Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Bu işin sonunu duyan hər nəfər

Yenidən baş əyib şaha dedilər:

"Nə qədər seyr edir ulduzlar, göylər,

Onlarla həmahəng olur dörd gövhər,

Vücudun dünyaya olsun bir çıraq,

Olsun şahın üzü aydan da parlaq.

Səndədir biliyin qüvvəti, səndə,

Xilqətin bəxtiyar şövkəti səndə.

Hara sahib olsan sən, ey tacidar,

Saçdığın toxumlar versin gözəl bar.

Indi ki, istərsən bizdən məsləhət,

Biz yeri gəldikcə verərik əlbət.

Şübhəsiz, çarpışma olacaq tez-gec,

Ancaq bu döyüşdə tələsmə sən heç.

Sən otur, qoy Dara hərb açsın sana,

Qılıncın o zaman qalxsın düşmana.

Sənə ancaq qılınc oynatmaq yetər,

Düşmənin qılıncı və başı gedər.

Bir maral aslanla çıxdı meydana,

Özü yer təmizlər zəif qurbana.

Işrətdir Daranın işi, oyunu,

Üstünə gəlməkdə qan çəkir onu.

Ordu bəsləməkdə artıqsan ondan,

Zəifdən alınır xərac hər zaman.

Sənin şəbxununu zəncilər bilir,

Onun seyrəngahı hərəmxanədir.

O bir kin bəsləyir, sən din bəslərsən,

Sən bir firiştəsən, o bir Əhrimən.

Sən qılınc vuransan, o qədəh tutan,

O taxt üstündədir, sən bir atlısan.

Sən qüvvət ölçənsən, o qızıl çəkən,

Sən adil, o isə zalım, qan tökən.

O şaşqın sərxoşdur, sən isə ayıq,

O yamanlıq edər, sən hey yaxşılıq.

Arasan ölkəni, bütün ordunu,

Bir nəfər tapılmaz ki, sevsin onu.

Etdiyi zülümlər hey yana-yana

Bir qıtlıq salacaq öz bazarına.

Səndəki nəvaziş, uca tərbiyə

Adını ucaldar yeddinci göyə.

Haqsızlıq haqq ilə olursa düşman,

Haqq tutar yerini, haqsız peşiman.

Hər zaman öz ayıq baxtından yapış,

Vuruşlarda yüksəl, taxtından yapış.

Bağlanma bu fikrə, düşünmə belə,

Dövlət mülk ilədir, nüsrət mal ilə.

Insana baş olmaq insanlıq istər,

Yoxsa hər bir adam insandır - bəşər.

Böyüklük eyləsək hər kəsə asan,

Ancaq baş olacaq şəfqətli insan.

Heyvanlar onunçun sevir aslanı,

O, qonaq sevəndir şikar zamanı.

Qıfılı zəncirlə saxlanan vardan,

Onu yəqin et ki, xoşlanmaz cahan.

Səadət o zaman yar olar sana,

Ondan aldığını verəsən buna.

Insanla yaşayan mərddir, kişidir,

Kimsəni sevməmək namərd işidir.

Xəmiri yoğrulmuş olan kimsəyə

Bir çörək kim verməz "borc olsun" deyə?

Rəhmin var, igidlik yaraşar sana,

Xəzinə, əjdaha qalsın düşmana.

Düşmən çox gurultu, sən şimşək rəftar,

Sən gövhər saçansan, o xəzinədar.

Aslandan güclüydü rəhmətlik atan,

Lakin qılıncını çəkməzdi qından.

Sən elə aslansan çarpışan zaman

Qılıncından olar daşın bağrı qan.

Gördünmü zəncilər nə sayaq coşdu,

Kinli divlər kimi üstünə qoşdu.

Sənin qılıncına etdi sərgəşlik,

Başını çeynədi qılınc və təpik.

O seldən dağ kimi üz çevirmədin,

Səni bu damcı da qorxutmaz yəqin.

Filləri budayan qızmış bir aslan

Qorxarmı ən aciz körpə ceyrandan?

Qızmış bir aslana neylər bir maral?

Qarışqa ilana verərmi zaval?

Iti caynaq qartal edərkən şikar

Körpə quşlar ilə kef üçün oynar.

Ulduzlar bəxtinlə dostdur, bu bəlli,

Yolunun tozudur bu torpaq əhli.

Dünyanı fəth etmək qismətdir sana.

Hər fayda sənədir, ziyan düşmana.

Sənə məxsus olan bu mübarək fal

Düşmənə verməzmi böyük bir zaval?

Ulduzlarla fallar göstərir bütün,

Bu qanlı döyüşdə olarsan üstün.

Həndəsi hərflər, cizgili xətlər

Bildirir sənindir şanlı bir zəfər[124].

Zənci padşahı Pələngər, şəksiz,

Güclü pəhləvandı, coşğun bir dəniz.

Qaliblə məğluba bir fal vurarkən

O məğlub göründü, qalib idin sən.

Indi ki, uğurlu çıxmışdır falın,

Bundan da doğacaq mübarək halın."

Hər yerdən görüncə həmiyyət, zəfər,

Fatehlik fikrinə düşdü İskəndər.

Əlinə alırkən qılınc, ya qədəh:

"Uğurdur" deyərək tapırdı fərəh.

Hər işdə xeyrə yaz falı, ey filan,

Mübarək fal olur xeyrə yozulan.

Yaman fal vurma ki, doğar yaman hal,

Bir kimsə vurmasın əsla yaman fal...

 

 

 

İSKƏNDƏRİN GÜZGÜ QAYIRMASI

 

Dur, saqi, əl uzat süzülmüş lələ!

Könlümdən bulanlıq dərdi təmizlə!

O parlaq ləldən ki, reyhanlı bağ

Asar qəndilindən işıqlı çıraq.

Mübarək olursa səhərdən günün

Fikrində yaxşılıq olacaq üstün.

Onunla dəyərli ayinlər qurar,

Dövlətçin yaranır gözəl yadigar.

Öz məsud bəxtiylə yaşar qol-qola,

Ulduza fal vurar bəxtiyarlıqla.

Ümidin sönməsin dünya olsa dar,



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info