Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Gedərkən bir yerə çatdılar o gün,

Gözlərdən aydınlıq itdi büsbütün.

Hər yandan yolları bürüdü zülmət,

Bu dünya qaralsa verərmi ləzzət?

İskəndər şaşırdı, aradı tədbir:

"Bu yolda doğru iz göstərən kimdir?"

Bilənlər söylədi ki: "Bu qaranlıq

Pərdədir, iç-üzü görünməz artıq.

Mümkündür irəli getmək yol ilə,

Dönərkən çətindir gətirmək ələ".

Çox çarə aradı hər tədbir verən,

Olmadı buna bir tədbir göstərən.

Gecəydi o yerdə, qaranlıq diyar,

Müşkü ud yerinə etdi ixtiyar[257].

Kinindən olmuş göy dəli, zəncirli,

Zəncinin yerinə keçdi kəşmirli[258].

Getdikcə yol oldu tükdən də incə,

Zülmətdən qurulmuş qaranlıq gecə.

Hər kişi qayıtdı öz mənzilinə,

Bu işə bir tədbir düşündü yenə.

Bir igid gənc vardı, ağılca ulu,

Saf, işıq ürəyi şəfqətlə dolu.

Atası qocaydı, doxsan yaşı var,

Bədən ağrısından sızlayıb ağlar.

O gün-ki, padişah vermişdi əmr:

"Çıxmasın bu yola xəstə ilə pir!"

Gənc oğlu vurğundu xəstə ataya,

Necə ki, bir xəstə göynər almaya,

Qocanı özüylə aldı bərabər,

Necə ki, başqalar yaqutu gizlər,

Azıq sandığında gizlətdi onu,

Onunla dolaşdı zülmət yolunu.

Taleyin qoşundan küsdüyü gecə

O gənci aldı bir dərin düşüncə.

Gecəykən sandığı açdı o cavan,

Etdi atasına o sirri bəyan:

"Padişah səfərdən oldu peşiman,

Çətinlik çəkməkdən qırılmış peyman.

Qəlbinə bir qorxu salmış qaranlıq,

Bir tədbir düşünə bilməyir artıq.

Bələdçi olmadan gedir irəli,

Bilməyir nə sayaq dönəcək geri".

Oğluna baxaraq dedi ixtiyar:

"Bu qara pərdədə gizli bir sirr var.

Padişah getməyə başlarkən ora,

Zülmətdən dönməyə vardır bir çara:

Padşaha gərəkdir ilk dəfə doğan,

Vücudu sapsağlam boğaz bir madyan.

Anadan olunca o körpə daylaq

Başını bir yerdə kəssinlər, ancaq

Örtməyib qoysunlar yerdə cəmdəyi,

Anası görüncə, yansın ürəyi,

Içində qopsun bir həyəcan, hiddət,

Durmasın padişah, etsin hərəkət.

O yoldan geriyə döndüyü zaman

Ordunun önündə gedəcək madyan

Çaparaq sevimli daylağa sarı,

O yoldan beləcə çıxar dişarı.

O yolda bələdçi olmadan belə,

Dişarı çıxarlar bu tədbir ilə".

Qocanın sözünə o gənc uyaraq,

Kələfin başını tapdı bu sayaq.

Göylərin o müşkin ipəyi səhər

Olunca ud rəngli dibayə bənzər.

İskəndər məclislə yenə oturdu,

Getməyə hər biri bir tədbir qurdu.

O məclis nə qədər göstərdi tədbir,

Bu əsrar haqqında söylədi fikir,

Xoşuna gəlmədi ulu padşahın,

Tədbirlər kimsəyə deyildi aydın.

Öz zəif fikriylə o gənc yanaşdı,

Bələdçi haqqında şaha söz açdı.

Atası söyləyən sözləri bir-bir

Padşaha anlatdı ki, budur tədbir!

Xoş gəldi bu sözlər, yatdı könlünə,

Beynində yer etdi o dönə-dönə.

Dedi: "Ey mərd oğul, belə fikri sən

Nə sayaq oldu ki, qurdun özündən?

Bu bilgi özündən gəlməmiş ələ,

Sən kimdən öyrəndin, gəl, doğru söylə.

Bar, sərvət verərəm doğru söyləsən,

Zillətə düşərsən düz deməməkdən".

Gənc dedi: "Padşahım, mənə ver aman,

Boşalsın kəcavə bu yüklü atdan,

O gün ki, əmr etdi ulu hökmüdar,

Çıxmasın yola bir xəstə, ixtiyar,

Bir qoca atam var, bu qoca insan

Çox qulaqburması görmüş dövrandan.

Ürəyim çox yandı qoca atama,

Əmrə itaəti unutdum tamam.

Özümlə gizlincə gətirdim onu,

Pis gətirdimsə, pis olmadı sonu.

Dünən yol haqqında olan sözləri

Atama açmaqdan durmadım geri.

Onun təlimini dinlədim bir an,

Söylənən tədbiri öyrəndim ondan".

Çox incə bir nüktə söylədi, deyə,

Şah onun sözündən ucaldı göyə:

"Bilənlər padşahı olsa da yenə,

Bu gənclər möhtacdır qoca fikrinə.

Gənc budaqlarıyla oynarsa qabaq,

Başını ucaldar bir köhnə budaq.

Bilikdə birinci olsa cavanlar,

Qocalar fikrinə ehtiyacı var".

Dünya padşahı söhbətdə ikən

Qapıdan div gövdə o vəhşi birdən

Içəri girincə yanaşdı məğrur,

Padşaha göstərdi bir şələ samur.

Hər biri parlaq bir qunduzdan artıq,

Bir-birindən alır bəzək, yaraşıq.

Malına xiridar çıxdı hökmüran,

Yenə birdən-birə yox oldu ordan.

Qaranlıq içində yox oldu vəhşi,

Padşahı heyrətə saldı bu işi.

Işıqlıq göstərdi, fikri eşitdi,

Zülmətə getməyə padşah əmr etdi.

Əmr etdi: "Yelayaq bir boğaz madyan

Alsınlar, o heyvan doğduğu zaman,

Kişinin sözünə tamam uyaraq,

Alınsın, kəsilsin o körpə daylaq".



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [106] [107] [108] [109] [110] [111] [112] [113] [114] [115] [116] [117] [118] [119] [120] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info