Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Ölümün əlində qaldı biçarə.

Tarixdə nə varsa İskəndər şahdan,-

Yalnız bunlar oldu işə yarayan.

Artıq mən nə yazsam bu şən dastanda,

Az-çox, artıq-əskik olacaq onda.

Hər tarix şer ilə alsa yaraşıq,

Şübhəsiz, olacaq bir az dolaşıq.

Çünki incəlikdir işim, sənətim,

Haqlıyam, bu işdə çıxsa qələtim.

Doğru görmədiyim sözlərdən qaçdım,

Ondan üz çevirib başqa yol açdım.

Düzdüm bu tarixdən elə bir dastan,

Könlündə bir sevinc duysun oxuyan.

Çox incəlik gəzsən, axtarsan, yəni

Yalana aparar sözün yüyəni.

Yazdığım sözlərə verməsəm zivər,

Yenilik verməz o köhnə nəğmələr,

Qələmə gərəkdir elə söz almaq,

Şüurdan, ağıldan olmasın uzaq.

Parlaq inci kimi düzülən sözlər

Ağıla sığmazsa yalana bənzər.

Doğruya azacıq bənzəyən yalan

Yaxşıdır yalana bənzər doğrudan.

Nizami, yubanma, yoldaşlar getdi,

Sən qaldın, qəm qaldı, sirdaşlar getdi.

Yeddi ölkə şahı - getdi İskəndər,

İskəndər qalmadı, qalmaz bir nəfər.

Bu çayın başında tək içmə şərab,

Köhnə dostlarını sən axtarıb tap.

Gəlsələr, nuş olsun, əldə qədəh tut,

Nizami, yoxsa bu hesabı unut.

 

 

 

BU ƏSƏRİN YAZILMASININ

SƏBƏBİ

 

Aç dehqan küpünü, sən ey saqi, dur,

Badəmə şəkərdən şirin mey doldur.

Vermə o meydan ki, din etmiş haram,

Bir mey ver ki, ondan din olmuş tamam.

Ey bağban, şənlik qur, qəm-qüssədən qaç,

Bağına gül gəldi, dur qapını aç.

Nizami şəhərdən gəlmişdir bağa,

Ipəkdən bəzək vur bostana, tağa.

Bənövşə zülfündən bükümləri at,

O sərxoş nərgizi yuxudan oyat.

Qönçənin dodağı hələ süd qoxur,

Qızılgül ağzından ona ətir vur.

Qoy sərvin qaməti göyə yüksəlsin,

Qumruya xəbər ver, bahardır, gəlsin.

Müjdə ver, nəğməyə başlasın bülbül,

Beşiyində gəldi meyxanayə gül.

Sula çöl-çəməni, uçsun toz, qubar,

Lacivərd rəngini yuduqca parlar.

Lalənin qəlbində coşan qan artır,

Torpaqla ört onu, qanını yatır.

Nəstərən saçından ağ tükləri at,

Bidmişk kölgəsilə telini qaralt.

Gülnar dodağını bulaşdır meyə,

Xeyri gül torpağı zərlə bəzəyə.

Səmənə salam ver ərğəvan güldən,

Suvar bağ-çəməni, canlansın gülşən.

O körpə güllərə göstər məhəbbət,

Nazını çəkərək eyləmə qəflət.

Mən kimi sövdası aşıb-daşandan

Salam ver gülzara girdiyin zaman.

Hava çox ilıqdır, gözəldir bostan,

Dostların qəlbi də xoşlanır bundan.

Vermişdir ağaclar bağa yüz bəzək,

Parlaq bir çıraqdır hər gül, hər çiçək,

Ey bağban, xəbər ver o susan quşa:

Ötərək başlasın yeni uçuşa.

Bahardır, bir daha nalə etsin çəng,

Gətirsin qəlbimi rəqsə o ahəng.

O dilbər zülfündən bir zəncir yarat,

Zənciri yenidən, gəl, boynuma at.

Gözəl dəstələr tut yaşıl reyhandan,

Saç sərvin başına, şənlənsin hər an.

Bahar çiçəyindən dağıt arxlara,

Gümüşə bənzəyir ağ çiçəkpara.

Hər gölün, çeşmənin ətəklərinə

Süsəndən ipək bir xalça sal yenə.

Şahanə məclisdə sən, ey saqi, dur,

Şahanə bir meylə badəmi doldur.

Dur, saqi, alışdım şərab içməyə,

Atəşdən yanıram, ver bu təşnəyə.

O köhnə dostları yad edim bu gün.

Qalmamış bir nəfər, köçmüşdür bütün.

Bu dövran da gedər, qalmaz o bizə,

Gələnlər içərlər xatirəmizə.

Bostanın belə bir gözəl çağında

Oturdum uca bir sərv ayağında.

Çinar kölgəsindən, gül qoxusundan

Ilham aldı bülbül, başladı dastan.

Bir gəlin gül üçün sallandı bağa,

Gül üzü bənzərdi işıq - çırağa.

Saçları tökülmüş topuğa qədər,

Üzü gül səpərdi, dodağı şəkər.

Şehli gül üzündən kam verdi mənə,

Içi meylə dolu cam verdi mənə.

Dedi: "Al, qəlbində nə varsa unut,

Padişah eşqinə əldə qədəh tut".

Oturdum sınanmış kəslərlə hər an,

Böyüklər adından yazdım bir dastan.

Beynimin, qanımın çeşmələrindən

Bu qədər incə söz sıxıb süzdüm mən.

Doymadım, ilhamım yenə də qaynar,

Qılıncım kəskindir, hələ gücüm var.

Nə qədər dəyərli xəzinə qurdum,

Hər birində yeni nüktələr vurdum.

Yorulmaq bilmədən gündüz və gecə

"Məxzənül əsrar"ı yazdım əvvəlcə.

Incəlik, şirinlik yığaraq ondan,

"Xosrov və Şirin"çin düzdüm bir dastan.

Sonra başqa yerdə çadırı vurdum,

"Leyli və Məcnun"un eşqini qurdum.

Bitirdim dastanı, bir nəş ə tapdım,

Atımı "Həft peykər" üstünə çapdım.

Indi söz mülkündə büsat quraram,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info