Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Başqa bir çarəm yox, təsliməm ancaq,

Qəzadan olurmu boyun qaçırmaq?

Etdiyim duadan yazaram bir xətt,

Üstündə möhrünü qoysun Məhəmməd.

Həm də dörd xəlifə şəhadətiylə,

Yüzlərcə eşq olsun dördünə belə.

Qanlını qurtaran xətt sənəd kimi,

Qolumda qalar bir bazubənd kimi.

Başlarkən qılınctək kəsən məhkəmən,

Məhşərlə qiyamət qarşı gəlirkən,

Hər kəsin boynunda nameyi-əmal,

Mən də bu naməni çıxarram dərhal,

Göstərrəm, insafla hökm verənsən,

Bununla hökm ver, çün hakim sənsən.

Ümidim sənədir, ey ulu tanrı,

Qapından ümidsiz qaytarma barı.

Atımı həddimdən uzaq salmışam,

Yolunda mən yarı yolda qalmışam.

Taxtımı qapında düşür, yaradan,

Məni azdırma öz doğru yolundan.

Səndən yol göstərmək, məndən aramaq,

Mən cana gəlmişəm, sən can ver ancaq.

Sevdiyin ayinlə, ey pərvərdigar,

Sən mənsiz bəzədin mənə bir bazar.

Bu zinət naxşını salma rövnəqdən,

Mənə öz xəznəndən bir pay ayır sən.

Bu zəif varlıqdan nədir istəyin?

Elə bil əvvəldən yoxmuş bu miskin.

Sən əziz tutmusan, yandırma məni,

Nəzərin məndəykən qovma bəndəni.

Sən verdin mənə bu uca rütbəni,

Sən də bu zindandan gəl qurtar məni.

Indi ki vermişsən böyüklük, ad-san,

Kömək ol mənə, ey adil yaradan.

Hər kimin başına qoydunsa külah,

Salma toz-torpağa, əziz tut, Allah.

Qapının sirdaşı olan bir qəlbi

Qoyma hər qapıda dilənsin, rəbbi.

Sən mənim işimi alma nəzərə,

Işimə əncam çək ədlinə görə.

Nizami bu uca dərgahda ancaq

Ulu Mustafanı şəfi tutacaq.

 

 

 

SONUNCU  PEYĞƏMBƏRİN TƏRİFİ

 

Seçilmiş elçidir ulu tanrıdan,

Möhkəm hökmləri xalqa çatdıran,

Qiymətli tacıdır azadələrin,

Ən dəyərlisidir bütün bəşərin.

Əzəldən əbədə bütün yaranmış,

Məhəmməd adından almışdır naxış.

Əqlin qanadına tək odur çıraq,

Varlığa işığı o verir ancaq.

Zamindir qaraya, ağa bu rəhbər[13],

Şəfaət edəndir qopunca məhşər.

Kölgəli ağaclar din saçan bağda

Budağı göydədir, kökü torpaqda.

Ziyarətgahıdır peyğəmbərlərin,

Nemət verənidir bütün bəşərin.

Bu yanar çırağa vermədən işıq

Dünyada bir işıq yox idi artıq.

Xalını qaraldır Əbbasilərin,

Gözünə nur saçır şəmmasilərin[14].

Dodağı Isadan daha möcüzkar[15],

Zülmətin suyutək geyinmiş paltar[16].

Göy - ona dünyada dörd tağı quran,

Yer - ona fələkdə beş növbət vuran[17].

Odur öz ağlına eləyən təkyə,

Ayı barmağıyla bölən ikiyə[18].

Ona bac verəndir bütün Rum və Rey,

Xərac göndərəndir Kəsra ilə Key.

Yağdıran buluddur o səmapeykər,

Bir əlində qılınc, birində gövhər.

Gövhərlə dünyaya vurmuşdur bəzək,

Qılıncı din üçün çağırmış kömək.

Padşahlar qılıncı çəkdiyi zaman

Baş bədəndən düşər, tac isə başdan.

Bu isə əzməyə verərsə qərar,

Qılıncı çəkmədən tökülər başlar.

Hər iki dünyadan bir don tikərək,

Onlardan düzəltmiş yeganə bəzək.

O donu geyərkən pak vücuduna,

Bir qarış az gəldi uca boyuna[19].

Tanrı xəlq etdiyi qamətə gərək

Vurulsun tanrının qurduğu bəzək.

Bağlı qapıların odur açarı,

Onun adı aşmış hər bir hasarı.

Dəvətə genişlik o vermiş yenə,

Daşlar da şahiddir möcüzəsinə[20].

Əli boş, bu dərviş geyimli soltan

Qulamlıq alandır, şahlığı satan.

O gecə meraca at səyirdərək

Fələyin donuna vurdu min bəzək.

Gecə - meracının çətrindən sayə,

Göy - o nərdivandan kiçik bir payə.

 

 

 

PEYĞƏMBƏRİN MERACI

 

Göy gecə məclisi qızışdırmışdı,

Işıqdan gecənin gözü qamaşdı[21].

O yeddi fələyə o yeddi ülkər

Çin ipəklərinə düzmüş dürr, gövhər[22].

Cənnət keşikçisi huri, pərilər

Hər köşkə vurmuşdu yaraşıq, zivər.

Bu taxtın soltanı olan Məhəmməd,

Keçən elçilərdən odur vəliəhd.

Müşkünü saçaraq "Beytiəqsayə"

Məkkədən ucaldı ərşi-əlayə.

Cismini qurtardı dünya bəndindən,

Etdi ərş əhlinin qəlbində məskən.

Yetmiş yollu yurddan köçünü vurdu,

Çadırı yeddinci fələkdə qurdu[23].

Doqquz hücrəsini bir an buraxdı,

Göyün doqquzuncu tağına qalxdı[24].

Yeddinci əflakə çapdığı zaman

Dişarı atıldı dördkünc daxmadan[25].



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info