Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Gümüş küp, ya qızıl bir teşt istəsən,

Iraq torpağından uzaq getmə sən[62].

Reydən Cənd, Dehistan, Xarəzmə qədər

Yoxdur sel izindən başqa bir əsər.

Buxaralı, gilək, kürd və xəzərli

Bir parça çörəyi tutmuş dörd əlli.

Başqa ot göyərməz Mazandaranda,

Tikanlı qanqallar göyərir onda.

Tək iki şey çıxar Mazandarandan:

Biri div, o biri divqılıq insan.

Yaşasın qəlb açan sevimli Iraq,

Ondan şerin səsi ucalmış ancaq.

Ətirli çiçəklər atınca Hicab,

O güldən Iraqda çəkilir gülab.

Ey sənət qasidi, məsləhət budur,

Dünyanı yel kimi dolaşma, otur.

Cavahir yonmağa al kəskin kəsər,

Söz gəlinlərinə saç noğul, şəkər.

Gövhər qaz İskəndər mədənlərindən,

Gövhəri İskəndər alacaq səndən.

Gövhərə müştəri çıxar cahandar,

Dünyada tezliklə diləyin parlar.

Qapına qiymətlə gəlsə müştəri,

Buraxma, sat ona, qaytarma geri.

Dənizlər soltanı alsa bir gövhər,

Hər daşa bir gəmi cavahir verər.

Xəzinə gizlətmə belə dənizdən,

Ondan dürr alaraq, cavahir ver sən.

Ol doğru miyançı, düzəlsin hər iş,

Ortada nə kabab yansın, nə də şiş.

Xızrın sözlərini eşidincə mən,

Beynimdə bir xəyal doğdu yenidən.

Qəlbimdə yer tutdu, qəbuldur, deyə,

Ürəkdən doğan söz yatar ürəyə.

Mənə bu saf öyüd əsər edincə,

Inciyə dil açdım incədən-incə.

Yaratmaq fikriylə yeni "Şahnamə",

Açdım hər şivədən böyük həngamə.

O heyrət verici əfsanələrdən

Şahların adına qitə çəkirkən

Zehnimdə hər güzgü parlatdımsa mən

İskəndər xəyalı keçdi önümdən.

Boş baxma sən buna, uca şəhriyar

Həm qılınc vurandır, həm də tacidar.

Xalq ona taxt-tac sahibi deyir,

Ölkələr fəth böyük cahangir.

Vəziri həkim bir şəxs olduğundan

Ona da hikmətdən yazıldı fərman.

Baxanlar görüncə onu dinpərvər,

Ona da peyğəmbər adı verdilər.

Bilənlər əkdiyi üç toxumdan mən

Bir ağac əkərəm həm uca, həm şən[63].

Öncə söz açaram padşahlığından,

Cahangirliyini edərəm elan.

Hikmətlə bəzəkli söz yazaram mən,

Köhnə tarixləri tazalaram mən.

Döyərəm qapını peyğəmbərliyə,

Tanrı da bəyənmiş "peyğəmbər" deyə.

Üç qapı tikdim, üç xəzinə demək,

Çəkdim hər qapıda ayrıca əmək[64].

Üç qapı, ya bu üç inciylə yenə

Tökərəm dünyaya ağır xəzinə.

Vuraram elə rəng, elə bir zivər,

Bütün ölkələrdən işığı gələr.

Dəftərlər topladım incidən parlaq,

Hayıfdır üstünə çöksün toz, torpaq.

Bir dövlət sarayı göstərin barı,

Vurum divarına bu naxışları.

Bu naxışlarımla durduqca dövran,

Qurtarın onu bu dünya tozundan.

Şerimlə yaradım elə bir dastan,

Əbədi həyata yaratsın imkan.

Adını naməmlə edərəm uca,

Adıyla yaşayım dünya durunca.

Bu taxtdan sazlayım elə oturaq,

Onunçun olsun bir əbədi otaq.

Adına bağlayım elə naxışlar,

Dövran dövr etdikcə qalsın bərqərar.

Zehnindən silməsin onu bu fələk,

Yumasın, pozmasın yağış və külək.

Bu şərtlə dünyada tutunca aram,

Başını günəşə, aya ucaltsam,

Mənə də qurulsun elə bir dəsgah,

Başım ölçüsündə verilsin külah.

Işığı günəşdən mümkündür almaq,

Bu işdən kölgənin yolu çox uzaq.

Qarğaya göyərçin olarmı şikar,

Bu ovu padşahın əl quşu ovlar.

Nizami işidir incə söz düzmək,

Incilər yaratmaq ona yarar tək.

Vurar bu naməyə elə naxışlar,

Bu naxış hər qəlbə işıq bağışlar.

Dostların qəlbinə nur damar ondan,

Düşmənin gözündən qaçsın hər zaman.

Bülbültək ötsə də düşmənin səsi,

Qəlbini dələn bir oxdur tənəsi.

Mən bu dastanıma vurarkən bəzək,

Öz ulu tanrımdan istədim kömək.

Versin dastanıma əzizlik, şöhrət,

Əziz tutanlara göstərim şəfqət.

Açsın bu naməmə elə qol-qanad,

O faldan doğsun ən uğurlu həyat.

Ürəkdən sevinsin hər bir oxuyan,

Zövq alsın fikrimi dərindən duyan.

Hər qəlbi qırığa yeni can olsun.

Hər ağır dərdliyə əl tutan olsun.

Hər xəstə ürəyə göstərsin şəfqət,

Hər bağlı qapını açsın bu sən ət.

Oxumaq istərsə aciz bir nəfər,

Haqq olsun ona bu diləkdə rəhbər.

Əlinə alsa hər ümidsiz kimsə,

Hər dilək, hər ümid gülsün o şəxsə.

Hər dilək istədim, verdi, çox şükür,

Öz uca tanrıma etdim təşəkkür.

Bu namə mübarək olacaq, bişəkk.

Şahın məclisində olsa mübarək[65].

 

 

 

NÜSRƏTƏDDİN ƏBUBƏKR



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info