Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Bilikli münəccim başladı işə,

Baxdılar fələkdə olan gərdişə.

Göyləri seyr üçün məclis düzəltdi,

Ulduz tərəzisi ortaya gəldi,

Taleyi göründü Əsəd bürcündən[88],

Düşmənlər kor oldu onun gücündən.

Günəş yaxınlaşdı o gün Həmalə,

Gedirdi elmdən çatsın əmələ[89].

Ütarid və Covza qonmuş bir yerə,

Sovrda məskən etmiş Ay ilə Zöhrə.

Qövsi də Müştəri bəzəmiş gözəl,

Mizanın bürcündə oynardı Zühəl.

Altıncı xanəni tutmuşdu Bəhram,

Xidmət göstərməyə olmuşdu qulam.

Taleyi göründü nurdan da parlaq,

Nə deyim, o yaman gözlərdən iraq.

Belə xoş fal ilə dünyaya gəldi,

O bağda belə bir fidan yüksəldi.

Təqvimdən bəxtini təyin etdilər,

Qoyuldu uşağın adı İskəndər.

Bu yeddi ülkərdən oldu aşikar,

Açarı verəcək ona ruzigar.

Münəccim tale dən verincə xəbər,

Feyləqus şükr etdi, silindi kədər.

Bəxtiyar çocuğa etdi məhəbbət,

Taxtına oturdu, payladı xələt.

Artıq yol vermədi qəmə, kədərə,

Cəvahir payladı istəyənlərə.

O müşk ətirlinin güləndə baxtı

Meyi də, müşkü də seltək axıtdı.

O sərvin budağı bəsləndi nazla,

Turactək səkərək səsləndi nazla.

Meydan axtarırdı beşikdə ikən,

Yəhərə atıldı öz beşiyindən.

Dayədən istədi ox ilə kaman,

Kağızı, ipəyi hey aldı nişan.

Böyüdü, öyrəndi qılınc vurmağı,

Qızmış aslanlara qarşı durmağı.

At minmək zövqündən ləzzət alınca

Düşdü şəhriyarlıq, şahlıq dalınca.

 

 

 

İSKƏNDƏRİN TƏLİM ALMASI

 

Ey saqi, reyhandan çəkilmiş mey ver,

Cənnəti yad etdim, dur, peyapey ver!

Abad olsun gəmim o badələrdən,

Cənnətə düşərəm qərq olsam da mən.

Nə qədər məsuddur şən həyat quran,

Tamah süfrəsindən az bir şey uman,

Malı olsa belə, kifayət qədər,

Yenə iş adamı çalışar, işlər.

Naz-nemət içində rahatlıq tapar,

Tələsməz, atını astadan çapar.

Nə həddindən artıq paylar malını,

Nə də xəsisliklə pozar halını.

Çətinlik çox xəsis olmaqdan doğar,

Qapını qırsanız hədsiz odun var.

Çox yaşa, ömürdən faydalan özün,

Çalış özgəyə də ziyan dəyməsin.

Tarixin yığılmış tumarlığından

Keçmişi belə nəql edir bir dehqan:

Elə ki, Feyləqus təzə gəlintək

Vurdu bu dünyanın mülkünə bəzək.

Ağıllı övladla ata fəxr edər,

Çünki mübarəkdir seçilmiş gövhər.

Dünyada ataya varmıdır, gerçək,

Ağıllı oğuldan başqa bir istək,

Oturtdu öyrənsin ədəblə hünər,

Günəş eylər daşı qiymətli gövhər.

Niqumaş alimdi, biliklə dolu,

Alimin oğluydu həkim Ərəstu.

Təlim işlərində çəkdi çox əmək,

Hikmətlər öyrətdi ona sevərək.

Şahanə tərbiyə, hünər, nəzakət

Ağıla nur verir, ürəyə qüvvət.

Hər əqlə sığışan hünər, bilikdən

Bir məna çıxarır mənanı bilən.

Ulduzlar bəzəyən kimi göyləri

Bəzədi pak olan yeni gövhəri.

Çatdırdı onu hər gizlin biliyə,

Hansı bir gənc almış belə tərbiyə?

Şahzadə illərlə çox çalışdı, çox,

Qulağı elm aldı, başqa heç nə yox.

Öz ağlı, zəkası olunca rəhbər,

Tapırdı ən incə, mənalı sözlər.

Hər incə mənanı edərkən bəyan,

Sözləri su kimi olurdu rəvan.

Həmdərsi Ərəstu, bir qardaş deyə,

Ürəkdən bağlıydı bu şahzadəyə.

Ərəstu aldıqca bilik atadan,

Ona öyrədirdi hər an, hər zaman.

Yəqindi bilikli həkim ustadə

Tacidar olacaq bir gün şahzadə.

Onun təliminə verdi çox diqqət,

Kişini şad edər qorunsa sərvət.

Bəxtini oxudu parlaq alnından,

Verdi oğluna da ondan bir ünvan[90].

Tale xidmətində duran zamanda,

Söz qaşı möhrünü vuran zamanda

Oğlunu tapşırdı gənc şahzadəyə[91],

And verdi, söz aldı: "Peyman ver, - deyir,

Məktəbdən meydana sən at sürərkən,

Şahanə başını göydə görərkən,

Başını əyərkən köhnə dünyanın,

Hər səmtə gedərkən hökmün, fərmanın,

Taxtını tacınla məsud edərsən,

Xərac göndərərlər yeddi kişvərdən.

Dünyaya şövkətlə verərsən fərman,

Padişah olarsan uzun bir zaman.

Bu dərsi, təlimi tut xatirində,

Qızıla, gümüşə çox olma bəndə!

O zaman oğlumdan götürmə nəzər,

Haqqıma, sözümə bir hörmət göstər.

Onunla et çətin işdə məşvərət,

Qılıncdan kəskindir gözəl məsləhət.

Səndə dövlət vardır, onda da hünər,

Hünərlə dövlət bir çəkiyə girər.

Hər yerdə hünərə verilmiş qiymət,



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info