Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

"Ey dövlət pənahı, gənc olsun baxtın!

Əbədi yaşasın bu tacın, taxtın!

Həyatın olduqca əlinə cam al,

Qədəhi al ələ, şərab iç, kam al!

Ərğəvan şərabdan bir büsat başla!

Şənlik qur, gəncliyə murad bağışla!

Gənclik var olduqca, iqbalın kömək,

Çalğı, mey məclisi qurasan gərək!

Qılınc meydanını qoydun bir yola,

Cam üsuliylə də məclis hazırla!

Taxtınla, tacınla get dünyanı al,

Fələk də bəndəndir, sənə yox zaval!

Qaranı tutdun da, qalmasın ağlıq,

Alaca görünmək verər yaraşıq.

Bayrağı göyə vur, cahan sənindir!

Dövlətə sarıl ki, hər yan sənindir!"

Misrin köməyindən, zənci hərbindən

Şahın qolu güclü, çöhrəsi də şən.

Zəfəri çox asan sanıb dururdu,

Xorasan mülkündən xərac umurdu.

Çıxmadı Şam ilə Rumdan bir nəfər,

Onunla çəkidə olsun bərabər.

Daraya bir daha vermədi xərac,

Əmr etdi qayıtsın göndərdiyi bac.

Coşurdu gəncliyin qızğın günləri,

Fəth etmək istərdi bütün kişvəri.

Xoş baxdı Iranın igidlərinə,

Hazırlıq başladı Iran fəthinə.

Adətdir, ağac boy atdığı zaman

Başqa ağaclara yetirər ziyan.

Gözəl gün seçərək şikara qoşdu,

Həm nəşəsi xoşdu, həm də gün xoşdu.

Çöllərdən keçərkən uca hökmüdar

Dağlarda, düzlərdə edirdi şikar.

Fələyi andırır möhtəşəm başı,

Gah çölü gəzirdi, gah da dağ-daşı.

Bir dağa təsadüf etdi şəhriyar,

O dağda var idi hər çeşid şikar.

Gördü iki kəklik qonmuş bir daşa,

Kəklik kəklik ilə girmiş savaşa.

Bu onun başını deşər, dimdiklər,

O bunun döşünü caynaqla dələr.

İskəndər at sürdü onlara sarı,

Nəzərdən keçirtdi iki şikarı.

Bir hesab götürdü bu çarpışmadan,

Onlardan gözünü almadı bir an.

Kəkliklər çarpışır elə hiddətlə,

Qorxmayır padşahı görərkən belə.

Şah düşüb heyrətə, aradı tədbir:

"Quşların başında bu sövda nədir?"

Birini fal vurdu uca adına,

Bəxtinin falını bağladı ona.

O biri kəkliyə ad qoydu Dara,

Nəticə almaqçın baxdı onlara.

Quşların vuruşu elədi şiddət,

Kin ilə çarpışdı uzun bir müddət.

İskəndər falını daşıyan kəklik

Daranı enərək göstərdi mərdlik.

İskəndər görüncə belə şən halı,

Zəfərə yozdu bu uğurlu falı.

Qalib kəklik qanad çaldı xuraman,

Əzilən kəkliyin uçdu yanından,

Qayaya qonmağa tapmamış macal

Kəkliyin üstünü aldı bir qartal.

Üzərək başını öldürdü quşu,

Pərişan oldu şah, dağıldı huşu.

Fal olan kəkliyin şən uçmasından

Qəlbindən silindi qorxu və duman.

Bildi ki, taleyi ona yar olar,

Daranı əzərək bəxtiyar olar.

Lakin bəxtəvərlik çox uzun sürməz,

O da bu dövrandan bir vəfa görməz.

Eşitdim, o yerdə uca dağ vardı,

Onda göy şövkətli qövsi tağ vardı.

O dağdan hər kimsə bir dilək istər,

Sirrindən haman dağ verərdi xəbər.

O sirli qayadan ucalar bir səs,

Sanki öz bəxtilə görüşər hər kəs.

Bilici bir kəsə dedi hökmüran:

Bir xəbər soruşsan o uca dağdan.

Nə qədər qan axar - soruşsun onu,

Nə olur padşahın bəxtinin sonu.

O dağdan soruşdu fal üçün gedən:

"Nə olur nəticə, bir xəbər ver sən

Dünyanı alacaq böyük İskəndər?

Daranı əzərək çalacaq zəfər?"

Səsləndi əsrarlı qaya aşikar,

Söylənən sözləri eylədi təkrar.

O faldan qeysərin coşdu ürəyi,

Fal onun dağ kimi oldu köməyi.

Kədəri silindi, çox şən göründü,

O dağdan, təpədən saraya döndü.

Çəmən ortasında uca sərvtək

Oturdu məclisdə tədbir tökərək.

Gələcək işindən söz açdı qeysər,

Sülhmü ya savaşmı çox fayda verər?

"Dünyalar pənahı olsa pənahım

Fələyə ucalar qızıl külahım.

Bu sələm yeyənə xəracmı vermək?

Alçaqlıq deyilmi bu iş, nə demək!

Daraya nə üçün getsin xəracım?

Ovdan əskikmidir, xəzinəm, tacım?

Onda tac, məndə də kəskin qılınc var,

Qılıncla alınır bütün bu taclar.

Üstümə gətirsə qoşun hər yandan,

Mənə də köməkdir o böyük yəzdan.

Tanrının köməyi mənə təsəlli,

Ordumsa həmrəydir, hər kəsə bəlli.

Birlikdən yaranıb zəfər döyüşdə,

Dostların birliyi gərək bu işdə.

Iki qəlb bir olsa dağı parçalar,

Böyük bir kütləni edər tarmar.

Bəxtimin gücüylə qərar verdim mən,

Təxt alım, tac alım zalim düşməndən.

Daraya əlaltı olmaq nə demək?

Nə üçün Daraya xərac göndərmək?

Igidlər, söyləyin, fikriniz nədir?

Bu döyüş haqqında göstərin tədbir.

Daramı haqlıdır, söyləyin, artıq?

Şərh edin, vardırsa burda qaranlıq!"



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info