Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Katibin dalından göyərmiş qələm,

Barmağında müşkin qələmlər möhkəm[198].

Bir atlaz satandır, oturmuş çox şən,

Geyimi qoca bir qadın külündən.

Bir çox ip əyirmiş toxunsun palaz,

Palazın yerinə tapmışdır atlaz.

Kimyagərdir bu, kürəsi yanar,

Dəmiri ataraq saf qızıl alar.

Alovlar qızıldan qurmuş bir iksir,

Öz ətəklərinə saf qızıl səpir.

Alovu bürüyən sıx-sıx tüstülər

Neylufər gülünün zülfünə bənzər.

Reyhanla bəzənmiş saxsı güldandır,

Ancaq bu, meşədən çıxan reyhandır[199].

Od deyil, Cəmşiddən qalma bostandır,

Günəş xonçasında kökə yapandır.

Ağ-qara cövhəri parladandır bu,

Müğlərin yoldaşı - hirbüdün dostu!

Yeni bir qönçədir, yediyi tikan,

Cövhəri qədimdir, görüşdə cavan.

Qış vaxtı yoxsula şən nəğmə söylər,

Qonşuya qazandan elçilik elər.

Sazının telləri edər zümzümə,

Zərdüştün Zəndindən xoşdur bu nəğmə!

Zənd ilə Zərdüştü yaxan atəşi

Yaxmışdır dünyanın böyük günəşi.

Al gül yarpağıdır sərv budağında,

Ötər kəklik, turac sol və sağında.

Qırmızı mərcandan ucalmış çinar.

Başında "ququ"tək kəkliklər ağlar:

Ördəyə başında yer versə çinar,

Köksündən acı bir sızıltı qopar.

Ördəyin vücudu suyun düşgünü,

Atəşə girərsə qaralar günü.

Bu bağda coşaraq ötüşər quşlar,

Hər quşda başqa səs, başqa ahəng var.

Setarla çalınır sanki hər nəğmə,

Şərqidən yüz kərə gözəl zümzümə.

Ciyər duz yedikcə hey qanı damır,

Duzun da həsrətdən bağrı qavrılır.

Dişlərə sirr açır şəkərburalar,

Yedikcə insanın həvəsi artar.

Qan daman kababın qoxusu ənbər,

Müşkiylə bəslənmiş aşlar, yeməklər.

Hər çeşid mürəbbə, turşu, meyvə var,

Limon və portağal, narınc ilə nar.

Çalanın Zöhrətək oynayır qəlbi,

Kuzələr parıldar Müştəri kimi.

O gülgün şərab ki, dilbərdən dilbər,

Dünyadan dünyaca qaldırmış kədər.

Hamının keyfi saz, səsləri yumşaq,

Yalnız saz kəskindir ötsə də şaqraq.

Orda bişmiş idi yoldaşlar tamam,

Bircə şərab idi, ortalıqda xam.

Yarım sərxoş idi böyük hökmüdar,

Çənginin əlində çəng sutək axar.

Çəng səsi, mey, reyhan, qızarmış quşlar,

Dar gözlü sənəmlər, sıxı ağuşlar.

Kimdir həyatından belə kam alan?

İskəndərə məxsus bu şərəf, bu şan.

İskəndər eşqinə müştəri üzlər

Küpləri boşaltdı gündüzə qədər.

Elə ki, gündüzün yarısı keçdi..

Fələk də kürənin nisfini biçdi.

İskəndər əmr etdi xəzinədara:

"Xoş gəldin edilsin bu qonaqlara!

Xalvarla gətirsin qızıl və bəzək.

Dəvələr yüküylə atlaz və ipək.

Bir alay həbəşi şux xidmətçilər.

Boyları sərv kimi, görüşü dilbər.

Nə müşkə çəki, nə tirməyə daş var,

Baxdıqca insanın gözü qamaşar.

Dəyərli üzüklər, zümrüd, firuzə,

Brilyant, daş-qaşlar gülümsər üzə.

Qızıldan parlaq tac - zümrüd naxışlı,

Gövhərlə işlənmiş naxışlı, daşlı.

Ətəyi kafurla dolu bir qumaş,

Üstündə parlayır dəyərli daş-qaş.

Kəcavə qatırda zərdi, zivərdi,

Kəcavə çəkənlər qızıl kəmərdi.

Bu qədər zər, zivər, dövlət, yatır var,

Verdi Nüşabəyə xəzinədarlar.

Nüşabə geyindi şahanə xələt,

Necə ki, günəşdən ay alır zinət.

Yenidən əmr etdi böyük İskəndər:

"Hədiyyə alsın hər pəriüz dilbər!"

Verildi adına görə hədiyyə,

Burda geysin deyə, aparsın deyə.

O qədər yükləndi hər gözəl pəri

Çəkə bilməyirdi zəri, zivəri.

Təşəkkür edərək öpdülər yeri,

Sevinclər içində döndülər geri.

Gövhər toplayınca uca mədəndən,

Axıcı xəznətək döndülər şən-şən.

 

 

 

İSKƏNDƏRİN ƏLBÜRZ

DAĞINA GETMƏSİ

 

Ey saqi, qırmızı süddən ver ki, hər

Civəyə əks etsə, ona can verər.

Ver mənə, dönmüşdür qanım civəyə,

Söz düzüm dırnaqdan keçən riştəyə[200].

Ey şəfəq sökmədən oyanan himmət,

Yenə söz saçmağa etmişəm niyyət.

Bu qızıl sözlərlə bir gövhər qurum,

Əlaltı başları daşlara vurum.

Qızılda varmıdır o güc, parıltı.

Mən kimi dindarı etsin əlaltı?

Bəzəkçün yaranmış bu qızıl, gövhər

Bənd olsun, zəncirdir, qəm, kədər verər.

Qorxaraq əyridən, quldur, oğrudan

Varlılar qızılı gömər hər zaman.

Yoxsul ki, hər zaman qızıl düşünər,

Bu istək ona da xəzinə verər.

Indi ki, qızıldan ucadır istək.

Ən yoxsul, ən zəngin kimsədir, demək.

Bu dünya olmuşdur yoxsul dünyası,

Həm özü məsuddur, həm əqrəbası.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [61] [62] [63] [64] [65] [66] [67] [68] [69] [70] [71] [72] [73] [74] [75] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info