Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Bu şərtlə canımda eyləsin məkan,

Başımı çəkməyim ayaqlarından.

O günəş eşqindən sərxoş olaraq,

Məhşərdə yuxudan ayılım ancaq.

O hansı çeşmədir ömrü uzadan?

O hansı kölgədir gənclik oyadan?

Vəslimdir şən, uzun bir həyat verən,

Mən gənclik verərəm qəmzə edərkən.

İskəndər dirilik suyuçun gedir,

Mən varkən zülmətə o neçin gedir?

Axtarmaq istəsən zülmət yolunu,

Qara zülfüm sənə göstərir onu.

Yaqut rəngli sudan istəsən içmək,

Dirilik suyunu ələ keçirmək.

Parlaq bir yaqutdur bu gül dodaqlar,

Həyat suyu kimi yüz çeşməsi var.

Şahım, ram ol mənə, çox sərkəş olma!

Bu həyat suyuna, gəl, atəş olma!

Pəriyəm, ipəklər içində gizlin,

Qapını bağlama sevirsə qəlbin!

Üzünə açıqdır qapım hər zaman!

Məni sındırsan da, sınmasın peyman!

Ürəkdən daş asmaq bitməzmi daha?

Gözələ xor baxmaq yetməzmi daha?!

Olma daş ürəkli, sevirəm səni!

Kölən bil, gözəl bil, qulun bil məni!

Mən fələk olmaqla sənin yarınam,

Çindənəm, sənin mən, bil, qəmxarınam.

Deyiləm kölgədə yetişən bir gül.

Günəşi kölgədə saxlamaq müşkül!

Mən kimi meyvəni qapatma evə,

Dad verməz kölgədə yetişən meyvə.

Mənəm ən ətirli, sevimli reyhan,

Reyhan olmalıdır evdə hər zaman.

Burax bu kəkliyi ovlasın tərlan!

Gəl, çəkin ov güdən bu qartallardan!

Ağacın xurması yetişmiş ikən

Başqası yeyəcək onu, dərməsən.

Mən kimi kim sənin dərdini çəkər?

Dərdini çəkərək səpərəm şəkər.

Ürəklər qan oldu qan içməyimdən,

Boynumda nə qədər qan qalmış, bilsən?

Çox şəkər dodağa oxudum meydan,

Dodağım şirindir şəkərburadan.

Həm səsim, həm özüm əzəldən gözəl,

O gözəl, bu gözəl, gözəldən gözəl.

Saqisi mən olsam, mey olmaz haram,

Canım işrət saçar bir mütrüb olsam.

Çalğımla hər kəsi sərxoş edərəm,

Sonra hər sərxoşu öldürər qəmzəm.

Uzaqdan edərəm şux dilbərliklər,

Qucaqda edərəm canpərvərliklər.

Qarşımdan gözlərə sevinc salanam.

Qucağa çəkdikcə könül çalanam.

Mən olam, saz ola, bir də köhnə mey,

Aşiqin taqəti qalırmı? Hey, hey!..

Sən kimi şəhriyar olsa mənə yar,

Bu könül şənlikdən başqa nə arar?

Dövrandan kim almış mənim kimi kam?

"Dünyada tapılmaz" olmuş mənə nam!.."

Elə ki, sazına vurdu son mizrab,

Təsnifi bitirdi dodağı ənnab.

Şahın məhəbbəti o sözdən coşdu,

Sanki tərlan fərə üstünə qoşdu.

O bahar turacı naz ilə, şən-şən.

Turunctək soyuldu qızıl beşikdən.

Könül getdi əldən, sərapərdə boş,

Sevimli məşuqə sevdadan sərxoş,

Xəlvət bir gecədə elə bir mələk,

Mümkünmüdür ona könül verməmək?!

Gənc, gözəl maralı yıxdı nər aslan,

Qarət məclisində başladı talan.

Sığındı o laçın sona ovuna,

Günəşsə getdi ay qonaqlığına.

Şəkərtək əmirdi hey dodağını,

Sorurdu şəkərli ney dodağını.

Bağrına basdı o gül köküslünü,

Xəzinə ağzından açdı möhrünü.

Bakirə şərabı laləzar gördü,

Qapalı bağçada alma, nar gördü.

Əqiq möhr üstünü basmamışdı pas,

Saf üzük qaşını deşməmiş almas[256].

Bir qönçə güldür, yox üstündə tikan,

Görməmiş bağbandan başqa bir insan.

O qızğın atəşin artıqlığından

Damardan fışqırmaq istəyirdi qan.

Şəkərli dil ilə söhbət açdılar,

Yağ, bala dönərək qucaqlaşdılar.

Sarıldı iki sərv, iki gülpeykər,

Qatdılar badama, yağa qənd, şəkər,

Əyildi "əlif-lam" kimi cift ayaq.

Iki hərf kimi bir cinsdən olaraq.

Elə ki, almaz o gövhəri dəldi,

Həm almaz yatdı, həm gövhər dincəldi.

Həyat çeşməsində məsud İskəndər

Şənliklə keçirdi bəxtiyar günlər.

Işrətlə keçirdi bir neçə gecə,

Çıxmadı o yerdən, daldı sevincə.

 

 

 

İSKƏNDƏRİN DİRİLİK SUYU

AXTARMASI

 

Saqi, gəl, qədəhi doldur mey ilə,

Al ələ nəğməylə, çalğı, ney ilə!

Bir mey ki, içənlər fikrincə, demək,

Xəstəyə şəfadır, dərdliyə kömək.

Ucalırkən səhər xoruzun səsi,

Qarovul zənginin susdu naləsi.

Təbilçi təblinin səsi ucaldı,

Quşların nəğməsi ətrafı aldı.

Ibadət edənlər qalxdı yuxudan,

Pərəstiş etməyə düzüldü hər yan.

O səhər yuxudan qalxdı tacidar,

Ibadət etməyə verərək qərar,

Ona şəfqət edən haqqı etdi yad.

Etdi bu hikmətlə dünyanı abad.

Nəhayət verincə ibadətinə,

Şərab məclisini bəzədi yenə.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [106] [107] [108] [109] [110] [111] [112] [113] [114] [115] [116] [117] [118] [119] [120] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info