Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Kükürddən dörd yanı alışıb yanır.

Bu sirri bilirmiş köhüldə yatan,

Özünü kükürdlə məhv etmiş, inan".

Padşaha, köhülə etdi çox dua,

Çıxarkən üzərlik səpdi alova.

Köhüldən çıxınca axtardı yolu,

Tapmadı, qəlb oldu kədərlə dolu.

Eşitdim, dənizdən bulud qalxaraq

Şiddətli qar səpdi, doldu hər bucaq,

Dünyanı sarsıtdı qarlı bir tufan,

Dərələr, təpələr doldu o qardan.

O qarda sərgərdan qaldı İskəndər,

Qarlı kipriyindən axdı qətrələr.

Qala xalqı xəbər tutunca bundan

Köməkçin axdılar ora hər yandan.

Təpiklə, kürəklə yolu açdılar,

Çox zəhmət çəkdilər, hiylə saçdılar,

Şah yolu tapmaqçın ətrafa baxdı,

Köhülün küncündən zirvəyə qalxdı.

Yaşıl donlu tovuz humay quşundan

Ağ, parlaq sümüyü qapdığı zaman[205]

Səriri taxtına səadət verən

Sərir qalasından enincə şən-şən,

Döndü öz çadırı qurulan yerə,

Yenidən yar oldu bəxt İskəndərə.

Dincəldi dəhşətli zəhmət çəkməkdən.

Mağara yolunu gedib, gəlməkdən.

Düşdü sıxıntıya, düşdü qorxuya,

Özünü ovdurub, daldı yuxuya.

Yatdı, vücuduna rahatlıq çökdü,

Dan yeri ağardı, al şəfəq sökdü.

Yenidən baş vurdu səhər göylərə,

Şəfəq mey camını vurunca yerə.

Bu saxsı torpağa lacivərd fələk

Sarı reyhanlarla vurunca bəzək,

Əmr etdi, şahanə məclis bəzəndi,

Noğulla, şərabla süfrə şənləndi.

Səririn şahını dəvət elədi,

Hörmətlə oturtdu, şəfqət elədi.

Onunla qədəhi aldılar ələ,

Hamı sərxoş oldu o gülgün meylə.

O bəxşiş əlləri açıldı yenə,

Xəzinə axıtdı ev sahibinə.

Həmayil, təxtü tac verdi hökmüran,

Taxtı fil sümüyü, tacı qızıldan.

Ipəkdən don verdi, üstü zər, gövhər,

Sanki bir pərvindir, cavahir çəkər.

Içinə yarımca portağal sığan

Portağal biçimli firuzə fincan.

Yarısı tutulmuş qızıla, lələ,

Nar kimi dolmuş nar danələrilə.

Zümrüddən nərd verdi - üstü əl-əlvan,

Bəzəyi qırmızı, sarı yaqutdan.

Büllurdan bir xonça, günəş kimi şən,

Sanki göy budaqda açmış yasəmən.

Yorğa at, başında qızıldan yüyən.

Yüyənin bəzəyi əlvan gövhərdən.

Ağır yük altında tərləmiş yüz lök,

Tükləri tər-təmiz, həm sağlam, həm kök-

Yük vurmuş o bağlı şeylərdən hələ,

Cavahir batmanla, qızıl xərmənlə.

Rütbəyə münasib verdi hər kəsə

Hər çeşid qəba və zərli əlbəsə.

Verildi o qədər xələt və sərvət.

Sərirli taxtını parlatdı zinət.

Öpdü şah əlini o dönə-dönə,

Sevinclər içində döndü evinə.

İskəndər oradan köç təbli çaldı.

Bayraqlar işıqlı göyə ucaldı.

Səhraya endi o dağlıq yerlərdən,

Dəniz sahilində eylədi məskən.

O çöldə bir həftə ov etdi, artıq

Köçmək məqsədilə gördü hazırlıq.

 

 

 

İSKƏNDƏRİN REY VƏ

XORASANA GETMƏSİ

 

Dur, saqi, o qızıl camı qoyma boş

Ki, Cəmşid, Firidun yadigar qoymuş.

Ver bu saf aşiqə o saf şərabdan,

Məstliklə keçsin bu rəyalı dövran.

Ey könül, nədir bu oyunun hələ?

Hər dəfə çıxırsan yeni bir rənglə.

Nəfsinin ağacı yamyaşıl durur,

Başını burmadan, başını sən bur![206]

Şərabı içməmiş, gözüm, məst olma!

Içsən də, dönərək bütpərəst olma!

Indi ki, zəfəran yemədən şadsan,

Yemə zəfəranı, ölərsən, inan![207]

Olma şahlar kimi yemək düşgünü,

Qorx, səni yaxalar fəlakət günü.

Bu ev ki, qızğın od fışqırır hər an,

Tək laqeyd olanlar qurtulur ondan.

Bərkliklə hər bərklik bir muma dönmüş,

Neft ilə, kükürdlə hansı od sönmüş?

Keçmişi nəql edən o qoca sərvər

Vurur öz nəqşinə belə bir zivər:

Keyxosrov taxtından Xosrov dönüncə

Ordunun içinə getdi ilk öncə.

Bir gün öz taxtında oturdu artıq,

Köçməyə tökürdü tədbir, hazırlıq.

Bir qasid ay kimi girdi içəri,

Qasid adətilə öpərək yeri

Uca şəhriyara açdı çox əsrar,

Anlatdı nə varsa gizlin, aşikar.

"Üzümü qapına sürtmək üçün mən,

Bura at çapmışam Istəxr şəhrindən.

Nayibin var qızğın salamı sizə,

Ixlasla ərz edir xidmətinizə:

- Şərtlər ki, qoymuşdur nayib tikirkən,

O şərtlə yerimdə nayib oldum mən.

O gündən ölkəni almışam ələ,

Inciyən olmamış bir nəfər belə.

Əməl etdim şahın dediklərinə,

Şərtləri yetirdim bütün yerinə.

Şükr olsun, alçaqdan və ya ucadan

Ölkəyə tük qədər dəyməmiş ziyan.

Dönükdür üzü bu namərd fələyin,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [61] [62] [63] [64] [65] [66] [67] [68] [69] [70] [71] [72] [73] [74] [75] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info