Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

"Bu qala haqqında nədir fikriniz?

Yorulduq düşünüb-daşınmaqdan biz.

Ölkələr fəth edən dikbaş igidlər

Ədəblə baş əyib dua etdilər:

"Bəndəyik, əmrinə bağladıq kəmər,

Dincəlmək bilmədik bu günə qədər.

Qırx gündür yuxusuz, yorğun yeməksiz

Buludla, günəşlə çarpışırıq biz.

Buludun başına, bilirsən, yol yox,

Nə qılınc vurular, nə nizə, nə ox.

Hər işə div kimi tapdıq bir çara,

Bu divlər evində gəldik zinhara,

Bu uğursuz yoldan gəl dönək geri,

Çeynəyək daşları, dik təpələri".

İskəndər duydu ki, igid başçılar

Acizdir bu işdən, olmuşdur naçar.

Sürmədən günəş mil çəkdi gözünə

Batdı bir al gövhər Nil dənizinə[202].

Sahildə səpərək xəzinə, gövhər,

Bir məclis bəzədi bahara bənzər.

Hamı bu məclisə gəldikdən sonra

Söylədi döyüşkən uca başlara:

"Yaxında varmıdır bir zahid dindar,

Dünya işlərindən çəkilən kənar?"

Bir nəfər söylədi: "Uca tacidar,

Bu yaxın köhüldə qoca zahid var,

Kimsənin üzünü görməz bu adam,

Bir çəngə ot ilə keçinir müdam".

Yerindən ox kimi qopdu hökmüran,

Ayrıldı məclisdə olan dostlardan.

Xas adamlardan da qoşuldu ona,

Aradı, iz tapdı köhül yoluna.

Gecə, yol düşmənin günündən qara,

Fənər tuturdular o şəhriyara.

At sürdü, köhülə gəlincə yaxın,

Aydınlıq köhülə edincə axın,

İşığı görüncə zahid uzaqdan

Dişarı sıçradı o qaranlıqdan.

Gördü bir mələkdir günəştək parlar,

İqbalı olmuşdur yuxudan bidar.

Qoca tez padşahın yanına keçdi,

Şahlığın nuruyla padşahı seçdi,

Söylədi: "Görürəm, bir gövhərsiniz,

Zənnimcə cahangir İskəndərsiniz.

İskəndər şəfqətlə ona əl verdi,

Onunla bərabər köhülə girdi.

Soruşdu: "Bu yerdə dostun kim, ey pir?

Bu çöldə yeməyin, geyimin nədir?

Bir də anlat mənə, dar köhüldə sən

Nə bildin cahangir İskəndərəm mən?

Söylədi: "Həmişə qəlbin olsun şad.

Hər zülmün bəndindən olasan azad.

Ulduzun bəxtində versin əl-ələ,

Taleyin ucalsın səadət ilə.

Görüncə səni mən tanıdım ondan:

Ayı qaranlıqda tanıyar insan.

Dünyada sanma tək sənin güzgün var.

Mənim də ürəyim güzgüdür, parlar.

Yüz ildir parladır onu riyazət,

Bir surət göstərə bilir, nəhayət.

Ey uca fikirli, sordunuz məndən:

Necə ömr edirsən dar göhüldə sən?

Olmuşam sayəndə sağlam bir insan,

Əvvəlkindən daha sağlamam, inan.

Qəlbimdə kimsəyə yox məhəbbət, kin,

Azadə, bəxtiyar yox mənim təkin.

Dünyada bir vəfa görmədim, gerçək,

Vəfasız kimsədən umulmaz kömək.

Hər işi fikrimlə çox ölçüb biçdim,

Özümə yararlı bu yeri seçdim.

Hesabı, kitabı kəsdim dostlardan,

Yalnız bir dostum var - böyük yaradan.

Doyunca yeməyə etmədim adət,

Mədəni doldurmaq zəhmətdir, zəhmət.

Yediyim köy otdur, geydiyim həsir,

Daşları, bax, bunlar kimiya edir.

Bu illər uzunu tacidarlardan,

Səndən başqasını görmədim, inan.

Səbəb nə, göylərdə sönmüşkən çıraq

Uğurla köhülə basdınız ayaq?

Sənə bu köhüldə, ey böyük insan,

Xidmətçin əskiyəm bir qara quldan".

İskəndər dedi: "Ey sınaqlı qoca,

Çarəm yox, gəlmişəm, fikrimdir uca

Tanrı bir dəmiri böldü ikiyə,

Bizlərə tapşırdı "sahib ol" deyə.

Onlardan qılınc və açar bəzərkən

Açarı sən aldın, qılıncı da mən.

Bu dəmir qılıncla işıqlı gündə

Mən haqqa köməyəm ədlin önündə.

Sən də, gəl, gecəykən göstər kəramət,

Ədalət yolunda bir açar tərpət.

Mənim bu qılıncım, sənin açarın

Açsın qapısını xalqın, diyarın.

Bu dik dağ başında var uca hasar,

O yerdə yurd salmış azğın quldurlar.

Gecə də, gündüz də çalırlar karvan,

Sənə də qəsd edir bu azğın düşman.

Istəyim bu işlək yolu açmaqdır,

Ədl ilə, biliklə bəzək saçmaqdır.

Sən öz himmətinlə göstər bir hünər,

Tale də bu yolda köməklik edər.

Əyridən, oğrudan təmizlənər yol,

Yolçunun ərzağı artar, olar bol".

Elə ki, anladı o qoca dindar.

Qalada hökm edir azğın quldurlar,

Ahından açınca odlu bir sapan,

Göylərin qapağı açıldı haman.

Dağa o sapanı elə fırlatdı,

O dağ öz içində dənizə batdı.

Padşaha söylədi: "Qayıt indi sən,

Uca dağ oynayıb qopdu yerindən".

Məclisə dönüncə uca şəhriyar,

Məclisdə olanlar qarşı çıxdılar.

Ən gözəl bir məclis qurdu yenidən,

Ortaya mey gəldi, üzlər oldu şən.

Xidmətçi gəldi ki, qalabəyidir,

Hüzura gəlməyə izn istəyir.

Əmr etdi, hüzura aldılar onu,

Girincə yer öpdü, əydi boynunu.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [61] [62] [63] [64] [65] [66] [67] [68] [69] [70] [71] [72] [73] [74] [75] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info