Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

O yerdə gün-gündən ucalmış dövlət.

Hər yerdə şərəfli bir dövlət vardır,

Ucalar fikrindən ucalanlardır.

Ayda öz taxtını qurmaq istəyən,

Gərəkdir yüksəlsin bu pillələrdən".

Şahzadə söz verdi öz ustadına:

"Hər əmrin qəbuldur, - söylədi ona, -

Taxtımla, tacımla olsam padişah,

Ərəstu vəzirim olacaq, billah!

Sözündən, fikrindən dönməz İskəndər,

Onun hər əmrinə bağlaram kəmər".

Elə ki, taleyi oldu ona yar,

İskəndər sözündə qaldı bərqərar.

Ustadı bilirdi: bir gün bu uşaq

Dünya şahlarına fərman yazacaq.

Bir şəkil çəkdi o, həndəsi hərfdən,

Qalibi, məğlubu etdi müəyyən.

Dedi: "Al, bir qəza üz versə sana,

Hərfi say, həm düşmən, həm öz adına.

Adın dairədə qalsa müzəffər,

Əmin ol bəxtinə, sənindir zəfər.

Bu sayda üstünlük göstərsə düşman,

O qalib kişidən çəkin hər zaman".

İskəndər qocadan o şəkli aldı,

Bu faydalı işdən sevincə daldı.

Yazanda həndəsi hərfi İskəndər,

Hər zaman zəfərdən tutardı xəbər.

Əqliylə bəxtiyar yaşardı hər an,

Onun hər elmindən qaynardı qazan.

Tədbirli, bilici olmaqla yenə

Baş əydi bilici şəxsin fikrinə.

Alimlər sözünü tutaraq getdi,

Əqliylə özünü bəxtiyar etdi.

Ustadın oğlu da alim bir kəsdi,

Onunla həm yaşıd, həm də həmdərsdi.

Şahzadə daima ona mehriban,

O da şahzadədən ayrılmaz bir an.

Ərəstu razılıq verməzsə işə,

İskəndər bir quş da taxmazdı şişə.

O tədbir vermədən tutmazdı bir iş,

Hər işdə alardı ondan göstəriş.

Bu çarxın pərgarı döndü çox zaman.

Dünya çox seyr etdi dağdan, səhradan.

Feyləqus dünyanı tərk etdi daha,

Taxtını tapşırdı gənc padişaha.

Gəl, qorx bu dünyanın fitnə, felindən,

Qurtar öz canını onun əlindən.

Ağacdır, dörd kökü, altı böyrü var,

Çoxunu boğmuşdur bu qorxulu dar[92].

Şiddətli küləklər qopduğu zaman

Düşər yarpağımız bir-bir ağacdan.

Bu bağda əbədi yaşamaz bir kəs,

Hər gələn burada çəkər bir nəfəs.

Yetişər bu bağda hər gün bir nobər,

Birisi gəlirkən o biri gedər.

Dünyadan gedərsən istər-istəməz,

Bu tədbir, bu təlaş bir şeyə dəyməz.

Bu dünya mülkündə yox belə bazar

Varını özilə alsın tamahkar.

Dünya salmış tora, çünki borclusan,

Borcunu tez ol ver, qurtul bu tordan.

Nalbəndlə palançı eşşəyə bir gün:

- Nal, palan pulunu ver,- dedi,- bütün,

Topal ayağından, yağır dalından

Nalını, palanı atdı o heyvan.

Eşşək öz borcundan olunca azad,

Olduqca dincəldi, qəlbi oldu şad.

Sən də, ey tozlara bulaşmış insan,

Borcunu ver, qurtul bu toz-torpaqdan.

 

 

 

İSKƏNDƏRİN TAXTA ÇIXMASI

 

Ey saqi, dur məni qurtar mənlikdən,

Işıqlı badəndən işıqlanım mən.

Bir mey ki, dağıdar qəmi, kədəri,

Sağaldar mumyatək bu xəstələri.

Əlində tərəzi mahir söz ölçən

Saxta əşrəfini saldı rövnəqdən[93].

Saxta olduğunu artıq bilincə,

Elə bir sikkəni vermədim xərcə.

Hər hərfin üstünə barmaq bassam mən,

Tapılmaz üstündə qələm işlədən[94].

Elə ki, gücləndi arxam və adım,

Kimsənin hərfinə barmaq basmadım.

Yamanlıq görmədi məndən bir insan,

Mənim də düşmənim vardır hər zaman.

Tutduğum yol deyil, zəhər içməkdir,

Hünər aramaqdır, eybi örtməkdir.

Düzlükdə əvvəldən göstərdim hünər,

Qələmi düz atdım sonuna qədər.

Elə bir dabbaqlıq etdim bu gönə,

Mətanət göstərsin hər ağır günə[95].

O böyük tanrıdan budur diləyim:

Bir an da bu doğru yoldan dönməyim.

Sizə nəql etdiyim həmin rəvayət

Usta bir nəqqaşın işidir əlbət.

Elə ki, Rum şahı taxta oturdu,

Dünyaya mum kimi bir naxış vurdu,

Bütün ölkələrə ədli səs-saldı,

Rum taxtı onunla yeni rəng aldı.

Atadan gördüyü rəsmi, ayini

Seçərək saxladı bəyəndiyini.

Köhnə adətləri möhkəm saxladı,

Keçmiş qanunları bərk qucaqladı.

Daraya xəracı verirdi yenə,

Ölkədə hakimdi köhnə ən ənə.

Feyləqus əmrində olan hər diyar

Onun da əmrinə boyun qoydular.

Dostluqda atadan daha da mətin,

Düşmənin məhvində qılıncı kəskin.

Igidlər qorxardı: "Güclüdür", deyə,

Onunla girməzdi bir tərəziyə.

Onda ki, qolunun gücün yoxlardı,

Aslan qulağına düyün vurardı.

Əlində nə qədər süst olsa kaman,

Bir oxa bir nəfər edərdi qurban.

Maral, ceyran ovlar həddindən kənar,

Ovlaqda aslanı edərdi şikar.



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info