Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Qorxusuz və rahat yaşar hər zaman,

Çəkinməz quldurdan, qorxmaz oğrudan.

Düşüncə, kədərdir çox sərvət, çox var,

Dünyası az olan olur bəxtiyar.

Tarixə dəyərli gövhər düzənlər

Gövhərli xəznədən belə nəql elər:

O Cəmşid idraklı aldıqca fərəh

Nüşabə eşqinə qaldırdı qədəh.

Gül ilə, mey ilə verdi əl-ələ,

Neçə gün keçirdi sərkərdələrlə.

Iş görmək fikriylə bir gün oturdu,

Bahardan bəzəkli bir məclis qurdu.

Çəkdi o məclisə elə bir hasar

Bürcündə görünməz oldu ulduzlar.

Baş sərkərdələri eylədi dəvət,

Hörmətli yer verdi, göstərdi şəfqət.

Şən məclis qurdu bu sınanmış ərlər,

Padşahın ağlından aldılar bəhər.

Fikrini açmaqdan durmadı geri,

Bütün istəyini sürdü irəli:

"Könlümə qonmuşdur belə bir həvəs,

Sizdən başqasıyla almayım nəfəs.

Sizin rəyinizlə istərəm ancaq

Dünyanı mən qarış-qarış dolaşmaq.

Ruma dönmək idi fikrim, nə etmək,

Atın cilovunu çevirdi fələk.

Əzm etdim ki, Ruma çevirməyim üz,

Ölkələr dolaşım gecə və gündüz.

Şən, uçuq yerlərdə gəzim hər yanı.

Əlimə keçirim bütün dünyanı.

"Səncab" ölkəsinin başında durum,

"Səqlab" gümüşünə sikkəmi vurum.

Ölkələr, torpaqlar dolaşmaqla mən

Öyrənim xalqlardan hansıdır çox şən.

Alım bu şənlikdən faydalı bəhrə,

Çünki təsir edir dəmir dəmirə.

Birinci yürüşdə istəyim ancaq

O qoca Əlbürzə kəsmə yol açmaq.

Dağları, çölləri aşıb keçərək,

Sonra da dənizə səyahət etmək.

Xəzər dənizinə durum baxım mən,

Damlalar çiləyim suya qədəhdən.

Ordumla sahilə çıxınca artıq

Bir həftə ovlayım quş ilə balıq.

Sonra da baxaram əzmim nəyədir,

Zəmanə o zaman bir yol göstərir.

Bu işlər olurmu fikrinizlə saz?

Dövlət doğrulardan boyun qaçırmaz".

Başçılar yer öpdü: "Sizindir əmr,

Bizim fikrimizdir şah tökən tədbir.

Baş qoyarıq, hara qoysanız ayaq,

Əmriniz hər başa bir tacdır parlaq.

Suda, ya atəşdə yer varsa, yenə

Fikrimiz baş əyər hər bir əmrinə.

Atsanız yerə ən uca dağlardan,

Qorxusuz düşərik yerə hər zaman.

Şahdan bir yol seçmək, bizdənsə ancaq

Padşahın əmrinə boyun qatlamaq".

Bu sözdən ürəyi olunca rahət,

İskəndər onlara etdi çox hörmət.

Yola çıxmaq üçün gördü hazırlıq,

Açdı xəznələrin ağzını artıq,

Ordunu gövhərlə elə doyurdu,

Onları cəvahir daşımaq yordu.

Öz kəskin ağlıyla qabağı görən

Qorxaraq çəkindi yaman gözlərdən.

Xəzinə yükləndi, yol aldı, ancaq

Yollarda çətindi onu daşımaq.

Dağlara qaldırmaq çətin olurdu,-

Xəzinə çəkirdi göylərə ordu.

Belə bir fikirə gəldi İsgəndər,

O köhnə top üçün düzəltsin çənbər.

Yerləri öyrənsin o, mənzil-mənzil.

Quru nə qədərdir, dəniz neçə mil.

Bilsin yer üzündə uca, alçağı,

Enə və uzuna ölçsün torpağı.

Ədldən, zülümdən tutaraq xəbər

Hər yoldan azana olsun bir rəhbər.

Hər zülmü ədlilə yusun dövrandan.

Qurtarsın hər azad xalqı bu qandan.

Hər qorxulu yerə çəksin bir hasar,

Hər yerdə bir hünər eyləsin izhar.

"Yollar çox uzaqdır" deyə düşündü,

Yollarda təhlükə, qorxu göründü.

Hədərə getməsin çəkdiyi zəhmət,

Xəzinə olmasın düşmənə qismət.

Gördü ki, talandan varlanmış əskər,

Varlandıqlarından qorxdu İskəndər.

Birinci, çalışmaz varı olanlar,

Əlindən var-yoxu getməkdən qorxar.

Ikinci, qarşıya çıxsa ac, bəlli,

Qılıncı endirər o iki əlli.

Sınaqlı kəslərdən böyük İskəndər

Özüylə almışdı yüz on üç nəfər.

Hamısı şahanə məclisin qəlbi,

Hər işdə ağıl və tədbir sahibi.

Sınaqdan Bəlinas hamıdan yaşlı,

Hamıdan bilikli, hamıdan başlı.

Ən çətin işlərə onu çəkərdi,

O da ən ağıllı tədbir tökərdi.

Xəzinə və yolun çətinliyindən

Söz açdı ona hər uzağı görən.

Bəlinas söylədi hey düşünərək:

"Xəzinə torpağa gömülsün gərək!

Ordu da padşahı təqlid eləsin,

Bir xarabalıqda malı gizləsin.

Bilinsin xəzinə gizlənən məkan,

Hər kəs öz varına qoysun bir nişan.

O uzaq yollardan qayıdan zaman

Hər kəs qoyduğundan tapsın bir nişan.

Tanısın qoyduğu nişanı hər kəs,

Etsin öz malını almağa həvəs".

Bu fikri İskəndər irəli sürdü.

Ordunun xeyrini bu işdə gördü.

Torpağa gömdü öz xəzinəsini,

Nişanla bərkitdi dörd dövrəsini.

Əmr etdi, basdırsın sərvəti olan,

Qəlbindən silinsin qorxu və duman.

Dağlarda, daşlarda hamı yer-yerdən

Daş-qaşı gömərək döndülər şən-şən.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [61] [62] [63] [64] [65] [66] [67] [68] [69] [70] [71] [72] [73] [74] [75] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info