Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Mənimlə oynaya bilərmi divlər?

Yəni sən məni istəsən, gözün üstümdə olsa, qara qüvvələr mənə ziyan vura bilməz.

 

[12]                     Bu köhnə dəzgahdan düşərsəm uzaq...

Yəni ölüb bu dünyadan gedərsəm... Burada köhnə dəzgah dünya mənasında işlənmişdir.

 

[13]                     Zamindir qaraya, ağa bu rəhbər...

Yəni Məhəmməd peyğəmbər günaha da, savaba da zamindir.

 

[14]                     Xalını qaraldır Əbbasilərin,

Gözünə nur saçır şəmmasilərin.

Əbbasi xəlifələrinin paltarları və bayraqları qara idi. Xalını qaraltmaq ifadəsi burada Əbbasilərin səltənət və əzəmətinə işarədir. Şəmmas -atəşpərəst, həm də gözdə ağ - titə deməkdir, İnad göstərmək mənasında işlənir. Yəni atəşpərəst şəmmasilərin gözündən ağlığı, korluğu alıb nur saçdı, onları müsəlman etdi.

 

[15]         Dodağı İsadan daha möcüzkar.

Yəni onun (Məhəmməd peyğəmbərin) nəfəsi ölüləri dirildən İsanın nəfəsindən daha möcüzəlidir.

 

[16]                     Zülmətin suyutək geyinmiş paltar.

Yəni dirilik suyu zülmətdə, qaranlıq içində gizli ikən, onun da vücudu qara paltarla örtülü idi.

 

[17]                     Göy - ona dünyada dörd tağı quran,

Yer - ona fələkdə beş növbət vuran.

Yəni göylər ona yerdə dörd ünsürdən dörd qübbəli çadır quran, yer də göylərdə onun beş növbət vuranıdır. Səlcuq padşahı Sultan Səncərdən qabaq şahların saray darvazasında gündə dörd dəfə nağara çalmaq qayda idi. Sultan Səncərdən sonra nağara çalmağın sayı beşə qaldırıldı. Nizami burada beş növbət vuran dedikdə, beş vaxt namaz qılmağı nəzərdə tutur.

 

[18]                     Odur öz ağlına eləyən təkyə,

Ayı barmağıyla bölən ikiyə.

Dini etiqadlara görə, Məhəmməd peyğəmbərin möcüzələrindən biri də Ayı barmağı ilə ikiyə bölməsidir. Güya qureyşilərin rəislərindən Əbu-Sufyan və Əbu-Cəhl bir dəfə Məkkədə Məhəmməd peyğəmbərdən doğrudan da peyğəmbər olduğunu isbat etmək üçün Ayı barmağı ilə ikiyə bölməyi tələb etmişlər. Məhəmməd də güya barmağı ilə Aya işarə etmiş və Ay iki parça olmuşdur. Sonra yenə barmağını Aya doğru uzatmış, Ay parçaları yenidən birləşmişdir.

 

[19]                     Hər iki dünyadan bir don tikərək,

Onlardan düzəltmiş yeganə bəzək.

O donu geyərkən pak vücuduna,

Bir qarış az gəldi uca boyuna.

Yəni Məhəmməd peyğəmbər iki aləmdən də yüksəkdir, onun varlığı bu aləmə - yer və göy aləminə sığışmadı.

 

[20]                     Dəvətə genişlik o vermiş yenə,

Daşlar da şahiddir möcüzəsinə.

İslamiyyət uğranda apardığı müharibələrin birində Məhəmməd peyğəmbərin ağzını vurub yaralamışdılar. Bu beyt həmin hadisəyə işarədir.

 

[21]                     Göy gecə məclisi qızışdırmışdı,

İşıqdan gecənin gözü qamaşdı.

Məhəmməd peyğəmbərin meraca getdiyi, yəni göyün yeddinci təbəqəsinə qalxdığı gecə göylər ondan işıqlandı.

