Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Mənə söyləmişdi axmaq bir nəfər:

"Zəri - zər, xəzinə - xəzinə çəkər".

Həmin bu qızıllı dükana çatdım,

Qızılı qızılın üstünə atdım.

Atdım ki, əşrəfi çəksin xəzinə,

Çox qızıl onu da çəkdi özünə.

Gülərək o sərraf, o azad insan,

Söz açdı qızılın qarışmasından:

- Çox gedə bilərmi azın üstünə?

Yüz getməz, bir gedər yüzün üstünə.

Kim ki sərvətimi çapmaq istəyir,

Yolumda bu məsəl bir keşikçidir:

Dəyirman bu qədər hay-küy qoparır,

Muzdurdur, ununu divan aparır.

Oğrudan əlmüzdüm budur nəhayət:

"Oğrudur" deməyə etməz cəsarət.

Baxsana, yol kəsər quldur-qaralar,

Dünyanı ki, qara rəng ilə boyar.

Gündüzlər: "Göz gözdən utanır" deyə,

Talanı, qarəti qoyar gecəyə.

Ancaq söz qulduru şəfəq sökərkən,

Qələmi yontaraq müşkin söyüddən

Fikrimi qapırlar, könlüm əmindir,

Buxaraya getsə o, Gəncənindir.

Gizlində mətaha çıxmaz müştəri,

Oğurluq bir malın olmaz dəyəri.

Ayıblar açığa çıxdığı zaman

Əlin də, qəlbin də dərdlənir bundan.

Oğurluq maldan səs çıxmazsa, bişəkk,

O malı darğalar aparmış demək.

Göz yumdum bu işə, çünki ruzigar

Hər yaxşı-yamanı edər aşikar.

Dövranın çəkisi çəkər hər işi,

Çəkiyə girməmiş qalmaz bir kişi.

 

 

 

ÖZ HALINA VƏ ZƏMANƏNİN

GEDİŞİNƏ DAİR

 

O gülgün şərabdan, saqi, ver nişan,

Ver mənə sərxoşlar içən dərmandan.

O acı dərmanla məst olum bu gün,

Özümü unudum bəlkə büsbütün.

Nizami, yetər bu şöhrət qazanmaq,

Qocaldın, gəncliyi daha gəl burax.

Qızmış aslan kimi pəncə aç, artıq

Özünə tülkütək vermə yaraşıq...

Eşitdim, rəng sevən bir rus tülküsü

Özünə verərmiş bir gəlin süsü,

Qopunca toz, külək, yağış, burağan,

Tükünü çıxarmaz o gün yuvadan.

Qucaqlar deşiyin bir bucağını,

Acından yalar öz əl-ayağını.

Sorar öz qanını dəri altından,

O dəri becərər, başqa kəslər can.

Elə ki, əcəli yetişər birdən,

Dərisi canına kəsilər düşmən.

Dərinin eşqinə edərlər şikar,

Bəslənmiş dərisi başından çıxar.

Dünyada bir büsat qurmaq nə mümkün,

Bu yurddan çarəsiz köçərsən bir gün.

Özünə yaraşıq verməyən heyvan

Təmahkar kəslərdən görməz bir ziyan.

Yeddi rəng pərdədən qurtul birtəhər,

Güzgü pas altında çirkin görünər.

Qurduğun cadular yetişər, burax,

Kimsəyə cadutək tor atma nahaq.

Al kükürd deyilsən, ağ ləl deyilsən,

Arayan ümidsiz qayıtsın səndən.

Insansan, insana qatış hər zaman,

Insanla yaşayar hər zaman insan.

Əlçatmaz xəzinə olsan da, ancaq

Çox belə xəzinə gizləmiş torpaq.

Ağacdan uzaqsa meyvə qoparan,

Fərqi yox, o xurma versin ya tikan.

Həyat yox, gəncliyi alınca xəzan,

Gənclik qalmayınca qalmasın cahan.

Gənclikdir insana gözəllik verən,

Gözəllik sönərsə qəlb olurmu şən?

Sümüyün çürüyüb, süst olsa arxan,

Mərdlikdən, hünərdən qurma bir dastan.

O gün ki, gəncliyin qüruru sönər,

Iş görməz daha bu cəsarət, hünər.

Bağ, bağça gözəldir, şəndir gülüstan

Sərv ilə lalələr güldüyü zaman.

Elə ki, bağlara boz xəzan girər,

Bülbül öz yerini qarğaya verər.

Bağbanlar qəlbini dərdü qəm yaxar,

Uca budaqlardan düşər yarpaqlar.

Bostanlar pozular, reyhanlar qalmaz,

Bağın açarını soruşan olmaz.

Durma, gəl naləyə, ey qoca bülbül,

Al güllər saraldı, tutuldu könül.

Ucaboy sərvlər oldu ikiqat,

Bağban da kölgədən çəkildi heyhat.

Əlliyə çatınca dəyişir əhval,

Dəyişir yaşayış, dəyişir hər hal.

Baş, ağır yüklərdən daşa vuruldu,

Bu dar keçidlərdə dəvəm yoruldu,

Qollarım titrəyir qədəh tutarkən,

Ayağım büdrəyir qalxıb durarkən,

Vücudum lacivərd rəng aldı artıq.

Qırmızı güllərim saraldı artıq.

Yollarda qaldı bu yürüyən atım,

Baş düşdü yastığa, söndü həyatım.

Çövkanlar atdığım yel ayaqlı at

Yüz çövkan vursan da tərpənməz, heyhat.

Itdi meyxanada şənlik açarı,

Tövbələr çulğadı bu ruzigarı.

Dağlara buludlar ağ kafur saçdı,

Ac torpaq ağzını kafurçün açdı[45].

Gah könül köçməyə tərpəniş edir,

Gah başım yuxuya pərəstiş edir.

Qulağım eşitmir gəlin qəmzəsi,

Qədəh boş, kəsildi saqinin səsi.

Qulaq eşitməkdən, baş kefdən qaldı,

Köç vaxtı yaxındır, ömrüm azaldı.

Bu zaman bir bucaq xoşdur saraydan,

Oyuncaq əlini uzadar dövran[46].



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info