Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

O zaman dəyərli olardı sözün,

Öncə bu qaş-daşdan qaçaydın özün.

Tacımda cavahir parlar, doğrudur,

Padşahlar tacında cavahir olur.

Sənin xonçandakı bu qaş-daş daşır,

Bu danlaq, bu töhmət kimə yaraşır?

Süfrəyə cavahir saçmaq nə gərək?

Gövhərdən qaçmağı mənə öyrətmək?

Sərrafın gözünə toz atmaqdır bu,

İskəndər yaqutu hər evdə dolu.

Bununla bərabər diqqət edincə

Sözlərin yerlidir, doğrudur, məncə.

Eşq olsun bu fıkri sağlam qadına,

Mərdliyin yolunu göstərir mana.

Ey uzaq görən qız, gəl məni dinlə,

Qızıl sikkəsini nəsihətinlə

Ataram bir kərə torpaqlara mən,

Qızıla torpaqdır təbii mədən".

Sonra Nüşabənin yaqut dodağı

Yaqutla bəzədi bütün torpağı.

Əmr etdi xonçaya qoyuldu yemək,

Qızıl noğuldanlar, əntiq və qəşəng.

Hər yeməkden özü dadırdı öncə,

Çox heyrət etdi şah bunu görüncə.

Şah rahat deyildi belə xidmətdən,

Ayağa qalxdı tez yemək bitərkən.

Gedərkən Nüşabə bağladı peyman,

İskəndər verməsin mülkünə ziyan.

Vəsiqə yazmağa şah verdi fərman,

O cənnətdən çıxıb getdi hökmüran.

İskəndər şəhərdən çıxınca gerçək,

Fələkdən kin gördü, Tanrıdan kömək.

Düşmüşdü qurtulmaq üçün qayğıya,

Şükr etdi qurtaran böyük Tanrıya.

Gündüzdən günəşi qapınca gecə,

Bir çıraq parlatdı bir şam sönüncə.

Al Günəş göyünün uca səqfınə

Haləli ulduzlar düzüldü yenə.

Padşah da yuxuya tez hazırlandı,

Dörd ünsür də yatdı, qapı bağlandı[188].

Dan yeri söküncə dincəldi artıq,

Qaranlıq içində söküldü ağlıq.

Şəfəqlər içində qalxdı yuxudan,

Səhərtək bir məclis qurdu hökmüran.

Günəşin əlində bir narınc vardı,

Fələk narıncının başını yardı[189].

O mələk əndamlı Nüşabə şən-şən

Uğurlu fal ilə çıxdı şəhərdən.

Elə bil qaranlıq çöküncə lay-lay,

Göründü məşriqdən bədirlənmiş Ay.

Pərvintək kənizlər yanında gedər,

İncidir başından dırnağa qədər.

Gözəllər dolaşır dörd bir yanında,

Yüz Zöhrə qaş kimi bir barmağında.

Şahlara yaraşan bir dərgah gördü,

Dünyaca bir ordu, barigah gördü.

O qədər ipəkli bayraq ucaldı,

Hava gül, torpaq göy rənginə çaldı.

Çadırlar gövhərdən olmuşdu nişan,

Dərgahın yolunu kəsmiş hər yandan.

Aradı, öyrəndi, gəldi saraya,

Gördü bir xeymədir ucalmış Aya.

İpləri ipəkdən möhkəm hörülmüş,

Sütunu qızıldır, mismarı gümüş.

Atından endi yol tapsın hüzurə,

Üz sürtsün dünyanın öpdüyü yerə.

Növbətçi hörmətlə verincə izn,

Zərnişan çadıra girdi nazənin.

Gördü ki, dünyanın şahları gəlmiş,

Bir tac kölgəsində başlar əyilmiş.

İskəndər önündə kəmər-kəmərə

Padşahlar oturmuş, göz dikmiş yerə,

O parlaq büsatdan düşdü qorxuya,

Görənin ürəyi dönərdi suya.

Hamısı divarda surətə bənzər,

Danışıb gülməyə kimdə var hünər?

Hasarı görüncə hasarlı gəlin

Titrədi, bu qəbul göründü gərgin.

Yer öpdü Nüşabə, afərin aldı,

O aslan ürəklər buna mat qaldı.

Kənizlər hakimin əmrini alcaq

Bir kürsü qoydular günəşdən parlaq.

Yanında oturdu dünya gəlini,

Aldı qız-gəlinlər dörd dövrəsini.

Halını soruşdu, göstərdi hörmət,

Coşdu o gəlişlə məclisdə işrət.

Bir az toxtayınca yeni oturan,

Işarət edildi uca padşahdan:

Tez süfrə ağası gətirsin xörək,

Ortaya düzülsün hər çeşid yemək.

Öncə gətirildi ətirli şərbət,

Sanki yerə sərdi hovzunu cənnət.

Gülab kimi axan bu arxı, yəqin

Yuxuda nə Xosrov görmüş, nə Şirin.

O qədər xonçalar düzüldü ora,

Ənbərdən ucaldı toz buludlara.

Ən ləziz yeməklər bol-bol axaraq

Hər yanda dağ kimi vurmuşdu qalaq.

İkiqat ələnmiş yağ qatlamalar

Ən parlaq aydınlıq kimi parıldar.

Ələnmiş ağ undan, bişmiş yuvarlaq,

Ay kimi qoğallar xəzdən də yumşaq.

Qoyuldu xonçaya yüz çeşid yemək,

Yeməklər xonçaya verirdi bəzək.

Yox idi elə bir yemək dünyada

Bir mövqe tutmasın qızıl xonçada.

Dadlıdır, yeməklər gəlincə xoşa,

Dopdolu qədəhlər çəkildi başa.

Göyün ortasına gəlincə günəş,

Içdilər mey qəlbə salınca atəş.

Hamının çatılmış qaşı açıldı,

Sərxoşlar üzünə nəşə saçıldı.

O pəri bədənli nazlı dilbərlər

Çalğını dinlədi axşama qədər.

Zülmətdən gecə bir ordu çəkərkən,

Təbiət gözündən mürgü tökərkən

Cahandar söylədi o pərilərə:

"Bu gecə basmayın ayaq şəhərə!

Buyruğum belədir, səhər gərək mən

Bir məclis düzəldəm yerdən göyəcən.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [61] [62] [63] [64] [65] [66] [67] [68] [69] [70] [71] [72] [73] [74] [75] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info