Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Alqışlar yağdırdı uca dərgaha,

Açarı ədəblə verdi padşaha.

Söylədi: "Bu gecə qopdu bir bəla,

İsgəndər gücüylə dağıldı qala.

İki bürc hasardan birdən qoparaq

Uçuldu padşahın bürcündən iraq.

Tanrının qəhrindən qopdu bir sapan,

Hasara düşüncə dağıldı hər yan.

Səninsə sapanın çatmaz bu yerə,

Günəşi yandırmaz kiçik bir zərrə,

Bilirəm, xarablıq deyil ordudan,

Başqa bir qapıdan gəlir bu sapan.

İndi ki, göyün də hökmü səndədir,

O qala, o da sən, sənindir əmr".

Baxdı başçılara, dedi İskəndər:

"Duaya bundan xoş kim dəlil istər?

Qırx gündür daş, qılınc yeyir bu hasar,

Sınaqlı igidlər hey çarpışırlar.

Bu qədər qılıncın almaz gücüylə

Qopmadı o dağdan bir kəsək belə.

Yoxsul bir zahidin çəkdiyi ahdan

Dağıldı bir hasar, bürc oldu viran.

Cizcə bu qalaya kim oldu üstün?

Bu dünya zahidsiz olmasın bir gün".

Başçılar bu işə çox heyran oldu,

Öz dediklərindən peşiman oldu.

Yer öpüb dedilər: "Sən ey hökmüran,

Taxtından, tacından ayrılmayasan.

Ölkədə qolların qüvvətə dolsun,

Çəkiyin daşları əbədi olsun.

Belə nüktələri sənsən tanıyan,

Səni öz kölgəsi etmiş yaradan.

Bu sirri, hikməti biz də anladıq,

O yanlış yollardan çəkildik artıq".

Yenidən bürüdü qoşun hasarı,

Yollardan qaldırdı yol vuranları.

Qalanın yerinə ərazi verdi,

Onları verdiyi mülkə göndərdi.

Göylərlə öpüşən qalanın bir-bir

Uçulmuş yerləri edildi təmir,

Elə ki, dağıntı, uçuqlar bitdi,

Zülmün qalasını ədl evi etdi.

O dağda əhali doymuşdu cana,

Şikayət etdilər o hökmürana:

"Bu qıpçaq xalqı bir dəhşətdir, dəhşət...

Əkin əkməyə də bizdə yox cür ət.

Axına başlarkən açıq dağlardan

Əkindən, biçindən qoymazlar nişan.

Axından ölkəmiz çox ziyan edir,

Malımız, canımız məhv olub gedir.

Rahatlıq versəydin bu ölkəmizə,

Böyük bir mərhəmət edərdin bizə.

Bu açıq və uçuq yerləri bir-bir

Daş ilə dağ kimi eyləsən təmir,

Onda çöl xalqının axınlarından

Rahatlıq içində dincələr xəzran”[203].

Əmr etdi: nə qədər açıq, uçuq var,

Çəksin bu xəzranın xalqı bir hasar.

Gecə də, gündüz də qara daşlarla

Olduqca böyük səd çəkilsin yola.

Iş bilən, sınanmış daş yonanlardan,

Dağlarda açığı sədlə bağlayan

Bilikli ustalar göndərdi ora,

Keçidlər alındı möhkəm hasara.

Hasar işlərindən azad olaraq

Hərəkət qəsdilə ucaltdı bayraq.

Gurlayan təbillər açırdı yara,

Ağaclar abnustək olurdu qara.

İskəndər xeyməni çıxardı çölə,

Yollarda mənzili qatdı mənzilə.

Ata ülkər kimi verdi hərəkət,

Hər bürcə çatınca saçdı səadət,

Gecənin saçları müşkin həlqədən

Neylufər günbədə saçarkən səmən,

Yolun zəhmətindən padişah, ordu

Azacıq dincəldi, bir məclis qurdu.

"Əfsanə söyləsin" deyə, İskəndər

Çağırdı o yerdən bir neçə nəfər.

Verdi bir çox sual o yerə dair,

Bütün vəqələri öyrəndi bir-bir.

Söz sözü çəkərkən hər yerdən onlar

Açdılar şaha çox maraqlı əsrar:

"Burda bir qala var ki, cənub yeli

Əssə də, o yerə uzanmaz əli.

Minadan bir daşdır, saçar müşk, ənbər,

Həm gözəl, həm şəndir bir cənnət qədər.

Sərir adlanır o mübarək məzar,

Orda Keyxosrovun taxtı. camı var.

Keyxosrov mülkündən köçüb gedərkən,

Taxtına, tacına bu yerdir məskən.

Məzarı odlu bir köhüldür ancaq,

O yerə olmayıb ayaq da basmaq.

Həm də o məkanda padşahlıq edən

Bir məlikzadə var onun nəslindən,

O şahın yerinə pərəstiş edər.

Taxtını, tacını düşməndən güdər".

O dünya dolaşan uca hökmüran

Gül kimi açıldı bu xoş dastandan.

Harda macəralı bir qala alsa,

Yenilən qüvvətli, ya aciz olsa,

Girərdi qalaya Keyxosrov sayaq

Apaçıq, ya da ki, gizli olaraq.

Qalanı dolaşıb dönərdi yenə,

Bəxşişlər verərdi keşikçisinə.

Hər şeyi görməyə marağı vardı,

Hər işin üstündən odtək çapardı.

Elə ki, eşitdi bu keyfiyyəti,

Qalanı görməyə artdı rəğbəti.

Qoca Keyxosrovun köhnə canından

Dövlət məclisinə versin yeni can.

 

 

 

İSKƏNDƏRİN SƏRİR QALASINA

GETMƏSİ VƏ KEYXOSROVUN QƏBRİNİ

ZİYARƏT ETMƏSİ

 

Saqi, dur şərabla könlümü güldür.

Bu işdə səbrinə bir ölçü götür.

Könül çırağının tükənmiş yağı,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [61] [62] [63] [64] [65] [66] [67] [68] [69] [70] [71] [72] [73] [74] [75] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info