Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

PADŞAHIN TƏRİFİ

 

Yaquta bənzəyən suyu, saqi, dur,

Bu yaqut yağdıran qədəhə doldur.

Bu saxsı cama mey həyat axıdır,

Onun reyhanının öz torpağıdır[66].

Ey uca günəş, dur, bayrağını aç,

Ey xuraman bulud, müşkin ətir saç.

Gurla, ey ildırım, şahın təblitək,

Dan dodağı kimi gül, gül, ey şimşək.

Sən də saf qətrəni yağdır, ey bulud,

Ey sədəf, qətrəni qucağında tut.

Ey inci, üzə çıx söz dənizindən,

Sultanın tacında get elə məskən[67].

Şah ki, yüksəlməni eyləyir arzu,

Sənə şanlı tacdır yolunun tozu.

İskəndər qurduğu dövlət, əzəmət,

Ona verilmişdir indi o şövkət.

Yerlərə, göylərə odur can verən,

Böyük cahangirdir, düşmən devirən.

Məğribdə mərdlikdə hökmü rəvandır,

Məşriqdə hünərlə o qədərxandır.

Cahan pəhləvandır, Nüsrətəddindir,

Hökmü düşmənlərə qılınc təkindir.

Düşmən son düşünən, ürəyində kin,

Istiqbal görəndir, ləqəbi Bişkin[68].

Qılınc sahibidir, tac verən şahdır,

Üç növbət vurandır, beşə pənahdır[69].

Atını Rüstəmlər üstünə sürər,

Həm taxtı bəzəyər, həm də tac verər.

Adətdir, dünyanın ulu şahları

Xəznəyə dəmirdən vurar açarı.

Bunun tək qılıncdan xəzinəsi var,

Dəmirdir xəznəsi, qızıldır açar.

Fərattək səmimi bir dostluğu var,

Nil kimi düşməni gizlində boğar[70].

Günəşə salsa o öz kölgəsini,

Suyuyla söndürər od çeşməsini.

Bir nəzər salsa o yeni hilalə,

Bədirlənib o da yetər kəmalə.

Onun bəxşişini sayan bir nəfər

Nə qədər ömrü var ona şükr edər.

Ona şükr etməklə neməti artar,

Belə nemət verən, söylə, harda var?

Fələktək hər kəslə girsə meydana,

Atar qalxanını torpaqtək suya[71].

Döyüşdə buluddur, elə ki, kükrər

Dağların başını qılıncla sökər.

Meydanda açdığı hünərlər ki, var,

Nə Rüstəm göstərmiş, nə İsfəndiyar.

Bəxtiyar bir həyat başladı yerdə

Bu günəş anadan doğan səhərdə.

Altında ağ atı keçsə hər yerdən.

Ayağı dəydiyi yer olur gülşən.

Hansı bir qələdə parlatmış yüyən,

Düyümü açmışdır pərgar xəttindən.

Hər şəhrə hünərlə qələbə çalmış,

Qarun sərvətini əlinə almış[72].

Bayrağı qələyə sancdığı zaman

Bəyinin başını asmış qaladan.

Hamıda insanlıq bir təbiətdir,

Bu başqa insandır, başqa xilqətdir.

Bildiyim ən adlı, sanlı kimsələr

Bu insanlığına təşəkkür edər.

Geniş ehsanı var, uca şövkəti,

Aldanmış dünyanın vəlineməti,

Dirilsə bir ölü, qalxsa məzardan,

Şəhəri, bazarı tutar həyəcan.

Min: ölü dirilsə ədalətilə,

Düşmənin ürəyi düzəlməz hələ.

Isatək nə qədər ölü diriltdi,

Bu gözəl əxlaqla xalqı qul etdi.

Gövhər mədənitək dağılan dünya

Bu günəşlə tapdı həyat və ziya.

Yer cəhənnəm idi - nə iş, nə tarla,

Bir cənnət olmuşdu bu gənc baharla.

Hər yeni nemətdən dağıdır xalqa,

Neməti çay kimi axıdır xalqa.

Yaxşılıq ardınca getsə hər zaman

Yaxşının adını unutmaz cahan.

Demirəm dənizdir uca şövkətin,

Bir mədən qədər var ağır qiymətin.

Şahın da sarayı günəş kimidir,

Məşriqdən məğribə uzatmış kəndir.

Cənnəti tutmuşsa tuba ağacı,

Hər budaq olmuşsa bir qəsrin tacı,

Ehsanı Şərq ilə Qərbə kök salmış,

Hər ev süfrəsindən bir nemət almış.

Adı Keyxosrovla olmuş bərabər,

Nəsəbi ucadır Keyqubad qədər.

Atını hansı bir səhraya çapmış,

Hər qanqal ətəyi əşrəfi tapmış.

Yer, xəzinəsindən bir çuval tikmiş,

Xeyri zər toplamış, yasəmən gümüş[73].

Hansı xəzinəni açıb axtarsan,

Onun sikkəsindən tapılar nişan.

Tac ilə başını ucaltmış fələk,

Başında bu tacı olsun mübarək.

Dünyanın Xızrısan, İskəndərisən,

Həm mülkün, həm həyat suyun var, əhsən.

Fəth etdin İskəndər kimi dünyanı,

Xızrtək doğrultdun yoldan azanı.

Hər şeyin ucadır uca adıntək,

Yalnız bir şeyin yox - tayın yox demək.

Aslanlar ovuna çıxdığın zaman

Bir oxla edərsən iki ov nişan.

Fillərlə döyüşdə atınca kəmənd,

Qənnucun şahını edərsən filbənd[74].

Şir gur ovlayanda sən olsan orda,

Nə ki şir, ovlarsan Bəhram Guru da.

Kim əyməz başını, əmr etsən: "Əyil!"

Hansı dövlətdir ki, əlində deyil?

Sən at oynadarkən, məğrur boyunlar -

Yəhər qayışıtək yumşalar onlar.

Iki şəxs əmindir, sən qəhr edərkən:

Bir sənə qul olan, bir boyun əyən.

Düşmən üzr istəsə sən bağışlarsan,

Bu mətin əhdinə qul olmuş dövran.

Dünyanın başına döndü ruzigar,

Altı şahdan qalmış altı yadigar.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info