Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Firidun və Kəyan rəsmiylə şən-şən,

Dolğun kam alaraq çalğıdan, meydən,

Qoy şərab bir yanğın salsın könülə,

Bişsin hər işimiz bu qan çayilə!

Ayrılaq bir zaman dünya işindən,

Pərvərdə mərcanla bəslənsin bədən.

Mey ilə gül kimi parlayaq belə,

Güllərdən rəng alaq bu kürə ilə.

Saçaq qətrələrdən torpağa ənbər,

Çimsin bu şərabdan güllər, olsun tər".

Pərilər hörmətlə öpdü torpağı,

Şənləndi, ismətdən yandı yanağı.

Məclisdə Nüşabə, o nazlı dilbər,

Sanki dan sökərkən doğmuş bir ülkər.

Ənbərdən gecə şən büsat qurunca

Yayıldı o müşkin saçlar boyunca.

O müşkin saçlardan böyük İskəndər

Bir kəmənd düzəltdi, saçırdı ənbər.

Ayı, Müştərini kəməndlə birdən

Yerlərə endirdi uca göylərdən.

Şənlik gecəsiydi o şanlı gecə,

Pərilər dalmışdı nazlı sevincə.

İskəndər qəlbini çalmaq fikrilə

Istərdi atəşdən parlatmaq şölə.

Padişah əmr etdi: "Tez od qalansın,

Müğlərin rəsmiylə gündür, müşk yansın".

Meydən bir od yaxdı ki, şöləsində

Içənlər yandı öz əlbəsəsində.

Çalğı nəşəsiylə yeyib içdilər,

Gecəni şənliklə etdilər səhər.

Lacivərdə şəncərf vurunca dövran

Samur sarı tülkü doğdu o zaman[190].

Yenidən canlandı şənlik və həyat,

Quruldu sevimli, şahanə büsat.

Çəmənlər yenidən nəşəyə gəldi,

Kəklik və qırqovul cilvəyə gəldi.

Nəğməyə başladı pəriüzlülər,

Günəş mehreganda daha xoş gələr[191].

O gülgun meydən ki, yaquta bənzər,

Gündüzün üzünə səpdilər gövhər.

 

 

 

İSKƏNDƏRİN NÜŞABƏ İLƏ

MƏCLİSDƏ OTURMASI

 

Dur, saqi, şərabdan bir qədəh gətir!

O qızıl çiçəkdən bir fərəh gətir!

Üzümün rəngini şərabla bir tut,

Yaquta bənzətmə, qıl tam bir yaqut!

Firidun şənliyi, Cəmin novruzu

Üzlərdən silmişdi kədəri, tozu.

İskəndər şövkətli taxta oturdu,

Önündə padşahlar boynunu burdu.

Oxuyub çalanlar, şərab və qədəh

O gözəl məclisə verirdi fərəh.

Nüşabə naz ilə hey qədəh alar.

Ortada gəlinlər qol-qola oynar.

Məclisdə Feyləqus oğlu İskəndər

O pəri qızlara salmadı nəzər.

Birinci, nəfsini oda salmazdı.

İkinci, hərəmdə ov ovlamazdı.

Başçılar məclisdə ağır oturdu,

Padşaha hörmətçin mərd kimi durdu.

Göy soyuq, günəşin xeyməsi ocaq,

Yer quru, Cəmşidin yastığı yumşaq[192].

Günəş Dəlv bürcündən çıxdı qırağa,

Girdi Hut bürcünə balıq tutmağa[193].

Pul-puldur dağların ətəyi, qəlbi

Buzlanmış balığın arxası kimi.

Qurd gözlü qasırğa kəsir nəfəsi,

Kürkçünün zəhmətə artmış həvəsi.

Maralın kök budu buzdan qorxaraq,

Aslan sağrısını etmişdi sığnaq.

Buzlamış ceyranın kabablıq budu

Suların bağrına hey duz vururdu[194].

Buludlar o qədər sıx kafur saçmış,

Çinarın qolları ağ çiçək açmış[195].

Bənövşə qönçəsi tumurcuq ikən

Bahar yarpağıtək qar gəlir göydən.

Olmuş gül ağacı yeldən hamilə,

Qarnını doldurmuş çiçəklər ilə.

Ağzını açmadan buzlu nəhrlər,

Otların dodağı süd ətri verər.

Yadlardan gül üzə pərdə çəkəli,

Bülbülün təblini yırtmış dan yeli.

Bülbültək bardaqlar gəlmiş fərəhə,

Kəkliktək ağzından düşməz qəhqəhə.

İçənlərin üzü meydən alıb rəng

Qızarmış, tərləmiş gül yarpağıtək.

İskəndər əmr etdi: "Şənlik eşqinə

Məclisdə bir alov parlasın yenə”.

Yenidən yaraşıq, bəzək vuruldu,

Cənnətə bənzər bir məclis quruldu.

Məclisdə gül kimi bir atəş yanır,

Qibtədən güllərin qəlbi dağlanır.

Odlu tikan tutmuş əldə sarı gül,

Bu, Zərdüşt odunun tikanı deyil.

O müşkin kömürdən axan şölələr

Daşlara əks edən gövhərə bənzər.

Qara rəng kömürlər ki, alovlanır

Xəzinə üstündə yatan ilandır.

Ya qoca insafsız, rəhmsiz məcus

Əmr etmiş həbəşi qarət etsin rus[196].

Hindistandan gəlmiş bir nəfər cadu

Xırmana vurar bir arpadan odu.

Müğ arpa yerinə əkmiş ərğəvan,

Bənövşə düşürmüş biçdiyi zaman[197].

Həbəş müşk aparmış Mazandarana,

Yerinə saf qızıl vermişdir ona.

Ev hindli qadından qana bürünmüş,

Abinus qırmızı söyüdə dönmüş.

Səqlablı atını çapmışdır Çinə,

Bərtasdan bir samur kükrəmiş yenə.

"Bilal"da çıxarmış gözəl bir səda,

Həbəşdə yaşarkən səs verir Rumda.

Onun şən səsinə qara zəncilər

Qəlbindən qan tökür, gözündən zəhər.

Qara qamışlıqdan çıxmış bir aslan,

Uzun barmaqları alovlu oxdan.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [61] [62] [63] [64] [65] [66] [67] [68] [69] [70] [71] [72] [73] [74] [75] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info