Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Bu dərviş sifətli dörd böyük soltan,

Dünyaya olmuş dörd təkbir oxuyan[34].

Nəbilər önündə gedənə alqış,

Üzrləri qəbul edənə alqış.

Sənsən yaranışda birinci xilqət,

Dövranın sonunda sonuncu ayət.

Hər iki aləmə mübarək sənsən,

Sənə bir tay varsa, o da tək sənsən.

Sənsən xəzinələr qıflına açar,

Yaxşını, yamanı edən aşikar.

Ən gözəl günündə "ümmətim" deyə,

Şəfaət edirsən suçlu bəndəyə.

Bir ovuc torpağam mən dərgahında,

Artıq bir şikaram şikargahında.

Nizami tutmuşdur Gəncədə məkan,

O, məhrum olmasın salamlarından.

 

 

 

ŞƏRƏFNAMƏNİ YAZMAQ HAQQINDA

 

Gecə gündüz kimi bəzək vurmuşdu,

Səhər duasına erkən durmuşdu.

Yer üzü məhtabdan açmışdı çətir,

Sanki yer nafından səpirdi ətir.

Bazarlar olmuşdu səs-küydən uzaq,

Zınqırov səsindən dincəlmiş qulaq[35].

Keşikçi dalmışdı şirin yuxuya,

Dan yeri başını salmışdı suya[36].

Dünyanın işindən çəkib əl-ayaq,

Fikir zəncirində olmuşdum dustaq.

Gözlərim örtülü, könlüm ayıqdı,

Aramaq işində zehnim sayıqdı.

Deyirdim ki, qurum eylə bir tələ,

Ən gözəl bir şikar keçirim ələ.

Baş qoydum dəlitək qəm boğa-boğa

Maral sağrısından yumşaq yastığa.

Gah başım dizimin üstündə dalğın,

Yer - başım altında, göy – ayağımın[37].

Dayanmaz varlığım rəqs edər bütün,

Başım kürsü olmuş ayağım üçün.

Düşüncəm yol ölçüb etsə də cövlan,

Cismim böyrü üstə tozlara qəltan.

Tənimi bir yana buraxdım artıq,

Canı can çölünə götürdüm azıq.

Gah gizlin lövhədən ibrətlər aldım,

Gah keçmiş sühüfdən hikmətlər aldım.

Şam kimi od düşmüş mənim bağıma,

Bağım döndü mənim odlu dağıma.

Günəş qarşısında əriyəntək mum,

O mumla gözümdən çəkildi yuxum[38].

Cadugər məndənmi öyrənmiş, nədir,

Gözlərdən yuxunu mum ilə çəkir.

O müdhiş keçidlər başında bu an

Pak olan əqlim də uçdu başımdan.

Daldım xoş yuxuya coşarkən damaq,

Gözümdə canlandı səfalı bir bağ.

O rəngin bağçadan dərirdim xurma,

Verirdim kim çıxsa mənim qarşıma.

O xurmadərən ki durdu yuxudan,

Dimağı atəşdi, ağzı bir ümman.

Müəzzin başlarkən birinci qunut

Ki: "Sübhanə həyyəlləzi layəmut"[39].

Məndən də ucaldı bir acı nalə,

Özümü unutdum, daldım xəyalə.

Uğurlu bir səhər doğunca fələk,

Yenidən canlandım səhər yelitək.

Gecələr nur saçan şamı yaxaraq,

Fikrimdən şam kimi yanırdım ancaq.

Başladı ürək, dil: "Şer yaz" deyə,

Harut, Zöhrə kimi cadugərliyə[40].

Yetişər, bu qədər işsiz qalmayım,

Şerə ən yeni bir üsul arayım.

Yeni nəğmələrlə başlayım kəlam,

Keçmişlər ruhuna göndərim salam.

Bir çıraq yandırım bir pərvanədən,

Bir ağac bəzəyim kiçik danədən.

Bu barlı ağacdan kim meyvə dərsə,

Söyləsin xoşbəxtdir bu bağdan kimsə[41].

Ancaq bir şərtim var: bir para dəcəl

Qonşunun malına uzatmasın əl[42].

Tutaq ki, huşyarlar padişahıyam,

Dürr, gövhər satanlar şahənşahıyam.

Xalq başaq yığandır, mən əkinçiyəm,

Kirəçi deyiləm, ev sahibiyəm.

Bu bazarda necə büsat açım mən,

Arxayın deyiləm yol kəsənlərdən.

Varmı bu bazarda bir dükan açan,

Varına dörd yandan dəyməsin ziyan?

Damcı oğrusundan qorxarmı dəniz?

Buludum yağdırar ondan çox, şəksiz[43].

Ay işığı qədər olsa yüz çıraq,

Yenə günəş ona vuracaqdır dağ[44].

 

 

 

HEKAYƏT

 

Eşitdim, bir yoxsul ciyər qaniylə

Köhnə bir əşrəfi keçirdi ələ.

Ona söyləmişdi varlı kimsələr:

"Zəri - zər, xəzinə - xəzinə çəkər".

Sürətlə üz qoydu bazar səmtinə,

Köhnə əşrəfiylə tapsın xəzinə.

Bir sərraf dükanı gördü çox geniş,

Bir yerdə bu qədər qızıl görməmiş.

Bir yığın qızıl var günəşdən parlaq,

Hər yan əşrəfidir bir neçə qalaq.

Xəzinə xülyası beyninə batdı,

Qızılı xəzinə üstünə atdı.

Əlindən uçunca dəyərli varı,

Yüyürdü qalanmış qızıla sarı.

Qızılı atmaqdan oldu peşiman,

Birə yüz almağa tapmadı imkan.

Qızılı atınca qəm çökdü gözə,

Nə üçün bir qızıl qarışdı yüzə?

Fəryada başladı "qızılım" deyə,

Yalvardı cəvahir satan kişiyə:

- Bu ömrüm uzunu hey çalışaraq,

Əlimə bir qızıl keçirdim ancaq.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info