Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Misir, Rum, Əfrəncə olar tarmar,

Mum kimi əriyər o odlu dağlar.

Bu haqsız axından pərakəndəyik,

Şah, fərman sizindir, bizlər bəndəyik."

O dinin pənahı, adil hökmdar

Bildi ki, Zəncidə hədsiz qoşun var.

O hədsiz ordudan qorxdu hökmüran,

Qorxusuz olurmu ağıllı insan?

İskəndər vəziri tez dəvət etdi.

Onunla ətraflı məsləhət etdi.

Ağıllı, bilikli, hünərli vəzir

Müzəffər olmağa tökdü bir tədbir:

"Qalx, - dedi, - bəxtini sına, zamandır,

Belə əjdahanı məhv etmək şandır.

Zəfərlər yaratsa ordunun əli,

Daha möhkəm olur şahlıq təməli.

Misir də, Zənci də olur sənə ram,

Mərdlikdə alarsan yenilməz bir nam.

Ölkədən silinsə azğın düşmənlər,

Xainlər kor olar, dostların gülər."

Rəhbərin əmriylə o gənc hökmüran

Bayrağı ucaltdı Makedoniyadan.

Topladı süngülü, qılınclı əsgər,

Qılınc şəfəq atdı buluda qədər.

Dənizdən quruya çıxınca ordu,

Tərpəndi, bir daha Misirdə durdu.

Misir xalqı ilə silahlı əskər

Bu işi uğurlu bir fal bildilər.

Padişah əmr etdi, Nil sahilindən

Keçərək, çöllərdə tutsunlar məskən.

Yedəkli at ilə axsın meydana,

Döyüşdə verməsin aman düşmana.

Igidlər düzüldü yola hər nə var,

Zəncinin kininə bel bağladılar.

O coşğun ordunu görüncə zənci,

Gözündə qaraldı dünya sevinci.

Ordular çıxınca qarşı-qarşıya,

Üzlərdən büsbütün silindi Həya.

O polad misralı atlar nalından

Kökündən titrədi o köhnə cahan.

Meydandan o qədər ucaldı nərə,

Sanki göy saraldı, töküldü yerə.

Coşdu toppuz, yağdı mancanaq daşı,

Əyildi öküzün, balığın başı[98].

Insanlar bağırır, kişnəyir atlar,

Dünyanın gözü kor, qulaqları kar.

Bu səs-küy elə bir qiyamət açdı,

Vəhşilər qorxaraq çöllərdən qaçdı.

Döyüşə başlarkən hər iki əsgər,

Divləri sarsıtdı ucadan səslər.

Elə yerdə idi bu döyüş, inan,

Qubar gətirirdi adam yanğından.

Kükürdün tozutək qupquru çöllər

Cəhənnəm kimiydi, yanırdı ciyər.

Sərin su yox idi ağudan başqa,

Bir də günəşdəki yanğıdan başqa.

Baxırdı əjdaha kimi hər mağar,

O yerdə hər fitnə açmışdı bazar.

Orda ki, yaşayır qulyabanılar,

Yaşayıb, hər yerə soxulur onlar.

Ləli yer öküzü udduğu zaman

Pusqudan sıçradı qapqara aslan[99].

Gecənin zülməti dünyanı sardı,

Aslanın dişitək ulduz ağardı.

Gecənin göbəyi yayırdı ətir,

Işıqdan dünyaya açmışdı çətir.

Düşməni tanıyan növbətçi əskər

Yollara çıxaraq keşik çəkdilər.

Ulduzlar yer-yerdən doğmuşdu parlaq,

Xalq oldu zəhmətdən, kədərdən uzaq.

Qaranlıq çöküncə Rum və Zəngibar

Vuruşdan yorulub axşamladılar.

 

 

 

İSKƏNDƏRİN ZƏNGİBAR ŞAHINA

XƏBƏR GÖNDƏRMƏSİ

 

Ver, saqi, Rum üzlü, gülgün şərabdan,

Təbim zənci kimi şəndir bu zaman.

Mənimlə bu qorxu bilməyən pələng

Olmasın Rum, zənci kimi iki rəng[100].

Aldadan yol oldu bu uzaq yollar,

Yeddinci fələkdə ancaq işıq var[101].

Bu yolda mələk də azar yolunu

Çünki bir div gedər, qayıdar onu.

Bu çarsubazarda qapan işlədən

Bir arpa almasa çəkməz iki dən.

Çalışar, hər yandan oğurlar bir az,

Ondan da qaparlar işi olsa saz.

Dönə-dönə alar qoca dehqandan,

Divana göndərər o batman-batman.

Məndən uzaq olsun bu cürə dostlar,

El məni bu sözdə üzürlü tutar.

Əxlaqca yabançı bu dostları, bil,

Ikiüzlülərdə arama bir dil.

Tülkünün deşiyi ikidir əlbət,

Birisi tamahdır, birisi şəhvət.

Bir əqrəb kimidir, olsa da huşyar,

Nə qulaq, nə də göz deşikləri var.

Bu gizlin əsrarı təsvir edənlər,

Dehqan tarixindən vermişdir xəbər.

Çin şahı atına qoyarkən yəhər

Zəncinin nalına od vurdu göylər[102].

Günəşi pusqudan fələk sıçratdı,

Ulduzlar üzüyü əlindən atdı[103].

Bu dünya ordular yıxan ərlərdən

Bir məclis bəzədi ulduz kimi şən.

Dəvəni zəngindən, fil güzgüsündən

Sədəf şəvə doğdu inci doğurkən[104].

Fil təpiklərindən yer öküzünün

Sümüyü qırılıb məhv oldu bütün.

Şah Kəyan rəsmini edərək yeni,

Doldurdu təblinin səsi ölkəni.

Qurdu Rum rəsmiylə elə bir ordu,

Sanki möhrü muma bir naxış vurdu.

Bir rumlu var idi olduqca insan,

Natiqdi, bir neçə dildə danışan.

Alimdi hər fikri, sözü qurmaqda,

Mahirdi ox atıb, qılınc vurmaqda.



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info