Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Bir süngü götürdü düz otuz qulac,

Varlığı ciyərin qanına möhtac.

Boynundan həmayıl bir qılınc taxdı,

Şəfəqi günəşdən daha parlaqdı.

Başında dəbilqə Çin poladından,

Gövhərlər ondakı gövhərə heyran.

Belinə asdı bir zəhərli kəsər,

Ilantək sancaraq tökərdi zəhər.

Bir ata oturdu, nə at, bir dağtək,

Görüşü sevimli, yerişi qəşəng.

Atını çaparaq hərbə yüyürdü,

Düşmən söz verdiyi yerə at sürdü.

Qarşıya çıxmadı miskin pələnglər,

Fikir dənizinə salmışdı ləngər.

Hiyləylə göndərdi başqa iyrənci,

Şah gövhərlərini qapsın o zənci.

Şah böldü xəncərlə onu tən yarı,

Zəncinin qırıldı həyat damarı.

Dağ kimi bir qara div oynatdı at,

Baxanın gözündən çəkildi həyat.

Bu div də o zənci yeyəndən yedi,

Çoxunun başını torpaq çeynədi.

Müdhiş bir qara div ona yönəldi,

Qıvrılmış ilantək cünbüşə gəldi.

O divə Rum şahı vurdu bir xəncər.

Tüstüsü ucaldı göylərə qədər.

Atıldı ondan da müdhiş həbəşi,

Qan içən aslandan o daha vəhşi.

Ona da içirdi ölüm suyunu,

Zəmanə oynadı keçmiş oyunu.

O qızmış aslandan hamı qorxaraq

Heç biri meydana basmadı ayaq.

Rum şahı at sürdü, kinlə bağırdı,

O qaçan düşməni hərbə çağırdı.

Pələngər görüncə bu cəsarəti

Bir yara almadan söndü qüvvəti.

Atını oynatdı istər-istəməz,

Meydana atıldı dinməz-söyləməz.

At sürdü o igid şahlığa doğru,

Bəxt onu çəkirdi xarlığa doğru.

Çox qılınc endirdi girincə hərbə,

Qeysərə bir əsər etmədi zərbə.

Aslan qüvvətiylə coşdu hökmüran,

Sanki bir ceyrana sarıldı aslan.

Dünyanın pənahı tanrını andı,

Şanlı bir zəfərə artıq inandı.

Dəhşətlə hücuma keçdi şəhriyar,

Mərkəzi nöqtədə sıxıldı pərgar.

Atəşli kin ilə hey vurdu ata,

Güldü şimşək kimi qara buluda.

On düyüm mızrağı elə bərk çaxdı,

Qan onun döşündən su kimi axdı.

Düşmənin gəmisi dağıldı yeksər,

Pələngər məhv oldu, qaldı tək lobər.

Atından əmr etdi igid hökmüran:

Əskərlər hücuma keçsin durmadan.

Ordu hər tərəfdən bürüdü düzü.

Qatdı bir-birinə gecə-gündüzü.

Oxların inləyən qorxunc səsindən

Ipəkli geyimlər kəsildi kəfən.

Qılıncın, qalxanın şaqqıltısından

Aya baş vururdu buxarla duman.

Qızdıqca günəşdən qalxırdı şölə.

Təndirtək yaxırdı öz atəşilə.

Döyüş dəhşətindən sərsəmdi başlar.

Işıqdan dünya da qaçırdı naçar.

Baxdıqca zəncidir düşmüş yollara,

Olmuş göy yanında yer üzü qara.

Əqiqlər şəvədən qalamış ocaq,

Zəncilər od tutub, kül qalmış ancaq[119].

Şəvə yüngül oldu, ağırdı gövhər,

Gövhərə sərraf da çox qiymət verər.

Yasəmən bidmişkə etmişdi təsir,

Qarğalar ağ şahin əlində əsir[120].

Heyrət baxışlara, ürəyə axmış,

Əqlin mərkəzini bombaş buraxmış.

Çovuşlar verdikcə ürək arxadan

Ceyranlar qorxmadan ovladı aslan.

Yer-göy titrəyirdi hay-küy səsindən.

Göylər də "ho" deyə səslər fələkdən.

Getdikcə coşurdu hər iki yağı,

Yazıldı birinə ölüm yarpağı.

Biləyi güclüyə zəfər oldu yar,

Zəncilər məcburən məğlub oldular.

Hər yana at çapdı müzəffər əskər,

Zənci öldürməyə bağladı kəmər.

Qılınc oynatdıqca böyük şəhriyar

Zəncinin bazarı oldu tarimar.

Zəncilər çalınca təslim borusu

Şənliyə başladı zəfər ordusu.

Göylərə ucaldı şahın bayrağı,

Yollardan büsbütün çəkildi yağı.

Mərhəmət buludu qopardı tufan,

Zəncinin pasını sildi qılıncdan.

Bayrağın altında durmuş hökmdar

Əynində bənövşə rəngində paltar,

Boynunda bir noxta, ayaqda zəncir,

Hər aslan çəkirdi bir nəhəng əsir.

Bayrağın altına yığdılar nə var,

İskəndər əmr etdi kəsilsin başlar.

Bir zənci qalmadı, boşaldı çöl, dağ,

Qalanlar quzğunlar yemiydi ancaq.

Barama qurdutək divbədən fillər

Qarınca ayağı altında inlər.

Insanın yükünü çəkən hər hammal

Ya çıraq daşıyır, yaxud ipək mal[121].

Zillətə düşüncə amansız düşman,

Həbəşlər padşahdan dilədi aman.

Həbəşə nisbəti olanlar o gün

Padşahın əmriylə qurtuldu bütün.

Zəhərli qılıncdan tapdılar aman,

Şah bağışlayaraq vermədi ziyan,

Əmr etdi həbəşə vuruldu damğa,

O gündən həbəşlər quldur bu dağa.

O qızğın damğadan nurlandı həbəş,

Dağ ilə çırağı parladar atəş.

Padşaha o qədər verdilər qarət,

Hüzura sığmadı böyük qənimət.

Şah gördü verilən qarət hədsizdir,

Səhraya gövhərdən axan dənizdir.



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info