Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Dağlara dırmandı, olmadı dönən.

Nə dağa çıxarkən bir az durardı,

Nə geri dönməyə bir ümid vardı.

Bilmədik pərdədə nəyin səsidir,

Hansı bir çalanın şən pərdəsidir.

Pərdənin yolunu bilmədik, artıq

Çarəsiz şəhərdən geri qayıtdıq.

Bizdən də apardı bir neçə insan,

Daha səs gəlmədi bir də o dağdan.

Olunca onların yolu dağ, gədik,

Biz də çöl yolunu tutaraq gəldik.

Bu çərxin işləri belədir, belə,

Biri düşmüş dağa, o biri çölə".

Söylənən əsrarı eşitdi bir-bir,

Bildi. bu yol "gedər-gəlməzə" gedir.

Dönsəydi o dağa gedənin biri,

O zaman gözəldi bu dağ səfəri.

İskəndər bu işdən eylədi heyrət:

"Öyrənən yox, nədir bu gizli hikmət?"

Bildi ki, dırmanan o dağa. daşa

Dünyada ömrünü vurmuşdur başa.

Bir məsəl çəkdi ki: "Ölər hər doğan,

Əcəl pəncəsindən kim qurtarmış can?"

Bir ov ki, bacarmaz ovçular ilə,

Məzara gedər o öz ayağiylə.

Yediyi bir oxdan hər ovçu tərlan

Düşər yer üzünə öz qanadından.

 

 

 

İSKƏNDƏRİN

RUMA QAYITMASI

 

Ey saqi, dayanma, qədəhi gətir!

Qədəhsiz şənlənmək mümkün deyildir.

Ver, bir qurtum içim, gətir kuzəni,

Əcəl pəncəsindən, gəl, qurtar məni.

Bir kirpik vurunca bu acı dövran,

Hər yerdə törədir yüz yaxşı-yaman.

Birinin başını bağlayır yerə,

Birini qaldırır uca göylərə.

Birini günbəddən salır quyuya,

Birini balıqdan ucaldır Aya[263].

Hər anda başlayır canbaz oyunu,

Bu dünya bir heçdir, həm heçdir sonu.

Dikbaşlıq yaramaz, uyuşmaq gərək,

Dikbaş at hər zaman qırmanc yeyəcək.

Dikbaşlıq edərsə ən gözəl bir at

Misir eşşəyindən əskikdir qat-qat.

Bu dünya dünyaca görmüşdür adam,

Ürkərək kimsəyə olmamışdır ram.

Elə kimsənindir belə ruzigar,

Anlayan kəslərin işini anlar.

Rəvayət edənlər belə anladır:

Mağara yanında qurunca çadır,

Təmirə xəzinə tökdü tacidar,

Saldığı o şəhər adlandı: Bulğar.

Bulğardan keçərək ruslar elinə,

Döndərdi o mülkü şən bir gəlinə.

Oradan qayıtdı Rum dənizinə,

Yelkənlərlə çıxdı öz ölkəsinə.

Bir xəbər tutunca Rum başçıları

Axışdı müzəffər bayrağa sarı.

Hər kəs öz şahını qalib görüncə,

Şükürlər edərək daldı sevincə.

Şahın gəlməsiylə Yunan ölkəsi

Ay kimi nur saçdı, güldü çöhrəsi.

İskəndər gətirən zülmətdaşından

Yaqut rəngi aldı cəvahir satan.

Aldı o sərvətdən şəhərlər zinət,

Yerlər xəzinədən tutdu bərəkət.

Axdı hər qəsrdən cənnət sevinci,

Yerlərə tökdülər qızıl, ləl, inci.

Xəzinə ağzından qırıldı qıfıl,

Zillət qapısına vuruldu qıfıl.

Ay kimi gəldi öz bürcünə o şah,

Başında günəştək çinli bir külah.

Şah Rumdan gedərkən bənzərdi yerə,

Dönərkən sığmadı uca göylərə.

Bulud ki, göylərə su ilə gedər,

Dönərkən dənizə saf inci səpər.

Şah yunan taxtına oturdu şən-şən,

Dincəldi yolların zəhmətlərindən.

Şah yeddi ölkənin fikrindən doydu,

Hər bir məmləkətdə bir nayib qoydu.

Şahlıqlar baş əydi hər fərmanına,

Sədaqət göstərdi hər peymanına.

Şahın gəlməsiylə ucaldı onlar,

Hər kəs öz mülkünə döndü bəxtiyar.

Hər biri təklikdə şahlıq edərdi,

Başını dik tutub, asıb-kəsərdi.

Boynunu əymədi kimsə kimsəyə,

Hər biri başını ucaltdı göyə.

İskəndər adına qədəh qaldırır,

Içərkən hər biri tək onu anır.

Şah Yunan taxtına oturdu yenə,

Bəxtin açarını aldı əlinə.

Dünyaya elmlər, biliklər saçdı,

Tanrı hikmətindən qapılar açdı.

Getdi haqq əmriylə peyğəmbərliyə,

Hörmətlə baş əydi "fərmandır" deyə.

Yenidən başladı şah hazırlığa,

Dünyanı dolaşdı başdan-ayağa.

Iki dəfə səfər etdi İskəndər,

Birində çöl gəzdi, birində şəhər.

Birində dolaşdı abad yerləri,

Yenə Ruma döndü Rumun sərvəri.

Birində yolsuz hər çölü, hər dağı

Keçdi ay, günəştək onun bayrağı.

Birinci məclisi bitirdim artıq,

Ikinci məclisə vurdum yaraşıq.

Bu "Şərəfnamə"nin məclisində mən

Saçmışam ən incə, bakir sözlərdən.

Ona bağladığım incə incilər,

Hər dastan başında saçdığım gövhər,

Bir yerdə bir telə düzülsə bunlar,

O tel ən parlayan inciylə dolar.

Hər dastan başında mənalı sözlər,

Hikmətə dair bir başlıca dəftər.

Tarixə ən tanış o saqiləri,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [106] [107] [108] [109] [110] [111] [112] [113] [114] [115] [116] [117] [118] [119] [120] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info