəsim torpağı müşk, ənbər edir.

Süheyl edən kimi gönlərə əsər,

Nəfəsim nəsimə o ətri verər.

Bir gözlə edərəm könülləri qan.

O biri gözümlə alaram yüz can.

Bu yandan ovlaram gəlsəm üz-üzə,

O yandan ataram daşqın dənizə.

Qəmzəmlə aldadıb salaram dərdə,

Tayım yox, mahirəm belə işlərdə.

Üzümü rahiblər görsə, nur deyə,

Dindar hirbüd kimi düşər səcdəyə.

Zahidin ürəyi qara daş isə,

Sazımın səsiylə gətirrəm rəqsə

Bu gümüş əndamla gümüş saçaraq

Xəzinə qıflını açmaram ancaq.

Baxçamın qapısı deyil aşikar,

Ancaq bağban bilir hardadır açar.

Tər-tazə yetişmiş xurmalarım var,

Tək quru tikanı görər başqalar.

Elə bir gülabam, kədər verərəm,

Məndən duz umana ciyər verərəm.

Gecə türk üzümü görmüşmü, nədir?

Xalımtək mənə bir hindli bəndədir.

Yeni ay bir hilal kimi doğaraq,

Vüsalım fikriylə boşaltmış otaq.

Tellərim, başlasa rəqsə, yox çara,

Kəkliyin ayağı düşəcək tora.

Üzüm zülf altından olsa aşikar,

Çəməndə güllərin ağzı sulanar.

Birçəyim qıvrılsa bu çəmən boyu,

Kəməndə salaram o parlaq suyu.

Lətif bədənimi etsəm aşikar,

Ağ badam içinin budları sınar.

Ağ gümüş biləyim görünən zaman

Yasəmən tər tökər utandığından.

Dodağım şəkərə dadımlıq verər,

Qulaqda halqalı bir quldur gövhər!

Ağzım ki, çəkişdi Müştəri ilə,

Üzüyü qazanan keçirdi ələ.

Mənimlə bir cınaq çəksə gül, çiçək,

"Apardım" sözünü unutsun gərək[254].

Gözümdən Babilə bir əfsun çatdı,

Ondan, bax, nə qədər cadu yaratdı!

Çinə bircə telim getdi ərməğan,

Müşk oldu ahunun göbəyində qan.

Zülfü qulağımda edərsəm çənbər,

Üst-üstə tökülür bayğın könüllər.

Bu sərxoş gözlərin naz, qəmzəsilə

Yüz əldən getmişi gətirrəm ələ.

Çox qaçqın könüllər ovladım hər an.

Onlara quyudur, bax, bu zənəxdan.

Aşiqə bir tellə verərəm tuğ tac.

Ətrimlə Xülləxdən alaram xərac.

Möhrümü vuraram Çin xaqanına,

Beş növbət salaram Rumu talana.

Bu müşkin xalımla çinli bağrıyam,

Falca Rum qəlbinin şən çırağıyam[255].

Yuxulu çağımda verərəm məzə,

Qanını tökərəm edərkən qəmzə.

Dodağım rəng verir hər gülgün lələ,

Üzümün xəyalı oynar günəşlə.

Müğ mənə "sənəmdir" deyə yalmanır,

Cənnətin bir sənəmxanəsi sanır.

Mənim nar döşlərim görünən zaman

Narların ürəyi soyudu bağdan.

Döşlərim dikəlmiş təzə narınctək,

Hansı bir bəxtiyar onu dərəcək?

Uğurlu ağacam, iki narım var,

Bir güləm, pərdədə gözəl barım var.

Tufanla qopsa da dünya təməldən,

Bəxtiyar şah olsun, bir mey, bir də mən!

Bir dastan işlətmək istərəm ona,

Almaq öz sazımtək öz qucağıma.

Bir öpüş vurum gah məst gözlərinə,

Gah qara zülfümü verim əlinə.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [106] [107] [108] [109] [110] [111] [112] [113] [114] [115] [116] [117] [118] [119] [120] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info