Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Çərx kimi burulan yoxuş, keçidlə.

Gördü bir qaladır, alçalar göylər,

Adını davada çəkməmiş bir ər.

Gəlinlər tez şərbət hazır etdilər,

Qatdılar dodaqdan ona gül, şəkər.

Açıldı şahanə gözəl bir süfrə,

Yeməkdən düzüldü adına görə.

Sarayın qızları bənzərdi aya,

Hər yandan padşahı aldı araya.

Dəbdəbə, şövkətə daldı İskəndər,

Dövlətin siması qəlbi cəzb edər.

Şah xörəkdən yedi, şərbətdən içdi,

Qalxınca Keyxosrov taxtına keçdi.

Taxtın ayağına gəldiyi zaman

Hörmətçin tacını aldı başından.

Elə bil səsləndi hər qapı, divar:

"Yuxudan oyandı yatan tacidar".

Sərirli vermişdi belə bir fərman:

"Keyxosrov taxtına çıxsın hökmüran".

O böyük tacidar keçincə taxta,

Bir simürğ oturdu sanki budaqda.

O qızıl sütunlu taxtı güdənlər

Söz xəzinəsindən saçdılar gövhər:

"Padşahın çıxması şahanə təxtə

Hər zaman uğurlu yol açar bəxtə.

Yaqutu ölçən bu gövhər cam ki, var,

Çox saysız sərvətə olmuşdur açar.

Bu dövlət becərən cam və taxt ilə

Çox taxtı və camı alarsan ələ".

O biri dedi: "Ey uca şəHriyar!

Bir ölkə görməmiş səntək tacidar.

Keyxosrov taxtına sən ki oturdun,

Başını fələyin taxtına vurdun".

Incə bir dil açdı başqa bir nəfər:

"Keyxosrov, Keyqubad nə vaxta qədər,

Qolun ki, bu taxtla gücləndi artıq,

Edərsən Keyxosrov və Keyqubadlıq".

Şah bu taxt önündə bəxtiyarlıqla

Gözəl fal vuruldu namidarlıqla.

Padişah bu taxta bəzək, şan verdi,

Ölən Keyxosrova yeni can verdi.

Şah taxtın üstündə oturdu çox az,

Tez taxtı öpərək endi keyfi saz.

Şah taxta o qədər xəzinə saçdı,

Xəznədar gözünü heyrətlə açdı.

Əmr etdi: bir qızıl kürsü qoyulsun,

Xosrovun camı da yanında olsun.

Kürsüyə oturdu adlı tacidar,

Keyxosrov camını ələ aldılar,

Saqi tapşırığı görüncə belə,

Parlatdı o camı qızıl mey ilə.

Verdi İskəndərə qəlbində sevinc:

"Keyxosrov eşqinə bu şərabı iç!

Bəxtinin ulduzu sənə yar olsun,

Qolların bu camla bəxtiyar olsun!"

Şah camı görüncə ayağa qalxdı,

Bir kərrə içərək camı buraxdı.

Cama qolbağından saldı bir gövhər,

Oturdu, önünə qoydu İskəndər.

Yiyəsiz o taxta kədərlə baxdı.

Gözündən şərabsız cama yaş axdı.

Padşahsız, şərabsız, yetimtək duran

Boş taxta. boş cama çəkdi bir dastan:

- Qalmasın qızıl taxt yiyəsiz, yalnız,

Bu cam da olmasın qızıl şərabsız.

Hər qədəh işığı alır şərabdan,

Hər taxta qiyməti verir hökmüran.

Tacidar getdimi, durma, taxtı qır!

Şərabı tökülsə, camı yerə vur!

Padişah taxtında olar sərəfraz,

Cənnətin taxtında naz ilə yatmaz.

Dünyadan cənnətə keçən bir insan,

Bax, belə bir taxtı sanacaq zindan.

Bir quş gülşənindən ayrı düşərkən

Qəfəsi "ac"dandır, toru ipəkdən.

Budaqdan yaşıl tac qoyduğu zaman

Sədəfi, ipəyi çıxarır yaddan.

Biz tac düşgünüyük neçin bu qədər.

Ölüm basqınından tutan yox xəbər?

Xəzan qılıncını görmədiyindən

Qol-budaq ataraq bahar olur şən

Maral sağrısını şişirdən zaman

Bilmir ki, bu yerdən keçəcək aslan.

Cüyürlər çöllərdə oynur, şənlənir.

O qorxunc aslanlar yatmışmı, nədir?

Ahunun göbəyi dolmuş müşk ilə,

Bəbirlərin dişi sınmamış hələ.

Belə bir qəflətlə keçir günümüz,

Bir zaman yanğından qopar ünümüz.

Faydasız olan bu taxt nəyə gərək?

Üstündə başqası ömür sürəcək.

Biz başqa kəslərə yer qızdırırıq,

Bu yerdən utanmaq gərəkdir artıq.

Faydasız bu taxta uyma, saxtadır,

Yerimiz taxt deyil, quru taxtadır.

Bu qızıl taxt deyil, versəniz fikir,

Ayağa vurulmuş ağır kündədir.

Bir taxt ki. əbədi yer deyil sana,

Onu ölməmişkən parçalasana!

Keyxosrov camında qalmamışsa su,

Yerinə mey tökmə, qoy qalsın quru.

 

 

 

İSKƏNDƏRİN KEYXOSROV

MƏQBƏRƏSİNƏ GETMƏSİ

 

Ey saqi, Keyxosrov camını doldur,

Bir cam ki, hər gözə verir işıq, nur.

Dur, ağzına qədər mey doldur ona,

Hörmətlə ver əsrin Keyxosrovuna.

Ey uca şövkətli adil padişah,

Müştəri simalı, asiman pənah!

Keyxosrov qurduğu məclislər hanı?

Taxtında oturan İskəndər hanı?

Onlar öz bürcünü ataraq getdi,

Şövkəti, dövləti sənə tərk etdi.

Dünyada İskəndərtək etsən rəftar,

Sənindir hər buyruq, sənsən tacidar.

Bu dünya adına vurmuşsa sikkə,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [61] [62] [63] [64] [65] [66] [67] [68] [69] [70] [71] [72] [73] [74] [75] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info