 

[22]                     Çin ipəklərinə düzmüş dürr, gövhər...

Yəni göyləri ulduzlarla bəzəmişdir.

 

[23]                     Yetmiş yollu yurddan köçünü vurdu,

Çadırı yeddinci fələkdə qurdu.

Yəni yetmiş iki millətin yurdu olan bu dünyadan köçüb, yeddinci fələyə meraca getdi.

 

[24]                     Doqquz hücrəsini bir an buraxdı,

Göyün doqquzuncu tağına qalxdı.

Məhəmməd peyğəmbərin doqquz arvadı və doqquz otağı vardı. Yəni o, doqquz hücrəsinin işindən əl çəkdi, dünyanı tərk etdi, doqquzuncu fələyə getdi.

 

[25]                     Yeddinci əflakə çapdığı zaman

Dişarı atıldı dördkünc daxmadan.

Dini etiqada görə, Məhəmməd peyğəmbər meraca Büraq adlı mövhumi at üzərində getmişdir. Dördkünc daxma - güya dörd ünsürdən (sudan, oddan, havadan, torpaqdan) vücuda gəlmiş yer deməkdir. Yəni yeri buraxıb, göyə çıxdı.

 

[26]                     Ərəb səmasında bir Süheyl çapdı,

Yəmən gönü ondan yeni rəng tapdı.

Yəni onun (Məhəmməd peyğəmbərin) Büraqı ərəb torpağının göylərində Süheyl ulduzu kimi parladı, onun nurundan Yəmənin tumaçı rəng və xoş qoxu aldı. Süheyl - cənubda görünən çox parlaq bir ulduzdur.

 

[27]                     Gecə otlağından, sərxoş olaraq

Ay kimi gəlmişdi əldə şəbçıraq.

Əfsanələrə görə, şəbçıraq elə bir gövhərdir ki, dəniz atı sahilə otlamağa çıxarkən onu özü ilə çıxarır, işığında otlayır, doyub məst olandan sonra yenə o gövhəri özü ilə dənizə aparır. Nizami burada Büraqı həmin əfsanəvi dəniz atına, Məhəmməd peyğəmbəri də həmin nurlu gövhərə bənzədir: at, gövhəri (şəbçıraqı) dənizə apardığı kimi, Büraq da Məhəmməd peyğəmbəri göylər dənizinə, asimana aparmışdır.

 

[28]                     O səyyar dənizdən toz qoparırdı.

Burada dəniz - göylərə işarədir. Yəni Məhəmməd peyğəmbər göyləri çox sürətlə keçib gedirdi.

 

[29]                     Çatdı hər dənizə yeddi ülkərdə,

Yeddi yol yuyundu o dənizlərdə.

Yəni göylərin yeddi təbəqəsini keçib, daha da yüksəklərə qalxdı.

 

[30]                     Ütarid ulduza verdi qələmi,

Əlinə qələmi alarmı ümmi?

Ütarid ulduzu - köhnə astroloji təsəvvürə görə, göylərin katibi sayılır. Ümmi isə savadsız deməkdir. Yəni oxuyub-yazmaq bilməyən Məhəmməd peyğəmbər öz gəlişi ilə Ütarid ulduzunu savadlandırdı, işıqlandırdı.

 

[31]                     Ərş divangahını sürətlə keçdi,

Dərcin də yolunu bir anda biçdi.

Dərc - burada Məhəmməd peyğəmbərin merac gecəsində keçdiyi göy pillələrindən birinin adıdır. Yəni Məhəmməd göyün təbəqələrini, o cümlədən dərc pilləsini keçib, yeddinci qata yüksəldi.

 

[32]                     Ağızdan çıxmayan səsi eşitdi,

Görünməz simanı ziyarət etdi.

Yəni Allahdan gələn səsi eşitdi və gözə görünməyən varlığını iman gözü ilə gördü.

 

[33]                     Tərifə başlasam dörd yavərini,

Dörd gövhər satan var, dörd gövhər alan.

