Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Kəyümərs padşahdan tacıdır nişan,

Cəmşiddən bir qılınc, taxt Firidundan,

Camı Keyxosrovdan qalmış yadigar,

Ulduzlar sirrini edər aşikar.

Ən parlaq bir güzgü, şəffaf bir gövhər

Quraraq, yadigar qoymuş İskəndər.

Ləldən düzülən o parlaq üzük,

Süleyman möhrüylə çil-çıraq üzük.

Saydığım altı şey məxsusdur sana,

Adında altı hərf şahiddir buna[75].

Səndə bundan başqa altı xislət var.

Bunlarla olarsan daim bəxtiyar:

Birinci - açıqdır xəzinən hər an,

Istəməsələr də edərsən ehsan.

Ikinci - kərəmin hesaba gəlməz,

Haqqını biləndən almazsan əvəz.

Üçüncü - şəfqətlə alarsan ürək,

Hər zaman məzluma edərsən kömək.

Dördüncü - taxmısan göylərə bayraq,

Bir ordu yenərsən təklikdə ancaq.

Beşinci - günahkar olsa peşiman.

Suçundan keçərsən onun hər zaman.

Altıncı - mətindir verdiyin qərar,

Unudan deyilsən, gözəl vəfan var.

Bəzəyindir sənin bu altı cəhət,

Səndən ayrılmasın bu altı xislət.

Iki tərlan gərək ölkə qurmaqda,

Xəzinə yığmaqda, şikar vurmaqda.

Iki ilan gərək sənə, onlardan:

Biri dövlət, biri xəznə qoruyan.

 

 

 

PADŞAHA XİTAB

 

Yeddi göy altında, ey dünya şahı,

Beşinci ölkənin sənsən pənahı[76].

Əmrində bu qədər ölkə, şəhər var,

Qapında sütundur saraylı şahlar.

Hər gecə göylərdə dolanar qəmər,

Sənin çırağına gəlib yağ tökər.

Günəş də başında tacı, hər səhər

Taxtının önündə köləlik edər.

Sənə bu şahlığı bəxş edən kimsə

Vermişdir ürəyin nə istəmişsə.

Şahlıq et, verilmiş sənə ölkələr,

Kömək ol, xalqlara ədalət göstər.

Çibin qanadını qırmasın tərlan,

Fil də qarışqaya verməsin ziyan.

Allaha min şükür, min şükür, əlbət,

Şahda yazdığımdan çoxdur ədalət.

Şahdan bir diləyim var mənim ancaq,

Mənim dastanıma nəzər salaraq,

Sönük bir əfsanə verərsə artıq,

Üstünə nə kölgə salsın, nə işıq.

Rast gəlsə dalğalı incə, gövhərə,

Başımı ucaltsın uca göylərə.

Bu "Şərəfnamə"də dünya sirrindən

Çox xəznə açarı gizlətmişəm mən.

Hər kimin əlində olsa bu açar,

Bir çox xəzinələr, tilsimlər açar,

O gizli xəznəni aça bilməsə,

Verər qızıl açar şənlik o şəxsə[77].

Bilirsən, bu yarım yonulmuş gövhər

Qoynunda gizlətmiş nə xəzinələr?

Bu gövhər yonmağım səninlə şəndir,

Afərin deməyim sənə səndəndir.

Ağıl ki, göyləri endirər yerə,

Afərin söylər bu afərinlərə.

Şahdan alınmışdır belə bir əmr:

"Adıma bir naxış bağla, ey şair!"

Şahın sözlərindən ilham alaraq,

Ağıla, şüura bərk sarılaraq,

Vurum bu gəlinə elə yaraşıq,

Şahın məclisini bürüsün işıq!

Ona bu şux gəlin olsun bir kəniz,

Məclisdə, dünyada tutulsun əziz.

Dünyanı parladan çıraq nə qədər

Yaxını, uzağı nurilə bəzər.

Dünyanı parlatsın şahın gül bağı,

Gündüz məşəl olsun, gecə çırağı.

Ağzı qarğa kimi cırılsın gərək,

Yansın düşmən dili çıraq dilitək.

Uca dövlət kimi qonsun eyvana,

Nizami afərin oxusun sana.

 

 

 

DASTANIN XÜLASƏSİ VƏ İSKƏNDƏRİN

CAHANGİRLİK TARİXİ

 

Saqi, gəl ruhumu şənlədən mey ver!

Xumarı atmağa səhərkən hey ver!

Bu səhər şərabı kövsərə dəyər,

Halaldır içsəm o məhşərə qədər.

Yaxşıyla, yamanla dolmuş ruzigar,

O yaxşı-yamandan boynunda çox var.

Hər gecə, gündüz bu niligun pərdə

Min fitnə, min oyun açar hər yerdə.

Məndən də bir oyun baş versə, inan,

Onu da doğurmuş bu köhnə dövran.

Xəyaltək incəldim çərx hiyləsindən,

Necə oynamayım xəyal ilə mən?

Istəyim: pərdəni bütün boşaltmaq,

Bir cadu xəyalı işlətmək ancaq.

Bir xəyal yaradım bu naxışdan mən,

Gəlməsin cadugər, canbaz əlindən.

Mən elə başladım bu şux dastanı,

Coşdurar sazımın səsi dünyanı.

Ən doğru sözlər ki, oyadır maraq,

Tarixdən onları bir-bir alaraq

Düzdüm dastanıma, əsər yaratdım,

Ağla sığmayanı büsbütün atdım.

Seçdim hər düzümdən bir inci, gövhər,

Vurdum bu gərdəyə yaraşıq, zivər.

Bərk təməl üstündə qurdum bir bina

Ki, ziyan dəyməsin divarlarına.

Təqdimi, təxiri tutmayın nöqsan,

Nöqsana məcburdur hər tarix yazan.

Bu Çin ipəyinin naxış evində



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info