Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Ən başda asılmış bir köhnə dəri.

O qədər köhnədir getmiş tükləri.

Nəzərdən keçirdi o dəriləri,

Bilmədi nədir o asılmış dəri.

Sordu ki: "Bu köhnə dərilər nədir?

Nə kimi bəzəyə bunlar əl verir?"

Çox incə bir cavab verdi rus ona:

"Gördüyün mətahlar borcludur buna!

Dəriyə xor baxma, "köhnədir" deyə,

Dəyərli sərvətdir bizim ölkəyə.

Zahirdə çirkinsə bu köhnə dəri,

Bizcə hər dəridən çoxdur dəyəri.

Hər bir dəri yığan çıxsa bazara,

Bazarda bu tüksüz dəridir para.

Sabit deyilsə də bu sim ilə zər,

Çünki dövran onu tez-tez dəyişər.

Bizim sikkəmizdir bu köhnə dəri.

Tük qədər əksilməz bunun dəyəri".

Bu işə çox heyrət etdi tacidar,

Bu əmrə, bax, necə boyun qoydular.

Vəzirə söylədi: "Hər bir dövlətin

Qolunu siyasət etmişdir mətin.

Bax, nələr yaradır xalq siyasəti.

Dəriyə verir bir qızıl qiyməti.

Bu yerdə gördüyüm bütün şeylərdən

Yalnız mən bu işə deyərəm əhsən.

Bu xalqda olmasa belə bir gövhər.

Bu yerdə bir şəxsə kim boyun əyər?

Hər kim etməmişsə bir hünər izhar,

Yalnız bu hünərlə rus şahlıq qurar".

Vurulunca başa qənimət günü

Yerinə yetirdi haqqın şükrünü.

Tanrının şükrünü edincə tamam,

Məclisi bəzədi, ələ aldı cam.

Xoş nəğmə, dadlı mey edincə əsər

O bahar buludu yağdırdı gövhər.

Ordunun çalışan böyüklərinə

Xalvarla dağıtdı ipək, xəzinə.

Qızıl paylamaqdan daşdı var, dövlət,

Hamıya yenidən payladı xələt.

Orduda qalmadı kəcavə çəkən

Məfrəşi olmasın xaradan, zərdən.

Istədi o dili bağlı kişini,

Zənciri açılmış çöllü vəhşini.

O dağ, daş dolanan çöllü yetişdi,

Şahın qarşısında səcdəyə düşdü.

Heyrətlə süzdü şah başdan-ayağa,

Başını oynatdı o mətin dağa.

Verdi çox hədiyyə o canavara,

Dəyərli çox daş-qaş, gümüş, zər, xara.

Rədd etdi ki, belə sərvət, xəzinə,

Ey şahim, nə gərək bu çöl əhlinə?

Bir qoyun başını atdı oduntək,

Göstərdi ki, mənə bu qoyun gərək!

Padişah əmr etdi: yeməli olan,

Çöllərdə bəslənmiş kök qoyunlardan

Bir sürü verdilər, aldı o kişi,

Padşaha təşəkkür edərək vəhşi

O böyük sürünü önünə saldı,

Sevinclər içində evə yol aldı.

Qəlbaçan, quşların oynağı olan

Bu yeri bəyəndi böyük hökmüran.

Dünyada alırdı çalğı, meylə kam,

Çərx ona baş əyib verirdi salam.

Şərabdan o sərxoş olduğu zaman

Üzü rəng alırdı gül rəngli sudan.

Rusların şahını çağırtdı bir də,

Oturtdu onu ən layiqli yerdə.

Zənciri açdırdı o uca şövkət,

Verdi saf qızıldan toxunmuş xələt,

Ürəkdən bir bəndə oldu padşaha,

Öz keçmiş kinini unutdu daha.

Zindandan buraxdı bütün əsiri.

Xələtlə ucaltdı, açdı zənciri.

Ruslara əmr etdi: "Gəlsin Nüşabə!"

Onsuz əl vurmadı gülgün şərabə.

Padşahın əmrinə tələsdi ruslar,

Günəşin yanında ay tutdu qərar.

Gəldilər zülümdən solmuş gözəllər,

Bəyənmiş olduğu bir dəstə dilbər.

Nüşabə bəzəndi şux geyimlərlə,

Döndü ilk baharda açılan gülə.

İskəndər talandan saçdı xəzinə,

Təzədən bir gəlin bəzədi yenə.

Kamınca mey içdi bir neçə gecə,

Bəxtiyarlıq günü sona yetincə,

Verdi Dəvalıya qızın əlini,

Nigahla bağladı ona gəlini.

Bu mübarək ayin yetincə başa

Verdi çox xəzinə, tutdu daş-qaşa.

Şövkətlə göndərdi yenə Bərdəyə,

O gözəl ölkəni ucaltsın deyə.

Ölkəni təmirə sərvət, mal verdi,

Yol xərci bir yana, çox cəlal verdi.

Elə ki, işlərə verdi intizam,

Etdi igidlərə böyük ehtiram.

Verdi rus şahına yenidən tuğ, tac,

Ancaq əmr eylədi: göndərsin xərac.

Öz doğma yurduna dönüncə ruslar,

Qıntal öz taxtında oldu bəxtiyar.

Bir daha çıxmadı onun əmrindən,

Hər zaman yad etdi şərab içərkən,

O yaşıl çəməndə hər gün tacidar

Gah şənlik qurur, gah edirdi şikar.

Uca sərv altında çalğı səsiylə,

Qədəh qaldırırdı ney naləsilə.

Könlü şad olduqca çox şənlənirdi,

O coşğun ürəyi fərəhlənirdi.

Padşahlıq, şən tale, ömür, qönçə gül,

Neçin şad olmasın belə bir könül?!

 

 

 

İSKƏNDƏRİN ÇİNLİ KƏNİZLƏ

ŞƏNLİK ETMƏSİ

 

Saqi, ol xəyallı şərab ilə dur,

Kəhrəba rəngli bu saxsını doldur!

Bu qara torpaqdan süzülən gövhər

Şənlətsin qəlbimi, qalmasın kədər!



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [106] [107] [108] [109] [110] [111] [112] [113] [114] [115] [116] [117] [118] [119] [120] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info