Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Yerlər xəstələndi yaralılardan,

Yorğun ahlar saçdı göylərə duman.

Lacivərd rəngində olan bir dağtək

Şah verdi cəbhənin qəlbinə bəzək.

O qılınc oynadan sərt qulaq zəngi

Bağırdı, elə bil zəncinin zəngi,

Kin dodaqlarında köpüklənərək

Ağzını açmışdı bağa tasıtək.

Canlanan mərkəzlər qalxdı ayağa,

Durdular meydanda at oynatmağa.

Hünər göstərməyə coşarkən mənlik

Baş verdi zirəklik, dəlilik, şənlik.

Rumları yarışda yendi zəncilər,

Bunlar çox müdhişdi, onlar çox dilbər.

İskəndər darıldı bu qorxunc işə,

"Incələr yaramaz qızğın döyüşə".

Düşündü: "Mən özüm olaram aslan,

Ayırram özümü bu qorxaqlardan.

Indi ki, qorxmuşdur qoşunun qəlbi,

Mən özüm aparam gərək bu hərbi".

Dan yeri ağardı, şəfəq söküncə

Sürətlə çəkildi qaranlıq gecə.

Şahın zərbəsiylə bir neçə qara

It kimi gəbərdi alınca yara.

Şahın hünərini belə görənlər

Kəskin qılıncından etdilər həzər.

Meydanda özünü şah yalqız gördü,

Atını düşmənin qəlbinə sürdü.

Bu dünya Pələngər şaha oldu təng,

Düşündü: "Dənizdən çıxmış bu nəhəng".

Öz adamlarına dedi: "Bu şikar

Toruma düşərsə, qurtuluşmu var?"

Şahanə bir silah tərtib elədi,

Qılıncla qalxanı tərkib elədi.

Kərgədan gönündən geyindi köynək,

Qızıldan vurulmuş ona çox bəzək.

Güzgü, ya xam gümüş kimi parladı,

Başında poladdan dəbilqə vardı.

Qılıncı maralın gözütək parlar,

Qarınca qanadı kimi cövhərdar.

Atıldı, cür ətlə girdi meydana,

Ürəklə kim hücum edər aslana?

Bağırdı: "Ey şikar arayan aslan,

Özünə güvənmə, oxuma meydan.

Getmə, gəl vuruşaq, görək kim kimi

Meydanda basacaq bir aslan kimi?

Görərsən kimdədir ucalıq, zəfər,

Kimə yar olacaq səadət, hünər?.."

Zəncinin sözündən coşdu İskəndər,

Qan vurdu başına, qovruldu ciyər.

Qarşıda kin ilə coşarkən düşman

Rəqibin qəlbində cuşə gəldi qan.

İskəndər bağırdı: "Güvənmə boş-boş,

Igidlər önündə öyünmə, sərxoş!

Söz açma mənə bu qəhrəmanlıqdan,

Kölgəsindən qorxan, ey sərsəm, nadan!

Qorx aslan yenəndən aslansan əgər,

Igidlər yenənə göstərmə hünər.

Tərpədə bilməsən ağır gövdəni,

Məhvinə çalışmaq məhv edər səni!

Aslanın böyrünə əl çəkmək üçün

Üstün olmalıdır aslana gücün.

Şahinlik göstərən, ey zəif sərçə,

Özünü məhv üçün işlətmə pəncə!

Xoşdur, gəl dolaşaq, məhəkdir meydan,

Kimdədir üstünlük, edək imtahan!

Igidlər yenənə bu tənə əbəs,

Yenilər hər zaman tənə vuran kəs".

Padşahın sözündən o kükrəyərək

Yerindən tərpəndi qara tüstütək.

Şahın üzərinə qılıncı çəkdi,

Buluda ildırım nə edəcəkdi?

Padşahın tükləri qılınca döndü,

O çirkin simadan qəlbi döyündü.

Acıqla bir qılınc vurdu İskəndər,

O polad qalxana etmədi əsər.

Çox süngü oynatdı şah ilə qara,

Süngüdən heç biri almadı yara.

Qaranlıq çöküncə, çəkilincə gün

Döyüşdə heç biri olmadı üstün.

Zənci bu döyüşdən darıldı ona,

Dedi: "Gün çəkildi dağın ardına,

Davanı tərk edək, gecədir daha,

Bu qanlı vədəmiz qalsın sabaha.

Elə ki, ağarar qaranlıq gecə,

Dan atıb günəşli səhər gəlincə,

Oxuyum sənə mən elə bir meydan,

Ilan yuvasını satın alasan.

Bu şərtlə: ordunu çəkərkən səhər

Qarşımda ol səhər kimi cilvəgər".

Bu sözlər bitincə döndü cəbhədən,

Şah dedi: "Razıyam bu şərtlərə mən".

Razılıq verincə qısa möhlətə,

Meydandan döndülər istirahətə.

 

 

 

İSKƏNDƏRİN ZƏNGİBAR ŞAHINI

MƏĞLUB ETMƏSİ

 

Elə ki, dan atdı, o parlaq günəş

Dənizin suyundan qaldırdı atəş.

Meydanda rum, zənci təbil döyərək,

Ağ, qara qarışdı şətrənc zəritək.

Qırqovul rumlular, qarğa zəncilər

Tərlanın iki rəng köksünə bənzər.

Zəncilər gecəydi, rumlular çıraq,

Rumlular qarğanın gözüydü ancaq[118].

Bir qara buluda büründü cahan,

Gözündən axıtdı dənizlərə qan.

Başlardan aşan bir daşqın sel oldu,

Biri susuz qaldı, biri boğuldu.

İskəndər meydanda bir at oynatdı,

Ox kimi düşmənin gözünə batdı.

Qızışdı cəbhədə döyüş bazarı,

Qalxdı asimana yerin tozları.

Geydi xam ipəkdən dar gözlü kaftan,

Özünü qorudu oxdan, qılıncdan.

Ən parlaq bir zireh geyindi göz-göz,

Çeşmətək qamaşır ona baxan göz.



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info