Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Padişahın fərmanı həyata keçdi,

O işıq çeşməyə doğru yol seçdi.

 

 

 

İSKƏNDƏRİN ZÜLMƏTƏ GETMƏSİ

 

Saqi, bu zülmata bənzər torpağı

Araşdır, ver mənə həyat bulağı!

O parlaq su ilə mənə sal-nəzər,

Bu həyatdan daha canlı həyat ver!

Bu bahar fəslində yeni və köhnə

Tarixdən başlaram gözəl təranə.

Rəvayət eyləmiş sınaqlı dehqan:

Yazın ilk gecəsi ulu hökmüran

Zülmata getməyə əzm etdi artıq,

Fikri təskin edər hər bir qaranlıq.

Günəşi qıfıla vurunca göylər,

Qaranlıq içində doğar min gövhər.

Bu həyat suyunda kim etsə məskən,

Gərəkdir bir pərdə çəksin önündən.

Çimənlər bu duru, saf çeşmələrdə

Gərəkdir üzünə çəksin bir pərdə.

İskəndər zülmata edərkən səfər,

Söylədi: "Artıqdır bu mühüm şeylər!"

Cilovu buraxdı "zülmat" deyərək,

Əjdər quyruğunda gizləndi Aytək[259].

Söylədi o zaman böyük İskəndər,

Ona rəhbər olsun Xızır peyğəmbər.

Atı Xızra verdi böyük tacidar,

Bilirdi onda bir aslan qəlbi var.

Verdi ki, bu yolda səyirtsin onu,

Onunla tapsın bu həyat suyunu,

Çuxurlar parladan bir gövhər verdi,

Çeşmələr arayan bir rəhbər verdi.

Dedi ki: "Bu yolun hər tərəfinə

Həqiqi bir rəhbər özünsən yenə!

Cilovu hər yana istərsən burax,

Aç ağıl gözünü, ayıq ol ancaq!

O çeşmə nə yerdə olsa aşikar,

Aldatmaz səni bu gövhər, parıldar.

Uğurla iç haman uğurlu sudan,

Mənə də göstər ki, yeyəsən ehsan.

Göy gərdişli Xızır haman fərmanla

Ahəngi pozmadan üz qoydu yola.

Ordudan ayrıldı, irəli getdi,

Hər yana himmətlə bir nəzər etdi.

Su üçün dolandı bütün bucağı,

Çatmadı suya o susuz dodağı.

Əlində parladı parlayan gövhər,

Tapıldı nəhayət aranan gövhər.

Gümüş rəngli çeşmə axırdı şən-şən

Süzülən gümüştək daş göbəyindən.

Bu çeşmə tərifdən uzaqdı, uzaq.

Bir nur çeşməsiydi bu qaynar bulaq.

Bir ulduz nə sayaq olursa səhər,

O parlaq çeşmə də olur o təhər.

Hələ bədr olmadan nura dolsa ay,

Eləydi bir az da böyük olsa ay.

Qaynayır, durmayır öz mənzilində,

Sanki bir civədir iflic əlində.

O qədər parlaqdır bu lətif cövhər,

Dünyada yox ona bənzəyən gövhər.

Yox başqa gövhərdə bu nur, bu günəş,

Ona həm su demək olur, həm atəş.

Xızr həyat suyunu tapınca artıq.

Hər iki gözünə doldu bir işıq.

Aşağı enərək dərhal soyundu,

Doyunca həm çimdi, həm də yuyundu.

Doyunca içdi o həyat suyundan,

Əbədi həyata çatdı arayan.

Atına içirdi, çimdirdi onu,

Tökdü ağ qədəhə həyat suyunu.

Atının yanında oturdu bir an,

Göz götürməz oldu o aydın sudan.

Istədi gəlincə yoldan İskəndər,

Desin: "Həyat suyu budur, qıl nəzər!"

Bir daha çeşməyə göz gəzdirərkən.

Dirilik çeşməsi yox oldu gözdən.

Dərhal bu iş oldu Xızr üçün məlum.

İskəndər o sudan qalacaq məhrum.

Qorxmadı, utandı o İskəndərdən,

Xızr da su kimi itdi gözlərdən.

Söylənən sözləri rumlu ravilər

Başqa bir şəkildə rəvayət edər:

Bu yolda Ilyasla Xızır yoldaşdı.

Çeşməyə gedərkən dostlar yanaşdı.

Görüşdü hər iki sevimli rəhbər,

Çeşməyə çatınca atdan endilər.

O bulaq başında açdılar süfrə,

Bulaq başı verir dad yeməklərə.

Süfrədə çörəkdən ətir qalxardı,

Duzlanmış qupquru bir balıq vardı.

Birisi əyildi su içsin deyə,

Əlindən o balıq düşdü çeşməyə.

Cumdu o firuzə rəngli bulağa,

Əl atmaq istədi üzən balığa.

Tutunca gördü ki, diridir balıq,

Uğurlu bir fala sevindi artıq.

Bildi ki, can verən bu parlaq bulaq

Aranan dirilik suyudur ancaq.

Həyat çeşməsindən içdi doyduqca.

Bir həyat qazandı dünya durduqca.

Dostuna tez xəbər verdi bu zaman.

Içdi bu əbədi həyat suyundan.

Təəccüb etmə o gümüş bulağa,

Yenidən can verdi ölü bulağa.

Təəccüb bundadır: bir ölü balıq

Dirilik suyuna yol açdı artıq.

Bu quru balıqdan, həyat suyundan

Ərəblər nəql edir başqa bir dastan:

Başqa bir yerdəymiş həyat çeşməsi,

Yol azmış məcusun, Rumun dəstəsi.

Tutaq ki, zülmatda həyat suyu var,

Yol açan içməzsə kimdir günahkar?

Xızr, Ilyas kam aldı həyat suyundan,

Ancaq vermədilər özgəyə nişan.

Biri kam alaraq döndü səhraya,

Biri də içərək cumdu dəryaya.

Dənləri bir sudan içib boy atdı,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [106] [107] [108] [109] [110] [111] [112] [113] [114] [115] [116] [117] [118] [119] [120] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info