Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Hər kim ki, xəzinə və sərvət qoydu,

Üstündə bir nişan və surət qoydu.

Beləydi ruzgarın fəndi, oyunu,

Başqa bir xəyala çevirdi onu.

Ayrı bir tərəfdən Ruma yol aldı,

Xəzinə o yerdə gömülmüş qaldı.

O qədər saz idi ordunun halı

Ehtiyac görmədi alsın o malı.

Açıqda o qədər tapdılar dövlət,

Gizlənən sərvətə olmadı rəğbət.

Səfərdən Yunana basarkən ayaq,

Dünya işlərindən oldular uzaq.

Tikdilər məbədçin ən yüksək bina,

Oldu hər kəs üçün ibadətxana.

Deyrə vəqf edildi gömülən sərvət,

Hər kişi verdi baş rahibə bir xətt,

O xətlə tanrıya, dinə inanan

Axtarıb tapsın hər sərvətdən nişan.

O monastırlarda indiyə qədər

Gömülən sərvətdən qalır sənədlər.

Bunu dini bir borc bilənlər, əlbət,

Məbədə ürəkdən göstərir xidmət.

Sənəddən birisi verilir ona,

Düşür o sərvəti tapmaq yoluna.

Xəzinə açanın gəlsə müjdəsi.

Alar hər xəznədən ayaq kirəsi.

Mənə bəxtim ayaq kirəsi vermiş,

Ayağım xəzinə-içinə girmiş.

 

 

 

İSKƏNDƏRİN DƏRBƏND

QALASINI ALMASI

 

Dur, saqi, mey gətir, versin mənə naz,

Gəncliyi qaytarar, insan qocalmaz.

Əlimdən çıxmışdır bu iki dövlət.

Edirəm küpdəki qana qənaət.

Kim istər yaxşı ad keçirsin ələ

Gərək bu qapıda olsun bir kölə.

Qoysun yaxşılıqda elə təmiz ad,

Bununla sonunu eləsin abad.

Vücuda geyinsin belə bir köynək,

Saxlasın bəladan onu zirehtək.

Hər kim öz sonundan yaxşılıq umar,

Gözəl addan başqa gözəl admı var?

Durma, sən ey uca ad-san bəyənən.

Dünyada yaxşı ad almaq istəsən,

Geyin, yaxşılıqla bir donu parlat,

Başqa əlbəsəni yaxşılıqla sat.

Görməyirsənmi bu müşkü hər zaman

Qara bir ipəkdə saxlayır satan?

Bu yeni xəyala bəzək vuranlar

Ən gözəl adlardan daim dəm vurar:

Gözəl ad çıxardı böyük İskəndər.

Ondan fayda gördü, dərdi çox bəhər.

Yaxşılarla durdu, oturdu hər an,

Yanına yol tapa bilməzdi yaman.

Şahlardan ziyadə böyük İskəndər

Məzluma daha çox salırdı nəzər.

Hər yerdə bir zahid görsəydi, xəlvət

Çapardı yanına, edərdi hörmət.

Hər yerdə çətin-bir döyüş başlardı,

Zahidlərdən kömək, himmət umardı.

İskəndər onunçun üstün gəlirdi,

Daşı firuzədən seçə bilirdi.

Onunla bərabər çarpışan ordu

Bu işdən incidi, üzünə durdu

Dedilər ona: "Ey dünya sarsıdan,

Sən dövlət işinə çalış hər zaman.

Ordudur qazanan uğurlu zəfər,

Sən ancaq zahidə salırsan nəzər.

Dünyanın açarı qılıncdır, əlbət,

Bu zahid kəslərlə nədir bu ülfət?

Zəfərə silahsa zöhd ilə himmət.

Bu nöqsanımızı bizə də öyrət.

Döyüşçün çaparkən bu meydanlara

Biz də zahidlərdən istəyək çara?"

İskəndər dinlərkən əskər sözünü,

Dinmədi, saxladı bundan özünü.

Faydalı görünməz tez cavab vermək,

Hər cavab vaxtında verilsin gərək.

Elə ki, Əlbürzə yol aldı ordu,

Hər yerdə şahdan bir nayib oturdu.

Bu çətin yollarda heç yorulmadan

Ovçu aslan kimi keçdi Şirvandan

Açaraq öz istək qol-qanadını

Oradan Dərbəndə sürdü atını.

O zaman çox abad deyildi şəhər.

Üstündə bir qala vardı mötəbər.

Qalada kök salmış azğın quldurlar,

O yoldan kim keçsə yolunu burar.

Elə ki, İskəndər çadırı qurdu,

Quldurlar çadırı yuxarı vurdu[201].

Qala qapısını bağladı düşman,

Qorxmadı qılıncdan, qılınc vurandan.

Hüzura gəlməkdən baş qaçırdılar,

Itaət ipini bütün qırdılar.

Şah çağırsa belə uca dərgaha,

Heç biri itaət etməzdi şaha.

Onlara dostluqla uzansa qolu

Yenə də gedərkən kəsərdi yolu.

Çarəsiz qalınca çox kədərləndi,

Əzm etdi ortadan qaldırsın bəndi.

Əmr etdi ki, yüz min silahlı əskər

Hasarlı qalaya doğru gəlsinlər.

Yıxsınlar mancanaq, sapan, daş ilə,

Köpürən qan ilə versinlər selə.

Qırx gün o hasarda çalışıb durdu,

Kərpic də qopara bilmədi ordu.

O yüksək qaladan ox qanad salmış,

Nə kəmənd yetişər ona, nə qayış.

Belə sərt görüncə sapın atanlar

Gəlintək qaladan çox utandılar.

Nə hasar araba ona yol tapır,

Nə də mancanaqdan qorxusu vardır.

Yorulub qalınca bu çalışmaqdan,

Bu günbəd üstünə boş qoz atmaqdan.

Sınaqlı İskəndər bir məclis qurdu,

Başçılar gəlincə belə buyurdu:



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [61] [62] [63] [64] [65] [66] [67] [68] [69] [70] [71] [72] [73] [74] [75] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info