Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Gah şəfqət göstərir, gah həsədlə kin.

Çərx ikicanlıdır yaxşı-yamandan,

Ulduz gah dost olur, gah qatı düşman.

Əkilməmiş ağac göyərmiş Reydən,

Söyləyir: Keykavus nəslindənəm mən!

Yırtıcı bir divdir, dəhşət yaradır,

Ölümə əjdaha kimi can atır.

O ceyran otaran çobanlar belə

Çomağın yerinə ox almış ələ[208].

Bel ilə işləyən götürmüş kaman,

Belçilər olmuşdur silah daşıyan.

Bu azğın özünü sanır Əhrimən,

Hər yerə çatırsa qoparır şivən.

Söyləyir: mənimdir bu tac, bu ölkə,

Namusa rəng ilə vurur bir ləkə.

Başında yığıntı saysız əskər var,

Dənizin suyundan toz çıxarırlar.

Bəxtinə güvənib, olmuş qəhrəman,

Meydanda bir nəfər yox qarşı çıxan.

Özünü kim tutsa şaha bərabər,

Başıyla sərvəti əlindən gedər.

Ona yüyən çəkir Xorasan xalqı,

Döyüşə aparır bu üsyan xalqı!

Bəlx ilə Nişabur boyu hər yerdə

Iştirak edirlər bu şurişlərdə.

Bu fitnə başçısı hazırlıq görür,

Taxtının durduğu yerə yürüyür.

Kini qızğın olan belə fitnəyə

Baxma çox yüksəkdən, alçaqdır, deyə.

Kiçikdən ən böyük bir fitnə doğur.

Hər qurdun sümüyü ayağa oxdur[209].

Bu fitnə yaşasa uzun bir zaman,

Padşahlıq işinə əl atar, inan.

Buludtək ayının almasan üstün,

Taxtını qılıncla alacaq bir gün.

Bir tərlan qayışı açsa ayaqdan,

Kəklik qol-qanaddan düşər o zaman.

Qüvvətli ordum yox ki, dava günü

Çıxarım düşmənin xain gözünü.

Ölkədə qalmamış adlı igidlər,

Hamı şah yanında bəndəlik edər.

Odur ki, artdıqca tamahı, öcü,

Qolu qüvvətlənir. Yox olsun gücü!

Yalnız şəhriyarın yel kimi qopan

Ordusu götürər bu tozu yoldan!"

Qasid öz sözündə hünər yaratdı,

Məktubda olanı sözlə anlatdı.

Ən gizlin əsrardan, yaxşı, yamandan

Məktubda nə varsa, elədi bəyan.

O aslan ürəkli, o fil gövdəli

Çəkdi öz-özünə bu xoş məsəli:

"Burda Keyxosrovun taxtı altımda,

Orda bir başqası mənim taxtımda.

Bənzər o dastana bu tac, taxt, ordu:

"Hindudən sərvəti çalar bir hindu[210].

Bu yerdə dayanmaq yaramaz daha,

Gecikmək düşməni edər əjdaha".

Padşahın ordusu göymüdür, nədir?

Durmadan hər zaman hərəkət edir.

O karvanbaşıdır, dünya bir karvan,

Artırdı karvanın yükü hər yandan.

Yük ilə dolmuşdu hər yer, hər guşə,

O yerdə qarışmış bu iş o işə.

Yalnızca edərdi hər işə çara,

Böyük bir arxaydı sığınanlara.

Hər kimi öz bəxti etsə cahangir,

Elə bir ayağa yaramaz zəncir.

Şəhriyar yerindən hərəkət etdi,

Sahillər boyunca yol alıb getdi.

Aydan da yuxarı ucaldı bayraq,

Bisütun kimi bir sütun vuraraq.

Həm gözəl ov vardı, həm gözəl ovlaq,

Getdi yol uzunu ov ovlayaraq.

Salxımlar əyilmiş ağırlığından.

Köklükdən tərpənə bilməyir ceyran.

O qədər sel axdı çayın gözündən,

Silindi toz, torpaq dünya üzündən.

Coşmuşdu şimşəkli neysan buludu,

Ildırım salmışdı müdhiş gurultu.

Göyərti kök salmış qara torpağa,

Rəqs üçün baş əyir yarpaq yarpağa.

Kəskin naləsiylə yırtdı bülbüllər

Gülün köynəyini göbəyə qədər.

Sədbərgin üstündə duran qızıl gül

Yaqut nallı ata minmiş elə bil.

Tut ilə yarpağı, bu iki novbər

Halvadan, inəkdən verirdi səmər.

Yer sarı, sular göy geyinmiş, demək,

Yarı göy, yarısı sarı bir ipək.

Çöldə çöl xalqına şeyda bülbüllər

Sazdan da incə, xoş bir şərqi söylər.

Hər arpa bir düyün vurmuş kəmərə,

Biçin salamı var əkinçilərə.

Qarnını böyüdür dağda ceyranlar,

Qurdlarsa dişini etmişdir mişar.

Budunu doldurmuş ətli marallar,

Çöldə dağ öküzü dağlara qalxar.

Yenicə doğan şux ceyranlar belə

Çölləri doldurmuş öz balasiylə.

Şah ovla, çalğıyla, qədəhlə yekdil

Yolları biçirdi hey mənzil-mənzil.

Ay yeni doğmuşdu gülpic şəklində.

Getdikcə xalxaltək olunca girdə,

Halqa pərgarından çıxdı İskəndər,

O yerə indi "Zər-xalxal" deyirlər.

Buludtək Gilana atıldı ordan,

Sanki bir meşəyə girdi bir aslan.

Önünə çıxarkən bir atəşkədə,

Ondan buz yaratdı atəşpərəstə[211].

Elə ki, hirbüdün qırdı belini,

Ortadan silindi Zərdüşt ayini.

Əzm etdi düşmənə yolu kəsməyə,

Gilandan birbaşa tərpəndi Reyə.

Hər atəşpərəstə verdi çox cəza,

Qalın tüstülərlə doldu göy, fəza.

Eşitdi: gəlmişdir o qızmış aslan,

Tülkütək oldu bir deşikdə pünhan.

Qaçaraq Xorasan səmtinə getdi,

Rey padşahının gözündən itdi.

Padişah eşitdi: o azğın düşman



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [61] [62] [63] [64] [65] [66] [67] [68] [69] [70] [71] [72] [73] [74] [75] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info