Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Aldım iş başına hər bir rəhbəri.

Oturan göz oldu bu biliklərə,

Xəznədə keşikçi oldu gövhərə.

Belə incə nəqşi kim qura bilər?

Bu gözəl rəngləri kim vura bilər?

Sazına bağladım elə incə tel,

Olmuş hər nəğməsi Zöhrədən gözəl.

Hər yerdə bir yanlış gördüm, silərək

Toxudum ona ən doğru bir bəzək.

Doğruluq yolunu tutmayan sözlər

Aya ucalsa da qiymətdən düşər.

Hər yerdə o qoca, o sənət əri

Yanlış söyləmişdi doğru sözləri,

Yanlışa yenidən vurdum bir bəzək

O qoca şairdən üzr istəyərək[264].

Çatınca sona bu binanın nisfi,

Verildi mənə bu dünyanın nisfi.

O biri nisfini, zaman olsa yar,

Təbimlə bəzərəm elə bil gülzar.

Oxucu yuxudan qalxar bu səsə,

Balığı dənizdə gətirər rəqsə.

Zəmanə azacıq verərsə aman,

Şüurum söz verir mənə, var güman.

Bu Rumi qılıqlı, naxışlı bağda

Al güllər göyərdim sarı torpaqda.

Ən parlaq firuzə və incilərdən

Xəzinə doldurum, şaşırsın görən.

Hər bağdan bir çiçək alaraq bəhrə,

Hər güldən bir gülab axıdım nəhrə.

Padşahın taleyi edərsə kömək,

Sözlərim düzülər incə incitək.

 

 

 

NÜSRƏTƏDDİN ATABƏYİN

SİTAYİŞİNƏ DAİR

 

Saqi, ay işıqlı camı ver mana!

Padşahın taxtını öpmək adına,

Taxtımı ucaldım uca Pərvinə,

Qədəhi boşaldım şah şərəfinə.

Ölkələr fəth edən, dünya pənahlı,

Firidun kəmərli, xaqan külahlı,

Sultan Nüsrətəddin ədalətindən

Bu dünya xatırlar şərab içərkən.

Bir göydür ki, ulduz ona nur verir,

Dənizdir ki, tacı öz gövhəridir.

Dünyanı yumuş bu üçüncü dəniz,

Nəsara dinindən etmiş tərtəmiz[265].

Uca, dik başını Müştəri öpər,

Onun bir nəzəri min işıq səpər.

Təslis və tərbiə cəvahir saçan,

Nəsara dinindən etmiş tərtəmiz[266].

Mübarək bəxtindən dünya kam almış,

O köhnə şahlardan yadigar qalmış.

Ulduz baş çəksə də uca göylərə,

"Bəndənəm" deyərək baş qoyar yerə.

Dünyanı padşahlıq gücüylə hər an

Doldurmuş biliklə, silmiş qubardan.

Məclisin başında parlaq günəşdir,

Döyüşdə əjdaha yaxan atəşdir.

O qədər durudur qəlbinin gözü,

Onunla nurlanır günəşin üzü.

Qılıncı qana qəsd etdiyi zaman

Su, atəş çıxarır qara daşlardan.

Yayından buraxsa nişan oxunu,

Yerlərə bağlar o, göyün boyunu.

Firənglə Fələstin, Rum keşişləri

Verdiyi buyruqdan durmazlar geri.

Gördüm ki, güvənmiş işıqlı baxta,

Oturmuş şahanə mübarək taxta.

Əlimdə yox elə böyük hədiyyə,

Şahım, o şahanə taxta səpməyə!

İskəndər getdiyi çeşmədən də saf

Bir gövhər düzdüm ki, ondan da şəffaf.

Bitincə gövhəri aldım hüzurə,

Gövhəri hədiyyə verdim gövhərə[267].

Verdim bu gövhərin üzüyünü mən

Yeni İskəndərə o İskəndərdən.

Yaşasın padişah uca baxtıyla!

Var olsun həmişə tacü taxtıyla!

Bağçanda ötən bu-şeyda bülbülün

Səsiylə şənlənsin mübarək ömrün.

Elə tacidarsan, göylərin tacı

Tacının ucunu öpmək möhtacı.

Bu taxta tək səni bəyəndi dövlət,

Dünyada bəxtiyar bir sənsən, əlbət.

Dünyada olmamış mümkün kimsəyə

Göndərsin padşaha layiq hədiyyə.

Böyük bir dəryaya saxsı kuzədən

Bir damcı su damsa, olurmu görən?

Qara daşdan sızan damcılar, əlbət,

Dənizə yetişməz, bu bir həqiqət!

Nizami ki, quldur, bəndədir sana,

Yazdı bu naməni sənin adına.

Qarışqa, Süleyman taxtıdır, deyə,

Bir çibin qanadı verdi hədiyyə.

Tovuzun qanadı olsa da rəngin,

Baxsana səsinə - pişikdən çirkin.

Bax, kiçik bir bülbül cəh-cəh edərkən

Quşları aşağı endirər göydən.

Mən haman bülbüləm, uçdum cənnətdən,

Sənin gül bağçanda eylədim məskən,

Dövründə oxuyum elə təranə.

Illərcə yayılsın adın cahanə.

Onunçun adına yazdım bir dastan,

Qələmim qızıla batsın naxışdan.

Qəsdim fil tiynətli zər almaq deyil,

Məhmudun filinə bənzəməz bu fil.

Kimsə istəmədən sərvət verərsən,

Qədərsiz xəzinə, xələt verərsən.

Yazmaqdan olsaydı qəsdim gövhər, dürr,

Dürr, gövhər yonmaqla keçərdi ömür.

Bu işə eşqim var əzəldən, başdan,

Qızılda gözüm yox, eşqimdir cahan.

Söz demək sirrini mənə verdi haqq,

Sənə də düşüncə, qüvvət və anlaq.

Xəyala nə gəlsə artıqsan ondan,

Məmləkət alan ol, dünyanı tutan!

Bu uca fələkdən hey zaman-zaman



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [106] [107] [108] [109] [110] [111] [112] [113] [114] [115] [116] [117] [118] [119] [120] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info