Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Gecə şam nə qədər şən-şən gülümsər,

Pərvanə seyri də o qədər sürər.

Otaq boş qalınca işıqlı şamdan

Qalmaz pərvanədən daha bir nişan.

Uşaqlıq və gənclik dövrü çatınca,

Özümü göstərdim düşgün bir qoca.

Indi bu dərd ilə göstərsəm şənlik,

Qocaya uyarmı bu gənclik, mənlik?

Düşmüşəm bir çürük çöp kimi bağda,

Gecələr şam kimi parlar bucaqda.

Atəşli böcəklər gecələr parlar,

Qaranlıq gecədə nurdan dəm vurar.

Özümdə görsəydim qüvvət və dayaq,

Tapardım sevimli, sakit bir bucaq.

Yenidən rahət bir ömür sürərdim,

Dünyanı şadlığa girov verərdim.

Yetişdi başa bu gənclik günləri.

Məşriqdən ağardı daha dan yeri[47].

Dincəlmək fikriylə nə tədbir töküm,

Azalsın bir qədər zəhmətim, yüküm?

Başına tac ilə kim vursa bəzək.

Əmgəyi ağ deyil, müşk olsun gərək[48].

Yeddi göy pərgarı etmədən cövlan,

Ömrümün xəttini parçalamadan

Vursun barmaqlarım mizrabıma dəm,

Öz varlıq səsimi saxlayım möhkəm.

Hər incə sözə bir füsun bağlayım,

Qoyduğum əsərə bir gün ağlayım.

Keçərsə körpüdən bu gilan atım,

Inanma Gilana bir də qayıdım[49].

Bu yerdə mən kimi yatanlar çoxdur,

Onları xatirə salan ki, yoxdur.

Təzə kəklik, yad et məni ürəkdən

Məzarım yanından ötüb keçərkən,

Üstümdə görərsən göyərmiş otlar,

Baş daşım uçulmuş, çökmüşdür məzar.

Qəbrimin tozunu sovurmuş yellər,

Dostlardan anan yox məni bir nəfər.

Qəbrim şüşəsinə əl qoyan zaman

O pak gövhərimi heç olmasa an[50].

Uzaqdan sən mənə göz yaşı töksən,

Mən sənə parlaq nur saçaram göydən.

Duadan bir dilək istəsən əgər,

Mən amin deyərəm, qəbulə keçər.

Salam ver, hörmətlə məndən salam al,

Gəl qəbrim üstünə, edim istiqbal.

Hər zaman diriyəm sənin kimi mən,

Mən cana gələrəm sən cana gəlsən.

Bu yerdə sanma yar-yoldaşsız məni,

Məni görməsən də, görürəm səni.

Bu ölənlər ilə, gəl, danış barı,

Unutma, yada sal bu yatanları.

Qəbrimə gələrkən qədəhi doldur.

Nizami yatdığı yerə qədəh vur.

Ey uğurlu Xızır, sanma ki, mənim

Bu meydən içilən meydir məqsədim.

O meydə özümü unudum dedim,

Özümü unudub məclis bəzədim.

Mey dalğınlıqdandır, səbuh xumardan,

Mənə pak şərabı və d etmiş yazdan.

O böyük tanrıya aydındır bu iş,

Ömrümdə dilimə şərab dəyməmiş.

Bu dilim, dodağım görmüş isə cam,

Olsun Nizamiyə hər halal-haram.

 

 

 

ÖZ NƏFSİNƏ ÖYÜD VƏ NƏSİHƏT

 

Ey saqi, yuxumu başımdan uçur,

Aşiqəm, camı saf mey ilə doldur.

Bir mey ki, suyu saf, axan gümüşdür,

Onu hər dörd məzhəb halal görmüşdür[51].

Ey könül, böyüklük almadan ələ

Böyüklər yerində oturma hələ.

Dünyada böyüklük tapmaq istəsən,

Al ələ qələmi, yaz böyüklərdən.

Dindirən olmasa danışma hədər,

Kəsəri yavaş vur, sınmasın gövhər.

Sormadan kim sözə başlasa, bişəkk,

Sözünü küləyə sovurmuş, demək.

Gözsüzə yaramaz göstərmək çıraq,

Görməyən bir gözə nə piltə, nə yağ?

Söyləmək o zaman verər mənfəət

Aləmə səs sala, qazana şöhrət.

Sözünə almasan layiqli cavab,

Dəyərli sözləri eləmə xarab.

Boş söz söyləməkdən saxla özünü,

Ağzına qıfıl vur, yandır sözünü.

Sən ki zövq alırsan yemək, yatmaqdan,

Nə deyim sənə, ey qulaqsız insan.

Bu gözəl sənətim məlumun deyil,

Nə də ki, qapımda vurulan təbil.

Ən ağır qiymətli mətahlarım var,

Istəyən olmasa, etməm aşikar.

Inciyə sədəftək göz yummuş alan,

Bu kasad bazara çıxarmı satan.

Belə bir dəyərli gövhərlə, dostlar,

Bir gövhər sevənə ehtiyacım var.

Müəllimim mənə açan sirləri

Istərəm danışım, dinləsin biri.

Ondakı almazla qazım mədəni,

Canına bağlayım can gövhərini.

Belə alver geniş dünyada çox var,

Biri inci alar, o biri satar.

O hansı könüldür kədər almasın?

O hansı kəmənddir qarşılanmasın?

Xəzinə üstündə yatmışdır ilan,

Gözətçilik deyil məqsədi, inan.

Xurmanın ağacı olmazsa uca,

Uşaqlar çox ziyan verər ağaca.

Yolu gözətçiylə olar qorumaq,

Odsa gül içində saxlanar ancaq.

Tinətim olduqca yumşaqdır, bundan

Tarlama hər yandan yetişər ziyan.

Sərt təbiətilə başqa adamlar

Özünü əyridən, oğrudan saxlar.

Uşağı yolundan qaçırmaq üçün

Üzü zənci kimi qaraltmaq neçin?

Hansı bir səfərə görsəm hazırlıq,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info