Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Gövhərli cam, qızıl, toppuz bir yana,

Xalvarla müşk, ənbər axır meydana.

Saf mədən qızıldan, incidən nə var

Dolmuşdu meşindən iri çuvallar.

Sığmayır o gümüş, kafur çöllərə,

O kafur gümüşdən doldu dağ, dərə.

Yüklənmiş fillərdi - qaya gövdəli,

Cins ərəb atları - tovuz cilvəli.

Bərbərdən, nobidən gözəl əsirlər

Önündə Müştəri və Ay diz çökər.

Daş-qaşla işlənmiş qumaşlar, çullar,

Zürafə gönündən hədsiz xalı var.

Səhrada doluydu hər cürə sərvət,

Xəznəyə gövhərdən vurmuşdu zinət.

Şah şanlı zəfərlə dolğun qarətdən

Şənlənib qurtuldu qəmdən, zillətdən.

Bir dünya cəmdəyə ibrətlə baxdı,

Güldüsə, qəlbindən gizlin qan axdı

Ki, neçin döyüşdə bu qədər insan

Məhv oldu zəhərli oxdan, qılıncdan?

Yanlışdır hər suçu bunlarda görmək,

Özümdə görmək də xətadır, gerçək.

Fələyin işi baş vurmaqdır ancaq,

Qəzadan olurmu boyun qaçırmaq?

Lacivərd örtülü günəş kimi sən

Başını qaçırma lacivərd göydən.

Göy üzü geyərkən lacivərd paltar,

Hər kəsə lacivərd paltar hazırlar[122].

Bu pozuq pərdədə oxuma nəğmə,

Bu duzlu torpaqdan arama çeşmə.

Kim bilir, yığıntı, bu torpaq belə

Yoğrulmuş nə qədər ürək qanilə?

Görən göz yoxdur, yox, hər yan bir məzar,

Ya maral, ya ceyran gönüdür onlar.

 

 

 

İSKƏNDƏRİN MİSİRDƏN

RUMA QAYITMASI

 

Dur, saqi, şərab ver ki, sərxoş olum!

Noğul ver, şərabla bir az xoş olum!

Elə bir şərab ver, könlümü açsın,

Girsəm cəhənnəmə od məndən qaçsın.

O meyvəli ağac olsun bəxtiyar,

Sərin kölgəsində dincəlmək olar.

Həm cana rahatlıq verər kölgəsi,

Həm bəzər süfrəni dadlı meyvəsi.

Dolğun bar vermişkən elə bir nihal

Daim qalsın cavan, tapmasın zaval.

Bar verən belə bir ağacı gerçək

Rəvamı baltanın ağzına vermək?

Qış getdi, yenə də ilk bahar gəldi,

Çaylar sahilindən otlar yüksəldi.

Yenidən yamyaşıl geydi hər budaq,

Bənövşə hər müşkə ənbər qataraq,

Nərgiz də yığmaqçın haman ətirdən

Kafurtək başını qaldırdı yerdən.

Xəzinə qapısın açaraq mən də

Bir bayraq ucaltdım yaşıl çəməndə.

Yaşıllıq hatifi o gizli dilbər,

Şairlər ona şer ilhamı deyər,

Sehirli səs ilə bağırdı: Oyan!

Yaz xəzinə saçan xatiratından!

Nə yerdə zəncini əzmiş İskəndər,

Nə yerdə atına qoymuşdur yəhər?

Bu köhnə dastanı nəql edən dehqan

Keçmişi bu sayaq etmişdir bəyan:

Şaha yar olunca o böyük zəfər,

Güldü nar gülütək, açıldı güllər.

Xəzinə ağzını açdı hökmüdar,

Payladı, varlandı bütün qoşunlar.

Vuruşma yerində bir həftə qaldı,

Şərabdan çöhrələr qızıl rəng aldı.

Külək fərraş kimi, yağış səqqatək

Yolları süpürüb suvardı qəşəng.

Yollardan silindi bütün toz-torpaq,

Yol tozsuz olanda bəzənir ancaq.

Toz-torpaq yollarda yatınca yenə,

İskəndər atıldı yəhər üstünə.

"Yol verin!" deyərək coşdu təbillər,

Bayraqlar ucaldı Pərvinə qədər.

Əfrəncə dənizi, Nil sahilləri

Köç təbli səsindən oldu sərsəri.

Coşduqca dəvələr zənginin səsi

Doldu boş səslərlə beyin kürəsi.

Yollarda qumrullar səs-küy salaraq,

Cınğıraq səsindən tutuldu qulaq.

Çöllərdə axırdı o qədər əskər,

Yox idi sayını bilən bir nəfər.

Kəkliktək oynayan atı İskəndər

Minərək, dalınca tərpəndi əskər.

Bir qədər yol getdi, ordu, şəhriyar,

Ovadan geniş bir çölə çıxdılar.

Al-sarı bayraqlar vardı o qədər,

Diş-diş şəklə düşdü lacivərd göylər.

Çöllərdən dağ kimi keçir qənimət,

Yüklənmiş dəvələr çəkirdi zəhmət.

Qədərsiz cavahir yüklənmiş filə,

Yüz yerdən körpülər salınmış Nilə.

Güldü hökmüranın üzü, göz-qaşı,

Fərəhdən göylərə ucaldı başı.

Xalqa hörmət etdi girərkən Misrə,

Şəhrə nizam verdi adəti üzrə.

Dəniz sahilində endi oradan,

O yerdə şövkətlə qaldı bir zaman.

Bayrağı nə yerə sancdı tacidar,

O yerdə abadlıq oldu bərqərar.

Sərvətlə, fərmanla uzun bir müddət

Saldı Rum rəsmilə bir çox imarət.

Qumlara qum kimi sərvət səpərək

Abadlıq yolunda çəkdi bir əmək,

Dəniz sahilində böyük İskəndər

Təzə bahar kimi qurdu bir şəhər.

Bir cənnət kimiydi - işıqlı, abad,

Hər yerdə bazarı, bağçası gülşad.

Şəhəri İskəndər tikibdir deyə

Adını qoydular "İskəndəriyyə".

Şah bina etdiyi bu gözəl şəhər

Bağdada bərabər, Misrə bərabər.



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info