Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Nə cür yaratdınsa, o cür yaşaram.

Ey tanrı, ümidim bunadır ancaq,

Bu köhnə dəzgahdan düşərsəm uzaq,[12]

Elə ki, pozular tərkibim mənim,

Dəyişər qurduğun tərtibim mənim.

Əsdikcə tozumu dağıdar yellər,

Pak olan canımı görməz bir nəfər,

Halımı arayıb, edəndə heyrət,

Varıma yox deyə, edərkən töhmət,

Sən yoxdan əlinə ver elə açar,

Bilsin ki, bu yatan ölməmiş, yaşar.

Sənin varlığına bu gücsüz əlil

Göstərmiş nə qədər tutarlı dəlil.

Ölürsəm, bunu sən hamıya bildir:

"Bədəni yatmışsa, canı diridir".

Elə bir mətanət qızışdır məndə,

Şad ürəklə gəlim sənə gələndə.

Mənimlə qapıya qədərdir dostlar,

Məzara girdimmi, düşməndir onlar.

Tərk edər məni bu gözüm, qulağım,

Bədəndən ayrılar əlim, ayağım.

Ey tanrı, mənimlə yalnız sən varsan,

Əliboş qaytarma məni qapından.

Qapında üzümü sürtərəm yerə,

Bir tacla əvəz ver bu səcdələrə.

Bu başı qapından əsirgəmədim,

Sən ona qılınc yox, tac ver, ey rəbbim.

Əzəldən verdiyin hökmlər sönməz,

Yazdığın silinməz, qələmin dönməz.

Hökmündə hazıram canla-başla mən,

Təsəlli tapıram yalvarışla mən.

Sən dedin: dar gündə köməkçi mənəm,

Hər dilək istəsən, qəbul edənəm,

Sənsən acizlərə hər zaman pənah,

Mən də bir acizəm, kömək ol, Allah.

Tək sənin işindir bəndəpərvərlik,

Mənim vəzifəmdir etmək bəndəlik.

Qırdı varlığımı, əzdi bu fələk,

Bütün şənliyimi sovurdu külək.

Tək sənsən qurtaran bu sınıqlıqdan,

Qırsan da yenə sən verirsən dərman.

Zülmətin qəlbindən üzümə yol aç,

Fəzilət ayından yoluma nur saç.

Məni yol kəsəndən sən özün qurtar,

Elə et, üstümə gülməsin əğyar.

Əvvəl şükrə çatdır, sonra dövlətə,

Əvvəl səbrə çatdır, sonra zillətə.

Səbrimi tükədən bəlaları sən

Uzaq et, ey tanrı, sən ki adilsən.

Məni hər bəlaya etsən mübtəla,

Əvvəlcə səbr ver, sonradan bəla.

Qırsan da, səlamət qoysan da, ancaq

Tələbin bir ovuc tozdur, ya torpaq.

Çürüyüb toz kimi dağılsa bədən,

Yenə əl çəkmərəm bəndəliyimdən.

Düşsəm hər bucağa səni anaram,

Səni mən hər yerdə tanrı sanaram.

Bütün varlıqların heçlikdir sonu,

Tək sənə biçilmiş varlığın donu.

Kim səni, arasa əlində açar,

Əli boşa çıxar, dolanar naçar.

Kim sənə gözünlə baxarsa əgər

Ömrü vərəq kimi yellərə verər.

Səni tapmaq olur səninlə ancaq,

Boşdur hər qapıda yüyən parlatmaq.

Mənzili göz tanır buraya qədər,

Buradan keçdikdə taparsan xətər.

Varımı, yoxumu tapşırdım sənə,

Hesabım aydındır o xəlq edənə.

 

 

 

MİNACAT

 

Kimsəm yox, ey bizə böyüklük verən,

Pənahım da sənsən, köməyim də sən.

Çıl-çılpaq gəlmişəm, ey pərvərdigar,

Hər şeyim sənindir, mənim nəyim var?

Sən verdin mənə bir işıqlı çıraq,

Onu hər küləkdən özün et iraq.

Əkməyə sən verdin sağlam bir qüvvət,

Mənə əkdiyimdən ayır bir qismət.

Təpələr ucadır, sellər çağlayan,

Çevirmə yüyəni bəxtin yolundan.

Məni bu sellərdən sən elə qurtar,

Körpünü qırmasın bu daşqın çaylar.

Gəlmişəm qapına, üzümdür qara,

Bağışla, ey tanrı, yaxma odlara.

Üzümü ağ elə sən, ey yaradan,

Ümidsiz qaytarma uca qapından.

Torpaqdan yoğurub yaratdın məni,

Təmiz, natəmizdən etdin bədəni.

Tiynətcə yaxşıyam, yamanamsa mən,

Bu nəqşi sən mənə vurdun əzəldən.

Biz aciz bəndəyik, sənsən yaradan,

Sənin qüvvətinlə yaşayır insan.

Yaranmış hər bir şey baxıb görənə

Yaradandan verir xəbəri yenə.

Mən sənə ağlımla salıram nəzər,

Yolunu görməmək olarmı məgər.

Hər bir yaranmışın sənsən mənası,

O ancaq məxluqdur, sənsən ustası.

Ağıl nəzərindən keçən hər surət

Deyilmi nəqqaşı göstərən höccət?

Arada məsafə olduqca uzaq,

Səni tək səninlə mümkündür tapmaq.

Yerlərdə, göylərdə qoyulan əsas

Ağıl ölçüsündən kənara çıxmaz.

Bələdçi olmağa cəhd edər xəyal,

Əndazədən kənar yol tapmaz hər hal.

Yaramaz payədən kənara çıxmaq,

Hədsizin sonuna qoyulmaz ayaq.

Kainat hüdudu başa yetincə,

O səmtə yol tapmaz aciz düşüncə.

Düşüncə bu qədər yol tapar ancaq,

Sən başqa bir şeysən, hüduddan uzaq.

Ey tanrım, umuram, öz hikmətinlə

Işıq yol açarsan məsləhətinlə.

Qarşıma elə bir yol çıxar, bunlan

Mən nicat tapım ki, razı qalasan.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info