Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Söhbəti tutini kəməndə salmış,

Özü Tutiyanuş adını almış.

O qədər kəskindi sözü, hünəri,

Özünə çəkərdi dinləyənləri.

Sarayda nədimdi, həm də arabir

Ay, günəş sirrindən söhbətlər edir.

Yanına çağırdı onu İskəndər,

Elçilik edərək aparsın xəbər.

Əmr etdi, hərəkət etsin durmadan,

Zənci sərdarına yetirsin fərman.

Kəskin qılıncını anlatsın ona,

Qayıtsın bəlkə öz doğru yoluna.

Zəncicə anlatsın, göstərsin tədbir,

Atəşi gördükcə yumşalar dəmir.

Gül üzlü, o şümşad boylu hünərvər

Rumludan zənciyə apardı xəbər:

"Təxti var, tacı var bəxtitək parlaq,

Qılıncın gücüylə ucaltmış sancaq.

Şövkətli, qüvvətli, həm də sərkəşdir,

Bəzən də acığı yanar atəşdir.

Maral buynuzuna göndən zeh çəkər,

Qarışqa başını dırnağa tikər[105].

Onunla müdara eylə, ey salar,

Ağlayıb üzr istə, get ona yalvar.

Inan ki, bu atəş olsa şöləvər,

Sönməz, üzərinə dəniz töksələr.

Dostluqla yaxınlaş, kinindən çəkil.

Onunla düşmənlik faydalı deyil.

Kin ilə, sülh ilə sınanmış cahan,

Sülhündən xeyr almış, kinindən ziyan".

Bu fikri qaralar şahı eşitcək

Dəhşətdən qıvrıldı qara ilantək.

Kininin atəşi beynini yaxdı,

Şimşəkli buludtək gurladı, çaxdı.

Acıqlı əmr etdi: Tutiyanuşu

Kəssinlər, bədəndən ayrılsın huşu.

Div kimi qapdılar o pəhləvanı,

Necə ki, kəhrəba qapar samanı.

Qızıl teşt içində kəsildi başı,

Al qana bulaşdı şahın sirdaşı.

Qızıl teşt qan ilə dolduğu zaman

Zənci şah su kimi içdi o qandan.

Onunla gedənlər gözlərində yaş

İskəndər yanına qayıtdı birbaş.

Həsrətlə döndülər şahın yanına,

Bu qanlı xəbəri verdilər ona.

O gözəl rumlunun zənci şahından

Gördüyü dəhşəti etdilər bəyan.

İskəndər o şümşad rəngli sərv üçün

Atəşdə ox kimi yandı ki, neçin

Elə bir suçsuzun töküldü qanı?

And içdi məhv etsin azğın düşmanı.

Çatınca qoşuna bu dəhşətli iş,

Rumlular qorxaraq etdilər təşviş.

Bu işdən zəncinin dişi ağardı,

Rumlunun qəlbini bir qorxu sardı.

Gecənin dişləri örtülməlidir,

Ancaq ölən zaman o gülməlidir.

İskəndər susaraq üç gün, üç gecə,

Kinini söndürdü parlaq düşüncə.

Dağların üstünü alınca duman,

Quşlar bu ahəngə düzdü bir dastan.

Göylərin Harunu keşik çəkərək,

Belinə asmışdı saysız qızıl zəng[106].

Keşikçi zəng çalıb səsləndi birdən:

"Yaşasın tacidar, qəhr olsun düşmən!"

Dişarı çıxaraq kəşfiyyat qolu.

Növbətlə qarovul güdərdi yolu.

Ertəsi günü bu səbirsiz dövran

Göstərdi günəşi dağ arxasından.

Nay, təbil gurladı şah qapısından,

Zənglərin səsindən titrədi cahan.

Təbilçi sür ətlə qalın xam göndən

Gecənin ağzına vurdu bir yüyən.

Coşaraq inləyir neyin nəfəsi,

Nağara əl çalır, yüksəlir səsi.

Ordunun çəkisi elədikcə meyl,

Bu gözdən o gözə axıdırdı sel[107].

Süngülər kaftanı dələrək hər an

Çıxırdı göbəyin tam ortasından.

Qılınc, ox yağarkən şaraqhaşaraq

Parça-parça oldu geyim və qalpaq.

Qılıncın dəhşətlə çalhaçalından

Buludun qəlbində su olurdu qan.

Üz-üzə gəlincə hər iki ordu

Elə bil iki qoç üz-üzə durdu.

Igidlər döyüşdü uzun bir zaman.

Meydana sel kimi axıtdılar qan.

Rumları zəncilər əzdiyi zaman

Sanki bir maralı ovlardı aslan.

Rumlara zəncilər verdi tələfat,

Hər yeri bürüdü dəhşətli heyhat.

Zəncinin etdiyi Tutiyanuşə

Rumları salmışdı böyük təşvişə.

Kasaya doldurmuş günahsız qanı,

Su kimi başına çəkmiş kasanı.

Zəncilər oynayan qorxunc oyundan

Qorxaraq, rumlara daraldı meydan.

İskəndər bildi rum, zəncidən ürkmüş,

Əskərin qəlbinə bir qorxu çökmüş.

Meydanda əskərə üz versə qorxu,

Cəza bir iş verməz, dağılar ordu.

Çağırdı bilikli böyük vəziri,

Gizlincə anlatdı ona bu sirri:

"Müzəffər ordumuz olmuş pərişan,

Bir qılınc yemədən doymuş savaşdan.

Döyüşə qəhrəman bir ordu gərək,

Bir atlı od olsa, verməz bir kömək.

Elçinin qanını içərkən düşman

Əskərim məhv olur can qorxusundan.

Orduda apardın qorxu izi var,

Qorxaq kimsələrdən, söylə, nə çıxar?

Meydanda düşməndən qorxarsa ordu,

Su gətir, zəfərdən əllərini yu.

Zəncilər hər yanda meydan sulayır,

Qızmış fillər kimi hey baş bulayır.

Yaratmaq gərəkdir elə bir dəstan,

Zəncinin ordusu məhv olsun ondan.

Ortaya elə bir sağlam fikir at,

Bizə bu qorxudan versin bir nicat".



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info