Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Maninin fırçası düşmüşdür bəndə[78].

Dastanı düzərkən fikrim açıqdı,

Söz səlis olsa da, yol dolaşıqdı.

İskəndər haqqında heç bir əsərdə

Məlumat görmədim yığcam bir yerdə.

Sözlərlə dolmuşdu xəzinə içi,

Ancaq hər nüsxə bir dağınıq inci.

Hər köhnə nüsxədən əsas alaraq,

Onu öz şerimlə bəzədim ancaq.

Ən qədim tarixi əsərlərdən mən,

Yəhudi, nəsrani, pəhləvilərdən

Ən incə sözləri əlimə saldım,

Qabığı ataraq, məğzini aldım.

Müxtəlif dillərdən yığdım çox sözlər,

Bunlardan düzüldü yazdığım əsər.

Saydığım dilləri ətraflı bilən

Saxlar öz dilini mənə töhmətdən.

Hansı bir pərdədə doğru söz gördüm,

O sözün telini şerimlə hördüm.

Bu işdə həqiqət arasan bir az,

Nəzmdə həqiqət aramaq olmaz.

Şerimdən atsaydım bəzəkli donu,

Azacıq zəhmətlə yazsaydım onu,

Bu böyük fatehin sərgüzəştindən

Bir vərəq yazmaqla bitirərdim mən.

Dünyanı dolaşan böyük İskəndər

Yorulmaq bilmədən edirdi səfər.

Dünyanı dolaşıb dörd yanı gəzdi,

Bilmədiyi mülkü fəth eyləməzdi.

Hansı bir dövlətə verdi nəhayət,

Kəyan adətinə göstərdi hörmət.

Yalnız zərdüştlüyü qəbul etməmiş.

Başqa adətlərə etdi pərəstiş.

Dünyada ilk əvvəl o zinət qurdu,

Yunanda sikkəni qızıldan vurdu.

İskəndər əmrilə vermiş hər zərgər,

Qızılın suyuyla gümüşə zivər.

Farscadan hər əsər keçmiş əlinə,

Tərcümə etdirmiş yunan dilinə.

Qapıda üç növbət təbil vurdurmaq

İskəndər dövründən qalmışdır ancaq.

Ulduz güzgüsüylə o böyük qeysər

Qaranlıq içindən çıxardı gövhər[79].

Sildi şurişləri köhnə dünyadan.

Taxt aldı, tac aldı qoca Daradan.

Hindin sövdasını, rus səfrasını

Silərək parlatdı şən dünyasını.

Rəyi bir güzgüdür çinlilər üçün.

Odur Keyxosrovun taxtına üstün.

Ömründən keçirkən tam iyirmi il

Şahlığa ucadan vurdurdu təbil.

Iyirmi yeddiyə çatınca yaşı

Peyğəmbər olaraq, ucaldı başı.

İskəndər o gün ki peyğəmbər oldu,

Onun tarixinə naxış vuruldu.

Dinə yol göstərən bir hikmət oldu,

Dünyada mübarək bir dövlət oldu.

Din üçün etdi çox dəlillər icad,

Bu dünya üzünü elədi abad.

Dünyanı gəzərkən döndü hər yana,

Elədi çox böyük şəhərlər bina.

Hinddən başlayaraq Yunana qədər -

Hər yerdə tikdirdi böyük şəhərlər.

Səmərqənd şəhrinə o verdi zivər,

Cəndi də tikdirmiş böyük İskəndər.

Həri də yadigar qalmışdır ondan,

Varmıdır belə bir məmləkət quran?

Dərbəndi deyirlər İskəndər qurdu,

Əqliylə o şəhrə böyük səd vurdu.

Bulqar şəhrini o etdi bərqərar,

O şəhrin adıdır əslində Bün-qar[80].

Bağlayıb dağları biri-birinə,

Yəcuc hasarını o çəkdi yenə.

Çox bina salmışdır bunlardan başqa,

Onları saymaqla çatmaz ki, başa.

Pak olan o vücud, ulu tacidar

Yerləri təqsimə verincə qərar,

Dünyaya gəlmədən əvvəl xaçpərəst,

Çəkdi bu dünyada xaç kimi bir xətt[81].

Həmin bu dördbucaq ətləsi xətlə

Həndəsi ölçünü keçirdi ələ[82].

Dörd bucaq üstünə bir də artırdı,

Bu doqquz fələyə, beş növbət vurdu[83].

Bir mıxı uzanmış Şimali qütbə,

Bir kökü uzanıb getmiş Cənubə.

Ipinin bir ucu Məşriqə çatmış,

O biri Məğribə qol-qanad atmış.

Dünyada bu endə, uzunda böylə,

Uca bir barigah kimdə var, söylə.

O gün ki, istədi gəzsin dünyanı,

Ölçməyə başladı əvvəl hər yanı.

Hər bir məsahətdən, mərhələlərdən

Qalmadı bir qarış yer ölçülməyən.

Bu işdə hesabsız yerölçən vardı,

Yüzlərcə katiblər ölçüb yazardı.

Uzun iplər ilə ölçüldü çöllər,

Hesaba alındı bütün mənzillər.

Aldığı quruda o saray qurdu,

Mənzil-mənzil yolu ölçüyə vurdu.

Mavi dənizdən də edərkən səfər,

Onu da ölçüyə vurdu İskəndər.

Dənizdə yol ölçən iki gəmi var,

Uzun bir ip ilə bağlanmış onlar.

Birisi yerində salardı ləngər,

O biri ip boyu irəli gedər.

Sonra yol gedənə ləngər salaraq

Ləngərli gəmiyə taxardı ayaq.

Gah onu, gah bunu belə sürürdü,

Qorxmadan dənizi yarıb ölçürdü.

Belə bir yol ilə bu mühəndislər

Ölçürdü sahildən sahilə qədər

Dünyadan kədəri şah silə-silə

Ölçüyə aldı bu həndəsə ilə.

Yerləri, yolları bu İskəndərin

Öz tədbir ölçüsü etmişdir təyin.

O, rübi-məskunu etdi aşikar[84],

Yoxsa bu yerlərə başqa kim çatar?

İskəndər hər yerə atını çapdı,

O yerlər şənləndi, səadət tapdı.

Dağlara, çöllərə tapdı min çarə,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info