Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Yunana dönməyə artıq əzm etdi.

Gəldiyi yollardan dönərək getdi.

Dənizdən keçincə Ruma dönərək,

Dünyalar əlində olmuşdu mumtək.

Hər zaman o muma etdikdə rəğbət,

Hər nə istəsəydi edərdi əlbət.

Yunanlar "afərin" dedilər ona,

Cavahir saçdılar gövhər saçına.

Padşahda görüncə böyüklük, mənlik,

Şəhərlər bəzəndi, quruldu şənlik.

Mütrüblər oxudu, qızıl saçıldı,

Xəyalə gəlməyən məclis açıldı.

Düşməni yenən şah güvəndi baxta,

Şahanə baxtıyla oturdu taxta.

Bəxtiyar dövlətin uca baxtından

Ən gözəl şənliklər qurdu hökmüran.

Zəncidən aldığı sərvətdən, maldan

Çəkisiz hədiyyə alırdı hər yan.

Dövran Rum şahına verincə dövlət,

Hər şaha göndərdi o maldan qismət.

Elə ki, Daraya yetişdi növbət,

Dəvə karvanına yükləndi sərvət.

Yoldakı yüklərin çoxu qızıldı,

Buxaraya qədər karvan düzüldü.

Mərdliklə iş gördü, tədbirlər etdi,

Köhnə ənənələr yoluyla getdi.

Dəyərli mallardan saçdı bir qədər,

Dünyada görməmiş onu bir nəfər.

Hər cür gözəl şeylər, cəvahiratlar,

Növbənöv ətirlər, ipəklər, atlar..

Saf qızıldan başqa, xalis mötəbər,

Bir xalvar müşk ilə bir sandıq ənbər,

Bir xırman ərinmiş saf gümüş lay-lay

Bir otaq saf kafur, düzülmüş tay-tay,

Ud yüklü dəvələr ucaldı dağdan,

Hər yükün təxminən vəzni yüz batman.

Bir çox gözəl qılınc, cəvahirnigar,

Zürafə dərisi kimi xalılar,

Xidmətə yarayan vücudu sağlam.

Gülçöhrə kənizlər, həm igid qulam.

Fil sümüklərindən naxışlı taxtlar,

Gövhərlə işlənmiş qədərsiz tac var.

Uca fil gövdəli bir alay əsir,

Qolunda, boynunda düyümlü zəncir.

Bir çox dəvə yükü, kəsik qulaqlar,

Saman təpilmiş baş bir neçə xalvar.

Yüzlərcə döyüşən, dağ heykəlli fil,

Çarpışma zamanı ən coşğun bir Nil.

Bu əntiq şeylərlə uca İskəndər

Bir elçi göndərdi mətin, mötəbər.

Daraya gətirdi qasid naməni,

Çəkdi hüzuruna o xəzinəni.

Dara bu bəxşişdən olmadı dilşad,

Qorxdu, həsəd etdi qəlbini bərbad.

Bu qədər xəzinə, bu qədər sərvət

Heyrət doğururdu, etmirdi rahət.

Bir cavab göndərdi yersiz olaraq,

Içində kin odu alovlanaraq,

Cavabı götürüb elçilər getdi,

İskəndəri bundan xəbərdar etdi.

Bu işdən darıldı ona İskəndər,

Qəlbinə yükləndi gizlin bir kədər.

Çaldığı zəfərdən alaraq təmkin

Daraya yenə də bəsləmədi kin.

Rumların Zənciyə çaldığı zəfər,-

Dünyaya yayıldı bu şanlı xəbər.

Qasidlər gəlirdi hər padişahdan,

Təbrik edirdi bu zəfəri cahan.

Tənənin qapısı bağlandı artıq,

Rumların qəlbini sardı bir şadlıq.

Acizlərə dövran olsa mehriban

Qarınca oxuyar ilana meydan.

Çox danə görərsən bu dəyirməndə,

Növbətlə üyüdür unu hər bəndə[123].

 

 

 

İSKƏNDƏRİN OVDA XOŞ

FAL VURMASI

 

Ey saqi, mübarək şərabdan doldur,

Mənə ver, igidlər dərmanı odur!

O mey bir halvadır dərdlilər üçün,

Onu atəş deyil, bəsləmişdir gün.

Dünyada axtaran adamlar hədsiz,

Biri inci arar, birisi dəniz.

Dünyada görmürəm elə bir nəfər

Öyrədən insana o salsın nəzər.

Mən kimi bülbülə gərəkdir ancaq

Qulaq tutanlardan çəkilsin uzaq.

Oxuyum nəğməmi, saz çalım həzin,

Dincəlim dərdindən çayın, dənizin.

Arabir çıxarkən bağdan dişarı,

Əlimdə çıraqtək narınc sapsarı,

Orda görməyirəm elə bir ayıq,

Mən kimə verim bu narıncı artıq?

Qaçıram dostlardan yenə bir yana,

Qaçıram yenidən haman bostana.

Seyr edim könlümü açan bağçanı,

Onunla şənlənsin könlümün canı.

Sözün dəsgahına şəkər səpənlər

Keçmiş möbidlərdən belə nəql edər:

Zənci döyüşündən olunca azad

Dincəldi tacidar, qəlbi oldu şad.

Meyl etdi bir zaman istirahətə,

Əlinə mey aldı, daldı işrətə.

Vaxtını keyfə sərf elədi bütün,

Nəş əli çalğılar dinlədi hər gün.

Xanəndə, gülgün mey, saqi, kamança

Ondan ayrılmadı gecə yatınca.

Dünyadan kam almaq onun muradı,

Heç kəs ondan gözəl həyat qurmadı.

Dünyanı şənlədən böyük İskəndər

Gecəni şənliklə edərdi səhər.

Filosoflar ilə edər məsləhət,

Dünyaya ədlindən verərdi qismət.

Ərəstu qədəhə, Əflatun cama

Təzə mey tökürdü qan dama-dama.

Şanlı bir zəfərlə dönmüşdü qeysər,

Xanəndə oxuyur yeni nəğmələr:



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info