Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Gündüzdən daha şux, parlaq bir gecə!

Günəşdən aydındı, işıq və incə!

Bu yaşıl künbədin şənliklərindən

Şən, zümrüd körpələr doğurur çəmən.

Əsrarlı ulduzlar dönmüş çırağa,

Ağ gümüşdən rəqəm yazmış torpağa.

Bu qorxunc hərfləri bilən, oxuyan,

Tutarmı bu sonsuz köhüldə məkan?

Dünyada çalışmaq boş şeydir, ancaq

Ruzini səy ilə olmaz artırmaq.

Kədərə dəyməz bu dünya, şən keçin!

Kim deyər bu saray tikildi qəmçin?

Şənlikçin yaranmış dünya, bunu bil!

O zillət, fəlakət ocağı deyil!

Bu zəhmətli yerdə çox tutma qərar,

Bu dibsiz quyudan yükünü çıxar.

Ver şənlik meyini, can qurban ona!

Içək, həm də verək başqalarına,

Gün keçdi, sabah da gəlməmiş ələ,

Yalnız bu gecəni şən keçir hələ.

Bu gecə keyf ilə ömür sürərik,

Sabahın işini sabah görərik.

Hələ qəm çəkilməz xəzəl gəlməmiş,

Məzara girilməz əcəl gəlməmiş.

Yalnız şənlik gərək, nuş edərkən mey,

Şərab məclisində yox başqa bir şey!

Özünü zillətdə tutmaq nə gərək!

Il boyu qəm, kədər udmaq nə gərək!

Girmə bu dünyanın kəc qapısından,

Heçlikdən bir fayda görərmi insan?

Fil ayaq altına bizi almadan

Dur köçək bu yurddan, yeriyir karvan!

Gəl yeyək var-yoxu özgə yemədən!

Zövq alaq başqası qarət etmədən.

Elə bir qazanclı maya al ələ,

Köçürkən keçmişlər almış özüylə.

Qorx sən bu bac alan, yol vuranlardan,

Yolda var-yoxunu edərlər talan.

Yoxsula ver nəyin varsa, çox, ya az,

Yoxsul daxmasını kimsə aramaz.

Görmürsən, bac verən bu dövlətlilər

Yoxsul dəhlizindən qaparaq verər.

Eşq olsun ən doğru düşünən mərdə,

Varına yer verdi xərabələrdə!

Bir günlük tarixi vardır bu çərxin,

Yüz illik xəznəni gizlətmək neçin?

Gəl, otur üz-üzə, edək şadlıq biz.

Edək bir gecəlik Keyqubadlıq biz!

Gəl, otur, ömürdən bu gün kam alaq.

Dünəni, sabahı xatırlamayaq!

Çəkinək faydası olmayan şeydən,

Bu işdən heç məmnun deyil düşüncən.

Əlində nə qədər var isə imkan,

Çalış ki, şən keçsin hər nəfəs, hər an.

Qəlbimiz hər zaman şən olmalıdır,

Kin, tamah bədənə atəş nalıdır.

Ömrə sərmayədir aldığın nəfəs,

Kədərə tapşırmaq əbəsdir. əbəs!

Şənliklə səslənsin çıxan nəfəslər!

Şən nəfəs almasan, sərmayən gedər.

Barı ver, könlünü şənləndir ancaq,

Ucuzdur bir heçə bir könül almaq.

Sərvətçin kar olma, dönmə sərt daşa!

Sərvətin olmasın, ancaq sən yaşa!

Bərk tutma dünyanı, etsən bir nəzər,

Bərk tutmaq ölümə çətinlik verər.

Bu dünya malına uyma çox, zinhar,

Hər sadə keçinən asudə yaşar.

Sevimli bir saat, uğurlu gecə,

Onda şən keçirmək olur könülcə.

İskəndər dövrünün yaqutlarından

Belə nəql eləyir tarixi yazan:

Tacidar o gecə qəlbində fərəh

Gül dodaq eşqinə doldurdu qədəh.

O camı qaldırdı gül dodağına,

Cam da bir qul kimi baş əydi ona.

Oturmuş bir cavan sərv ağacıtək,

Gah lalə tökür, gah ərğəvan çiçək.

Müşkin gül üstünə yazılmış bir xətt.

Gülə gül suyuyla çərx vermiş zinət.

Həm düşmən fəthindən könül çox şəndi.

Həm də dostlarıyla evi gülşəndi.

Çağırtdı gül üzlü o dilaramı,

O mələk simalı nazik əndamı.

Bir saz, bir oxuyub çalandı həmdəm.

Çadırda qalmadı daha naməhrəm.

Min bir istək ilə istənmiş dilək,

Başına, üzünə vurmuş yüz bəzək.

Al nar danəsindən dodağı dilbər,

Dili al nabatdan daha şirin, tər.

Gözləri gül, ağzı o qədər dardı,

Biri saz, o biri könül çalardı.

Araqçın altından o müşkin tellər

Kəmənddir asılmış ətəyə qədər.

Məclisə yaraşıq verən, oxuyan,

Şahın əlindədir çalan hər zaman.

İskəndər əmriylə aldı sazını,

Gövhər xəznəsinin açdı ağzını:

"Bu gecə dünyamız yenidir, şəndir,

Hər şənlik İskəndər dövlətindəndir.

Xoş olur gül, çiçək çağı ruzigar,

Hər tərəf gülümsər gülərkən bahar.

Qalxdıqca al günəş od kimi yanır,

Işıqlı dünyadan nur dalğalanır.

Toxuyur, əsərkən səhər küləyi,

Yer rumi, göy isə Şüştər ipəyi.

Al qızıl güllərlə şənlənincə bağ

Yanar hər qönçədən bağda yüz çıraq.

Şah qoymuş dünyaya zəfərlə təməl,

Güzgü pas altında görünməz gözəl.

Keyxosrov əldə cam tutduğu zaman

Taxtınız qalmasın boş belə camdan!

İskəndər Cəmşiddən olmuşsa yüksək,

Gül üzüm günəşə üstündür gerçək.

Şah qızıl çəkməli Firidunsa, mən

"Gavə bayrağıyam", onu fəth edən.

Taclı Keyqubadsa uca İskəndər,

Mənim tacım isə müşküdür, ənbər!

Firuzə taclısan, Keykavus isən,

Məndən taxt tələb et fil sümüyündən.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [106] [107] [108] [109] [110] [111] [112] [113] [114] [115] [116] [117] [118] [119] [120] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info