Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Qalxaraq yerindən hər iki ordu

Başqa bir təhrdə yenə səf qurdu.

Sanki iki bulud baş-başa qoşdu,

Iki od dənizi köpürdü, coşdu.

Rumlarla zəncilər hərbə girərək

Qarışdı iki rəng alan qabantək.

Quş kimi atların polad nalından

Yer oldu igidlər qanıyla əlvan.

Qol qıran oxların vıyıltısından

Kimsədə nə bədən qalmışdı, nə can.

Qılınc güzgüsündən şəfəqlər axdı,

Bu şəfəq günəşdən daha parlaqdı.

Rumlular elə bir bayraq ucaltdı,

Yerə ox, göylərə kəməndlər atdı.

Cəbhənin qəlbində durmuş İskəndər,

Sağ-solu bəzəkli bir alay əskər.

Qarşıda zəncilər kin ilə durdu,

Çıxardı Bisütun kimi bir ordu.

Qocaman fillərin ağır səfləri

Elə bil uzanır bir dağ kəməri.

Əqiq kimi gözlər, süngü kirpiklər.

Dəmirdi xortumdan quyruğa qədər.

Hər filin belinə taxt qoyulmuş ac,

Üstündə bir zənci, başında bir tac[109].

Meydanda bir nərə vuranda filə

Atəşi canına salır vəlvələ.

O qədər fil gəldi, dolaraq meydan

Hər tərəf qaraldı fil ayağından.

Fillərin yanınca gedən piyada

Hər yerdə yüz fili salırdı bəndə[110].

Meydanın ayini bitincə, artıq

Ürəkdən silindi sevgi, insanlıq.

Zəracə adlı bir qara pəhləvan

Ortaya atıldı, oxudu meydan.

Fil kimi kükrədi toppuz əlində,

Bir tutar qoymadı fillər belində.

Bir qara ilandı qurddan füsunkar,

Qabarıq, şişkin bir böyük başı var.

Geniş ağzı sanki qara bir qazan,

Baxanın ağarır gözü qorxudan.

Dəmir cövhərindən küpdür bu qaya,

Içinə tökülmüş qapqara boya.

Sinəsi bir polad qalxandan qurma,

O div gövdəsini hələ heç sorma.

Gördünmü başında qotaz bir bayraq?

Bu zənci bayrağın eyniydi ancaq.

Mahcası bənzərsə çevrilmiş tasa,

Gözləriydi içi qan dolu kasa.

Zənci çox öyündü: "Mən bir sərkəşəm,

Tüstünün altında yanan atəşəm.

Polad çeynəyən fil, Zəracə mənəm,

Fillərin belində şərab içənəm.

Qədəhi vurunca sərxoş olaraq

Filləri zərbəmlə edərəm çolaq.

Meydanda əl atsam kəskin qılınca

Dağları edərəm mən parça-parça.

Qarşıma çıxarsa qızmış bir aslan,

Şimşəkli buludam, qoparram tufan.

Coşarsam, atından salaram Nili,

Bu rüxüm piyada buraxar fili[111].

Silahım göyərmiş aslan canından,

Mənim öz vücudum silahdır, inan.

Ürəyim almazdır, vücudum dəmir,

Bu almaz, bu dəmir mənimçün nədir?

Başımı qürurla qaldırsam əgər,

Etmərəm atəşdən, dənizdən həzər.

Yırtaram böyrünü hər pəhləvanın,

Bağrını çeynədim kinli düşmanın.

Qan tökmək peşəmdir, əjdər bədənəm.

Tək qatil deyiləm, adamyeyənəm,

Dünyada kimsədən utanmaram mən,

Utanmaq nə gərək hərbə girərkən?

Igidi hünərdən qoyar utanmaq,

Eşşəyi ram edən palandır ancaq.

Hər zənci mən kimi güldüyü zaman

Gülər almaz dişli qara bir aslan".

Rəcəzi bitincə tərpəndi duman,

Xəznədə qıvrıldı sanki bir ilan[112].

Rumlardan bir igid girişdi işə,

Özünü birinci atdı atəşə.

Ürəyi çırpındı od söndürməyə,

Döndü atəş görən bir pərvanəyə.

O sınaqlı zənci bir hərbə ilə

Başını qopardı zərbə ilə.

Başqa bir pəhləvan çıxdı savaşa,

Bu dövran onu da vurdu bir daşa.

Beləcə rumlardan yetmiş pəhləvan

Zəracə əlində keçdi qılıncdan.

Kimsədə qalmadı cəsarət, hünər,

O qızmış zənciyə olsun bərabər,

Yerindən oynayıb dərdə düşdü Rum,

Sanki qızğın kürə əridirdi mum.

Ordunu əzincə qara pəhləvan

Rumlardan olmadı qarşıya çıxan.

O fələk şövkətli, igidlər yenən

Mərkəzdən ox kimi atıldı birdən.

Döyüşçün vücudu yarağa batdı,

Zənci öldürməyə süngü oynatdı.

Belində gövhərlə bəzənmiş kəmər,

Başında polad bir qalxan - cilvəgər.

Əynində zirehi mavi, qıvırcıq,

Düyümü zəncinin saçından artıq.

Yəməni qılınca içirmiş zəhər,

Boynundan sallanmış belinə qədər.

Kəməndi tamğaclı qaşına bənzər,

Çaçların qurduğu yay kimi çənbər[113].

Ipək bir çul salmış kəhər atına,

O, fil gövdəsiylə çapdı meydana.

Cilovu sürətlə atdı yəhərə,

Hücuma keçirkən çəkdi bir nərə.

Necə bir kəkliyə şığıyar tərlan,

Dünyaya al günəş doğar ucadan,

Elə bir sürətlə sərkəş, filbədən

Düşmənin üstünə atıldı birdən

Bağırdı: "Ey qara qarğa, ol sayıq,

Qarşında şahindir, sakit ol artıq.

Noxtanı çəkməsən yoldan kənara,

Dünyanı edərəm üzündən qara.

Üz-gözün onunçun qaradır, inan,

Qarşımda qaçarsan kəskin qılıncdan.



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info