Burada dörd yavər dedikdə, Məhəmməd peyğəmbərdən sonra onun yolunu davam etdirmiş olan dörd xəlifə nəzərdə tutulur. Gövhər - burada islam dini deməkdir. Dörd gövhər satan və alan - yenə dörd xəlifəyə işarədir.

 

[34]                     Bu dərviş sifətli dörd böyük soltan,

Dünyaya olmuş dörd təkbir oxuyan.

Dərviş sifətli dörd soltan - yenə dörd xəlifəyə işarədir. Dörd təkbir - ölü üçün oxunan namazdır; burada üz çevirmək mənasındadır. Yəni o dörd xəlifə dünyadan üz çevirib, onun bütün varına göz yummuşlar.

 

[35]                     Bazarlar olmuşdu səs-küydən uzaq,

Zınqırov səsindən dincəlmiş qulaq.

Yəni bayır-bazar küydən, gurultudan boşalmış, hər tərəfə səssizlik çökmuşdü. Gecə qarovulları yatmış, zınqırovların səsi kəsilmişdi (Şahların qarovulları bellərinə zınqırov bağlardılar ki, onun səsindən yuxuları qaçsın, yatmasınlar).

 

[36]                     Dan yeri başını salmışdı suya.

Yəni Günəş də göyün dənizinə qərq olmuşdu.

 

[37]                     Gah başım dizimin üstündə dalğın,

Yer - başım altmda, göy - ayağımın.

Yəni başım dizimin üstündə, fikrə dalmış halda xəyalat və ilham göylərində uçurdum. Deməli, yer başımın, göy isə ayaqlarımın altında idi.

 

[38]                     Günəş qarşısında əriyəntək mum,

O mumla gözümdən çəkildi yuxum.

Yəni Günəş mumu əridən kimi, mənim qızğın fıkirlərimlə coşğun ilhamım yuxumu əritmişdi, səhərə qədər yatmamışdım.

 

[39]                     Müəzzin başlarkən birinci qunut

Ki: "Subhanə həyyəlləzi layəmut"...

Yəni azançı əvvəl Allahın əmrlərinə tabelik duasını oxudu: "Həmişə diri və əbədi ölməz olan Allaha alqışlar olsun", dedi.

 

[40]                     Başladı ürək, dil: "Şeir yaz" deyə,

Harut, Zöhrə kimi cadugərliyə.

Yəni Harut və Zöhrə bir-biri ilə eşqbazlıqda şirin, gözəl söhbətlər və sehrbazlıqlar etdikləri kimi, mənim də qəlbim, dilim bədii söz yaradıcılığında möcüzəli sənət əsərləri yaratmaqla məşğuldur. Harut və Marut dini xurafatda İki mələyin adıdır; Güya Babil qülləsində bir quyudan başıaşağı asılmışlar. Əfsanəyə görə, Harut Zöhrə adlı bir qadınla eşqbazlıqda ona sehr və əfsun öyrətmiş və güya bu qadın öyrəndiyi sehr ilə göyə qalxaraq orada Zöhrə ulduzuna çevrilmişdir. Zöhrə ulduzu İran mifologiyasında həm də göy çalğıçısı sayılır. Farsca ona Nahid deyilir.

 

[41]                     Bu barlı ağacdan kim nıeyvə dərsə,

Söyləsin xoşbəxtdir bu bağban kimsə.

Burada barlı ağac Nizaminin əsərinə - "Şərəfhamə"yə işarədir. Kim meyvə dərsə, yeni kim "Şərəfnamə"ni oxusa... Bağban isə o meyvələri yetişdirən, yəni o sözləri yazan Nizamidir.

 

[42]                     Ancaq bir şərtim var: bir para dəcəl,

Qonşunun malına uzatmasın əl.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [106] [107] [108] [109] [110] [111] [112] [113] [114] [115] [116] [117] [118] [119] [120] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info