Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Gəl, getmə, qızardım qara üzünü,

Saçından qıvırcıq edim özünü.

Güzgütək parlayan qılınc pas tutur,

Güzgüyəm, məndən hər zənci yas tutur.

"Ağlıq" ağlıq alır xəstə gözlərdən,

Qılıncın qızartı alar üzlərdən.

"Mən divəm - deyirdin, - xörəyim adam", -

Məni ye ki, divdən lətif adamam.

Qılınc oynatmağı sizdə yox bilən,

Indi gəl, qüvvətli qolumdan öyrən!

Yerindən tərpənmə, çox gəlmə yaxın,

Yoxsa ki, başını öpər ayağın.

Mən ərəb huşlu bir Rum sərvəriyəm,

Zənci öldürən bir sübhün nuriyəm[114].

Fil kəskin qolumdan bir qılınc yesə,

Filban Nil küpünə atar əlbəsə[115].

Daşlar oxlarımdan halqa geyəndə

Qulağına halqa taxarsan sən də".

Sözləri bitincə qalxdı yəhərə,

Cilovu buraxdı, çəkdi bir nərə.

Sərxoş aslan kimi elədi həmlə,

Aslanca bir toppuz almışdı ələ.

Toppuzu vurdu şah elə qüvvətlə,

Elburus dağına düşdü zəlzələ.

Poladın açdığı dərin yaradan

Qalmadı abinus ağacında can[116].

Qol, boyun, ayaq və köks, gövdə, baş

Girdi bir-birinə, oldu xurdü xaş.

Zəracə həyatdan olunca rahət,

Meydana atıldı başqa bir heybət,

Xurma ağacından uca pəhləvan,

Elə bir ağacdan qorxardı bağban.

Hücuma keçincə o kinli qara,

Padşaha buraxdı odlu bir yara.

Zirehə təsiri olmadı, zənci

Buludtək bağırdı, uçdu sevinci.

O qara buluda qızdı hökmüran,

Çəkdi ağ nəhəngi qara qınından[117].

Hücum eləyəntək aslan ceyrana

Bir zərbə endirdi o pəhləvana.

Xurma ağacının uçdu kəlləsi,

Ağacdan düşdü bir zənci gövdəsi.

Çıxdı bir başqası "Aslanam" deyə,

Özünü o zənci durdu öyməyə:

"Bir qara buludam, zənci dağından,

Qılıncım yağdırır əjdaha, aslan.

Bu ağır dağların çəkisi mənəm,

Qapqara zənciyəm, bir filbədənəm.

Başından biçərəm qocaman fili,

Içimə çəkərəm o daşqın Nili.

Zəhərli dəmirim kimi dişləsə

Qaradan biçərəm ona əlbəsə.

İskəndər gördü bu hədyan danışan

Nafini müşk ilə yoğurdu qandan.

Qılıncı qaldırdı uca boyuna,

Başından bir zərbə endirdi ona.

Ondan da müdhiş bir qara hiddətlə

Atıldı qarşıya çox cəsarətlə.

Padşahın qılıncı çıxdı birinci.

Toz, torpaq içində fırlandı zənci.

Meydana atıldı başqa bir qara,

Onun da gözünü yumdu bir yara.

Qorxaq zəncilərdən heç bircə nəfər

Döyüşə çıxmadı axşama qədər.

Şan, zəfər olunca şahın yoldaşı

Döndü ordugaha, ucaldı başı.

Günəşin gül rəngli donu dönərkən

Mavi bir rəng aldı Nilin küpündən.

Alaca göylərə keşik çəkənlər

Alamtıl gecəyə aydınlıq ələr.

Keşikçi adəti üzrə ayıqdı,

Ulduzu sayandan daha sayıqdı.

Zənci qarovulu, Rum qarovulu

Keşikdə dayanıb güdərdi yolu.

Günəş, dan sökərkən gülümsəyərək

Neylufər günbədə vurunca bəzək,

Zərnişan xeymədən çıxdı İskəndər,

Hərb üçün meydana çıxardı əskər.

Bir məhmiz vurdu o sərkəş tərlana,

O, suyu od kimi sürdü meydana.

Mərkəzi aldı öz əlinə, sonra

Cinahı tapşırdı pəhləvanları.

Sağ-sola dəm dəmirdən çəkdi bir hasar,

Möhkəm bir təməldə düzüldü dağlar.

Zəncilər, həbəşlər hey ordu-ordu

Əlində qılınc, ox meydanda durdu.

Cəbhənin qəlbində durmuş zəncilər,

Sağında həbəşlər, solunda bərbər.

Boru gurlayınca şah qapısından,

Zəncilər zəng çaldı, qızışdı meydan.

Qaramtıl bir bulud gurlayıb çıxdı,

Qılıncın şimşəyə göylərə axdı.

Ordular qopardı elə bir nərə

Dəhşətli bir qorxu çökdü divlərə.

Toz, torpaq boğurdu saf boğazları,

Qorxudan bənizlər oldu sapsarı.

Qılıncdan, toppuzdan, süngüdən, oxdan

Sülh aradan çıxıb getmişdi çoxdan.

Polad qalxanların toqquşmasından

Göylərə çökmüşdü qorxu, həyəcan.

Torpağın beynini yerdən oynatdı,

Yer dağın məğzini başından atdı.

Nağara gurlayır ildırım kimi,

Qalalar uçulur sıldırım kimi.

Uzağa səs salır naylar, elə bil

Məhşərdir, çalınır suri-Israfil.

Yer zindan olunca gürzə, əmuda,

Köhüldən toz kimi uçdu buluda.

O polad dimdikli uçan oxlardan

Daşların bağrına düyümlədi qan.

Kirpikdən ox atır əyriqaş kaman,

Zireh məməsindən süd sağır hər an.

Kəməndlər qıvrılır düyümlənərək,

Sarılır boyuna qara ilantək.

Hindli bir oyunçu kimi qılınclar

Havada oynayıb mayallaq vurar.

Süngülərdən çıxan o mövzun səsə

Atlar da uyaraq gəlmişdi rəqsə.

Arı nəştəritək dəmir oxlardan

Daşların üzündən axırdı al qan.



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info