Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Sınanmış, ağıllı, hünərli vəzir

Azacıq düşündü, tökdü bir tədbir:

"Sərvərim, kamalın olsun sənə yar,

Zəfər dostun olsun, düşmənlərin xar.

Üzünü çevirsən dağ-daşa belə,

Fələkdən səadət alasan ələ.

Dünyanın pənahı ulu yaradan

Pənahın olsun, ey böyük hökmüran.

Qaralar zəhərli ilandır, ilan,

Bir divdir, şeytandır, deyil bir insan.

Yeri var rumlular etsə qorxaqlıq,

Zəncilər nəhəngdir, rumlular balıq.

Qan içmək olduqca qorxulu bir iş,

Insanı yeməksə ondan da müdhiş.

Onlardan bir həya gözləsən, inan,

Bizə söyləməzlər ağıllı insan.

Meydanı düşmənə versək bu sayaq,

Zəncilər göylərə sovurar torpaq.

Rumlardan qorxsaydı vəhşi zəncilər

Elçinin sözləri edərdi əsər.

Elçi nə edəydi o vəhşilərə,

Elçi yeyən desək yetər bir kərə.

Düşünmək gərəkdir elə bir fikir,

Insanı yeməkçin olsun bir tədbir.

Yollardan bir neçə zənci tutaraq

Onları dərgahda eylədi dustaq.

Sən otur yerində acıq, təmkinlə,

Onları torpağa yıxsınlar kinlə.

Birinin başını dərhal üzsünlər,

"Yemək bişsin" deyə mətbəxə göndər.

Zəncilər dililə hökm et durmadan:

"Bu başı al, bişir, yesin hökmüran!"

Gizlində aşpaza başqa tövr anlat:

"Bu başı güm yerə, torpaqlara qat!"

Qara qoyun başın bişirsin bir az,

Sümüksüz hüzura gətirsin aşpaz,

Bişməmiş dərini hiddətlə, kinlə

Tez götür, parçala, çeynə dişinlə:

Çağır ki: "Beynini gətirin görək,

Olmazmış belə bir ləzzətli yemək.

Bilsəydim ki, zənci ətindən təam

Edərmiş vücudlu belə sapsağlam,

Rum əsirlərini bəsləməzdim mən,

Hər zaman yeyərdim zənci ətindən.

Bilsin o adamcıl, müdhiş canavar,

Ondan iti dişli insan yeyən var".

Bununla sönər o kin saçan ocaq,

Dəmiri dəmirlə olar yumşaltmaq.

Həyata keçirsək bu tədbiri biz,

O güclü qolları yenərik şəksiz.

Qurdluqda mümkündür qurtulmaq qurddan,

Cəhlə qarşı verər cəhalət ziyan".

İskəndər əmr etdi: rum əsgərləri

Gizlində dolaşsın düşmən yerləri.

Yollardan keçərkən məğrur zəncilər

Əsir götürsünlər bir neçə nəfər.

Əmrinə igidlər baş əydi bir-bir,

Zəncidən aldılar bir neçə əsir.

Döndülər şah olan xeyməyə sarı,

Təslim eylədilər o düşmanları.

Əsirlər hüzura gəldiyi zaman

Üzləri qaraydı, başları al qan.

Padişah yerindən tez kükrəyərək

Şikar arxasınca düşən aslantək

Əmr etdi, birini dərhal qapdılar,

Başını dağ kimi vurub çapdılar.

Verdilər mətbəxə ki, al bu başı,

Padşaha hazırla bir zənci aşı.

Aşpaza başqa tövr anlatdı bunu,

Nə sayaq oynasın müdhiş oyunu.

O biri zəncilər qorxaraq durmuş,

Bu qanlı adətdən boynunu burmuş.

Padişah əmr etdi: açılsın süfrə,

Hər çeşid yeməkdən düzülsün yerə.

Qoyunun pörtülmüş ətindən aşpaz

Süfrəyə düzdükcə keyfi oldu saz.

Ceyran dərisini yırtantək aslan

Dişiylə didərək başı hökmüran,

Başını oynadıb ləzzətlə yedi,

"Ox, belə bir yemək yemədim - dedi.

Nə qədər dadlıymış zəncinin əti,

Verməz başqa ətlər böylə ləzzəti.

Zəncinin ətindən kabab yaxşıdır,

Yanında qırmızı şərab yaxşıdır.

Tək zənci budundan yeyərəm kabab,

Dadlıdır, duzludur, xoş gəlir şərab".

Zəncilər önündə qoyun başından

Zənci başı deyib yedi hökmüran.

Müdhiş əjdahanı görüncə belə

O qara ilanlar dağıldı çölə.

Ordunun içinə döndü zəncilər,

O qara günlərdən verdilər xəbər:

- Əjdaha yeyənmiş bu insanxəyal.

Nəhəngdir, bizlərə verdi çox zaval.

Elə bir ləzzətlə yeyir zəncini,

Sanki zənci yeyir badam içini.

Bir zənci başını keçirsə ələ,

Qoyunun başıtək yeyir ləzzətlə.

Zəncinin qəlbinə çökmüşdü qorxu,

"Biz ipək sanırdıq, cod palazmış bu!.."[108]

Alovlu şölələr get-gedə söndü,

Qızğın atəşlərə soyuq göründü.

Ertəsi günü quş qanad açınca.

Fələyin başından duman uçunca,

Gecəyə bağırdı xoruz hiddətlə,

Təbillər gurladı, coşdu şiddətlə.

Şeypurlar kin ilə gurlar, elə bil

Məhşərdir, surunu çalır Israfil.

O öküzquyruğu şeypurlar ötdü,

Göydəki Öküzün partladı ödü.

Coşdu qurd gönündən olan nağara,

Dünyanın beynini gətirdi zara.

Igidlər köksündə çırpınan ürək

Dərindən inlədi türkün nayıtək.

Yer dimağındakı odlu zərbələr

Çırağın beynində şöləyə bənzər.

"Çəkil, çəkil" deyə o polad oxlar

Fillərin belində tuturdu qərar.

Hər polad qılıncdan parladı şimşək

Buludlu gecədə axan ulduztək,



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info