Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Çəkdim divarıma palçıqlı saman.

Vücudum burada arpayla yaşar,

Ürəyim orada xəzinə saçar.

Dünyada boşuna keçmədi ömrüm,

Yeməkdən, içməkdən başqa iş gördüm.

Hər gecə biliyə qapı açmadan

Başımı yasdığa qoymadım bir an.

Qəlbim qadın deyil, çaxmaqdır, çaxmaq,

Məryəmtək boyludur, bakirdir ancaq,

Kişiyə getməyə nə ehtiyac var,

Onun öz daşından öz odu çıxar[59].

Bu bakir sözləri düşüncə ilə

Olduqca çətindir gətirmək ələ.

Bakir söz tapınca yontulur ürək.

Hər kəsin işimi incə söz demək?

Çoxları saxsını incitək dələr,

Hamamda özünə səsi xoş gələr.

Sən lakin bir geniş səhranı düşün

Ki, səsdən yırtılır boğaz büsbütün.

Şahlar sikkəsinə qızıl vururkən,

Elə vur, qırılsa qırılmayasan

Yəhudi misləri qəlp qızıl etdi,

Bu işdən dükanı qarətə getdi.

Hər meyvə yeyilməz əncir adına,

Zübeydə deyilməz hər dul qadına.

Iki hindli görsə hind ölkəsindən,

Biri darğa olar, biri yolkəsən.

Mən təmizlədim bu gümüş suyunu,

Ayırdım torpağın tozundan onu.

Xurmatək dəyməzsə, onu bil yəqin,

Açmaram üzünü söz gəlininin.

Dəyməmiş bir meyvə gördüyün zaman

Ağacı tərpətsən, deyərlər kalsan.

Kal əncir əzməklə əldə yumşalır,

Yedikdə boğazı dərhal qan alır.

Budaqda vaxtında gülərsə çiçək,

Ağacın meyvəsi bol olur, bişəkk.

Çınqıllıq, kol-kosluq olursa torpaq,

Yaramaz onda şən bir bina qurmaq.

Vüqarla vuraram başa bu işi,

Vüqarsız bir işi görərmi kişi?

Taxıldan bir fayda gəlirsə ələ,

Əkinçi əkinə başlar həvəslə.

Taxılın azalsa qədri, qiyməti,

Əkinçi buraxar işi, zəhməti.

Dastanı sevənlər, şeri duyanlar

Nəğmələr dinləmir bir çox zaman var.

Yazmalı elə bir uğurlu dastan,

Onda bir incəlik duysun oxuyan.

Bildim ki, bu naxşı bəyənər dostlar,

Verdim bu dastanı yazmağa qərar.

Doğrular yanında varmıdır bundan

Daha xoş simalı, sevimli dastan?

Başqa dastanları arasan bir az,

Millətlər yanında doğru sayılmaz.

Kəskin qələmlərlə ciddi yazılan

Bu dastanda yoxdur azacıq yalan.

Kəskin qələmlərin gücüylə bu gün

Başqa dastanlara olmuşdur üstün.

Şahanə şərabla dolmuş badəsi,

Aldanmış "Şahların Şərəfnaməsi".

Köhnə söz ustası, o tuslu şair

Söz gəlinlərini bəzədi bir-bir.

Düzdü dastanlara çox inci, gövhər,

Yenə də qaldı çox bakirə sözlər.

Yazsaydı tarixdə bütün olanı,

Çox uzun sürərdi onun dastanı.

Sevmədiklərinə etmədi hörmət,

Bəyəndiklərinə göstərdi rəğbət.

Dostlara o paydan ayırdı bir az,

Halvanı təklikdə yemək yaramaz.

Nizami bu sapa düzərkən gövhər,

Qələmdən silindi qələm görənlər[60].

Hansı bir incini keçirdi ələ,

Onları çəkdi öz söz çəkisiylə.

Uğurla ucaltdı "Şərəfnamə"ni,

Köhnəni bununla eylədi yeni.

 

 

 

XIZRIN NİZAMİYƏ TƏLİMİ

 

Ey saqi, amandır, ver gülgün şərab,

Eylə mən sərxoşu o meylə xərab!

O xərabəlikdə qoparım fəğan,

Xərabat əhlini səsləyim burdan.

Cismani qulaqla duya bilməyən

Bir sirri mənə Xızr öyrətdi dünən.

Ey tədbirlərimə xas bəndə olan,

Söz qədəhlərimdən dadımlıq alan.

Süsəntək bəndəlik ilini atan,

Dirilik suyundan rütubət tutan,

Eşitdim şahları nəzmə çəkərək,

Sözlər yaradırsan axıcı sutək.

Dəyərsiz sözlərdən uzaq ol bir az,

Əyri pərdələrdə çalğı çalınmaz.

Ən incə sözlər tap, olasan dilbər,

Görüncə bəyənsin söz bəyənənlər.

Şübhəsiz xoşdur hər sınaqlı şəxsə:

Ən çirkin bir üzü görməkdən isə

Əjdahalar hücum etsinlər ona,

Ya müdhiş bir nəhəng çəksin kamına.

Keçmişlər deyəni eləmə təkrar,

Inciyə, bax, iki dəlik açmazlar.

Ancaq sözü sözə bağlamaq üçün,

Bəzən, nə eybi var, təkrar da mümkün.

Ən yeni ustasan sən bu sənətdə,

Köhnələr izində getmə, əlbəttə.

Səndə ki bakir söz xəzinəsi var,

Dul sözə əl atmaq nəyinə yarar?

Darılma: "Bu ovu vurmadım" deyə,

Vaxtında ona da tək sənsən yiyə.

Asan yaradılmaz daşda cəvahir,

Onu daşdan almaq asan deyildir.

Hər şey parça-parça olunca belə,

Bərk yerdən çıxar çox çətinlik ilə.

Cəvahir asudə tapılmaz, bişəkk,

Hər gümüş butada saflansın gərək.

Quruda, dənizdə kim çəksə zəhmət,

Balıqdan dürr alar, öküzdən sərvət[61].



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info