Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Heç götürməyənlər ahda, kədərdə.

Peşiman olmuşdu az götürənlər,

Odlara yanırdı götürməyənlər.

Şah oldu iki gün səfərdən aram,

Yuxudan, yeməkdən aldı intiqam.

Bir zaman padşahın əyildi başı,

Yad etdi mələyin verdiyi daşı.

Tərəzi istədi daşı çəkməyə,

Ağır daş qoydular "ölçüdür" deyə.

Batmanlardan keçdi o bir misqal daş,

Nə qədər daş qoydu misqal çıxdı baş.

Yüz kişi bir qapan çəkdi o düzə,

Girdi daş bir gözə, daşlar bir gözə.

Daş ağır gəlirdi yüz parça dağa,

Çəkənlər darıldı bu ağırlığa.

Deyirlər uzaqdan demiş Xızr: "Ancaq

Bu daşın vəznidir bir ovuc torpaq".

Bir gözə bir ovuc torpaq tökdülər,

Çəkinin gözləri oldu bərabər.

Bu incə nüktədən bildi tacidar:

Torpaqdır, onu bu torpaq doyurar[262].

Bir gün şah xaslarla taparaq fürsət,

Bir məclis bəzədi - sanasan cənnət.

Zərkəmər qulamlar taxtın ucunda,

Qızıl bir ağactək gümüş sütunda.

Dünyanın şahları bir səf çəkərək

Qarşıda diz çökmüş hamı kölgətək.

Dünya işlərindən açıldı söhbət,

Söylənən hər şivə qəlb üçün rahət.

Hər biri zülmətli çeşməni andı,

Söz sözü çəkərək, söhbət uzandı.

Qaranlıq altında su varsa, nədən.

Nə üçün tapmayır arayan, gəzən?

Zülmətdə yox isə belə bir cadu,

Nə üçün dillərdə əzbərlənmiş bu?

Bu yolda deyildi çox incə sözlər,

Işıqlandı başlar, nurlandı gözlər.

Haman məmləkətin qocalarından

Söylədi: "Bu sirri bilsin hökmüran.

Cahangir İskəndər dünya dolaşdı.

Göy kimi durmadan ölkələr aşdı,

Ümidlə aradı həyat suyunu

Ki, qorxunc ölümdən qurtarsın onu.

Bir şəhər vardır, bu ölkədə çox şən,

O abad şəhərdə tapılmaz ölən.

O şəhri uca bir dağ salmış bəndə,

Şəhr əhli o dağda düşmüş kəməndə.

O dağdan səs gəlir hey zaman-zaman,

Heyrətə düşür hər eşidən, duyan.

Oradan birini adıyla səslər:

Ey filan, yuxarı səmtə et səfər!

O səsi, fərmanı eşidən adam

Yerində bir an da tutmayır aram.

Sürətlə dağlara dırmanır dərhal.

Gedəndən nə sorsan olur dilsiz, lal.

Dağların ardında yox olur gözdən,

Yoxdur bu hikməti açan, öyrənən.

Məqsədin qurtulmaq isə ölümdən,

Ölümsüz şəhərdə eyləyin məskən!"

Bilici söyləyən sözdən İskəndər

Sarsıldı, üzünü sardı bir kədər.

Bu işçin ürəyi vurdu riqqətlə;

Fikri qət etməkçin uçdu sürətlə.

Əmr etdi, ordudan bir neçə kişi

O şəhrə gedərək, öyrənsin işi.

Qalsınlar söylənən yerdə bir qədər,

Bu işdən versinlər doğru bir xəbər.

Onlara tapşırdı: "Dağdakı səsə

Yerindən qalxmasın sizdən bir kimsə!

Lap adla, nişanla çağırsa necə

Siz bu səs-sədanı almayın vecə.

Cavabı uzatmaq yoluyla barı,

Açılsın pərdənin gizlin əsrarı".

Nəsihət alanlar baş əydi əmrə,

Gizlin bir yol ilə girdilər şəhrə.

Şəhərdə uğurla atı çapdılar,

Ən gözəl bir yerdə mənzil tapdılar.

Şəhərin haqqında bildilər xəbər,

Düz çıxdı qocanın dediyi sözlər.

Şəhərdə birinin adına dağdan

Apaçıq səs gəlir hey zaman-zaman.

Adını eşidər-eşitməz hər kəs

O dağa çıxmağa göstərir həvəs.

O qədər səbirsiz gedir yolunu,

Qılıncla qaytarmaq olmayır onu.

Gələnlər göstərdi yüz tədbir, hünər,

Pərdənin sirrini öyrənmədilər.

Seyr etdi dolanan fələk bir zaman,

Bir neçə mənzili dolaşdı dövran.

Şah adamlarıyla çərx kinə düşdü,

Birini aparmaq fikrinə düşdü.

Qeybdən gələn səs, əsrar arayan

Kişidən birini çağırdı dağdan.

Adını eşidən durmadı bir an,

Səs gələn tərəfə qaçdı durmadan.

Gedəni dostları tutdu yer-yerdən,

Dedilər: "Tələsmə, dayan, ey gedən!

Bir yolçu sövdalı olmasın gərək,

Pərdənin sirrini bəlkə öyrənək".

Gedənə o sözlər etməyir əsər,

Bağırır, dartınır, qurtulmaq istər.

Bir söz də deməyir yarasın işə,

Çərx kimi çalışır çıxsın gərdişə.

Güc ilə qurtuldu gedən sevincək,

Onlardan uzaşdı uçan çibintək.

Dostları bu işdən etdi çox heyrət,

Gedəndən hər biri aldı bir ibrət.

Bizdən ən ağıllı, həm iş bacaran,

Bax, necə ayrıldı bir sirr açmadan!

Az zaman keçincə bu hadisədən

Al günəş parladı, güldü çöl, çəmən.

O biri yoldaşa yetişdi növbət,

O da bu dağlarda yox oldu xəlvət.

Get-gedə azaldı əsrar arayan,

Olmadı o hərfi bilən bir insan.

Qorxudan şiddətlə çırpındı ürək,

Göylər də kimsəyə etmədi kömək.

Əsrardan heç biri tutmadı xəbər,

Kədərlə padşaha tərəf döndülər.

Şikayətləndilər: "Bir çoxu bizdən



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [106] [107] [108] [109] [110] [111] [112] [113] [114] [115] [116] [117] [118] [119] [120] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info